23 Dekabr 2024, Bazar ertəsi

Aparılan araşdırmalar, qaynaqlar və müxtəlif tədqiqatçılar təsdiq edir ki, Naxçıvanda orta əsrlər dövründə bir sıra sənətkarlıq sahələri inkişaf etmişdir. Bunu təsdiq edən ən mühüm qaynaqlardan biri də o dövrdən günümüzədək gəlib çatmış sənətkarlıq nümunələridir. Bəhs olunan zaman çərçivəsində hər bir dövrün özünəməxsus sənət əsərləri yaranmışdır. Həmin sənət əsərlərinin əksəriyyəti muzeylərdə, tarixi yerlərdə, şəxsi kolleksiyalarda mühafizə edilərək saxlanılmaqdadır. 

Tarix elmləri doktoru T.Dostiyev yazır ki, IX-X əsrləri Azərbaycan şəhərlərinin kiçik qala-şəhərlərdən iri siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni-dini mərkəzlərə çevrilməsi dövrü hesab etmək mümkündürsə, XI-XII əsrləri şəhər həyatının yüksəlişi, çiçəklənməsi dövrü adlandırmaq olar. İctimai əmək bölgüsü baxımından şəhər kəndin əksi olaraq, sənətkarlıq məhsulları istehsalı, ticarətlə bağlı əməyin və zehni əmək fəaliyyətinin cəmləşdiyi məkan idi. Orta əsrlərdə Azərbaycan şəhərlərinin, o cümlədən Naxçıvanın inkişafının iqtisadi əsasını sənətkarlıq və ticarət təşkil edirdi. O dövrdə Azərbaycanın digər inkişaf etmiş şəhərlərində olduğu kimi, Naxçıvanda da sənətkarlar – əsnaflar sex (emalatxana) təşkilatlarında birləşirdilər. Təbii ki, sənətkarlıq sahələrinin yüksək səviyyədə inkişafı onların təşkilatlarının mərkəzləşməsinə gətirib çıxarmışdı. Aparılan araşdırmalardan bəlli olur ki, bəhs olunan dövrdə Naxçıvanda böyük sənətkarlar zümrəsi formalaşmışdı. Bunu günümüzədək gəlib çatmış tarix-mədəniyyət abidələri, muzeylərimizdə saxlanan çoxsaylı arxeoloji tapıntılar, vaxtilə insanların məişət həyatında istifadə etdiyi əşyalar, həmçinin dünyanın bir çox ölkələrində nümayiş etdirilən xalqımıza məxsus sənətkarlıq nümunələri təsdiq edir.

Şəhər həyatındakı dəyişikliklər, sənət sahələrinin inkişafı sənətkarların ictimai və siyasi rolunun nisbətən artmasına gətirib çıxardı. Orta əsrlər dövründə Azərbaycanın böyük şəhərlərində, o cümlədən Naxçıvanda əsas istehsaledici qüvvə sənətkarlar idi. Sənətkarlar, əsasən, üç qrupa bölünürdü: fərdi fəaliyyət göstərən, xüsusi təşkilatlarda (əsnaflarda) birləşmiş və iri feodal emalatxanalarına (karxanalara) mənsub olan sənətkarlar. Onlar evlərdə işləməklə bərabər, emalatxanalarda da birləşirdilər. Sənətkarlıq emalatxanaları, əsasən, karvansaray və bazarlarda yerləşirdi.
Naxçıvanda Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə müxtəlif sənətkarlıq məhsulları istehsal edilirdi. Bu da həmin məhsulların istehsalında əmək bölgüsünün daha da dərinləşməsinə, sənətdaxili ixtisaslaşmanın genişlənməsinə, sənətkarların peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olurdu.
Bu dövrdə dəmirçilikdə sənətdaxili ixtisaslaşma nəticəsində əmək aləti hazırlayan mütəxəssis ustalar yetişirdi. Həmçinin digər sənət sahələrində də bu ixtisaslaşma müşahidə olunurdu. Məsələn, qalayçılıq bilavasitə misgərlik sənəti ilə əlaqəli idi. Lakin qalayçılıq xüsusi sahə kimi fəaliyyət göstərir, qalayçılar şəhər misgərxanalarında çalışır və yaxud kəndlərə gedib əhalinin mis qablarını qalaylamaqla məşğul olurdular. Bəzək istehsalında şəhər zərgərləri xüsusilə fərqlənirdi. Gön­işləmədə dabbaqlarla yanaşı, xəz-dəri işləyənlər, sərraclar, çəkməçilər, çustçular, başmaqçılar, pinəçilər və digərləri çalışırdılar. Naxçıvan diyarında maldarlığın geniş yayılması burada gön və dəri işləmə üzrə sənətkarlığın inkişafı üçün əlverişli zəmin yaratmışdı. Dərzilər arasında papaqçılar, palançılar, kürkçülər mövcud idi. Toxuculuq və xalçaçılıqla əlaqəli şəkildə boyaqçılar fəaliyyət göstərirdi. Daşişləmə sahəsində memarlar, bənnalar, həkkaklıqla məşğul olan ustalar var idi. Naxçıvan ustaları tərəfindən hazırlanan məmulatlar təkcə Azərbaycanda deyil, hətta onun hüdudlarından kənarda da şöhrət tapa bilmişdi.
Son orta əsrlər dövründə Naxçıvan diyarında əhəmiyyətinə görə ikinci şəhər sayılan Ordubadda da sənətkarlıq inkişaf etmişdi. Bölgədə boyaqçılıq, dəriaşılama və dulusçuluq başqa sənət sahələrinə nisbətən daha geniş yayılmışdı. Burada səkkiz dəri aşılayan, iki keçəçi, bir dulusçu dükanları, bir boyaqxana fəaliyyət göstərirdi. Ümumiyyətlə, Ordubad şəhərində 30 sənətkar dükanı var idi. Yerli əhalinin verdiyi məlumatlara görə, həmin sənətkarlar, əsasən, Ordubad bazarının yerləşdiyi ərazidə fəaliyyət göstərmişlər. Ticarətdə olduğu kimi, sənətkarlığın da mərkəzi bazar idi. Məhz buna görə də sənətkar dükanlarının bir hissəsi bazarda cəmləşmişdi. XII əsrdə Naxçıvanda olan 1000 dükandan 450-si və bir neçə gön emalatxanası bazarda idi. Sənətkarların və tacirlərin bir bazarda cəmləşməsi yerli hakimlərin daxili siyasətinə uyğun gəlirdi, çünki belə olduqda tacir və sənətkarlara dövlətin nəzarəti daha asan olur, fərdi sənətkarlar öz mallarını istədikləri kimi sata bilmir və vergi toplanması işi də asanlaşırdı.
Xanlıqlar dövründə də Naxçıvan şəhərindəki 279 sənətkar emalat­xanasından 31-i karvansaraylarda, 248-i isə bazarda yerləşirdi. Naxçıvan şəhərində sənətkarlıq emalatxanalarının məhəllələr üzrə yerləşməsi vəziyyətinə də diqqət yetirsək, görərik ki, sənətkarların ayrı-ayrı məhəllələr üzrə bölgüsü də müəyyən maraq doğurur. Həmin bölgülərdən aydın olur ki, sənətkarların böyük əksəriyyəti Naxçıvanın köklü sakinləri olub, əsasən, onun qədim məhəllələrində məskunlaşmışdılar. Məsələn, Naxçıvan sənətkarlarının 97-si Əlixan, 91-i Şahab, 56-sı isə Sarvanlar məhəllələrində yaşayırdılar.
Naxçıvanda sənətkarlıq mərkəzlərindən danışdıqda ən əvvəl hələ qədim dövrlərdən meydana gəlmiş daşyonma sənətini xüsusi qeyd etmək lazımdır. Naxçıvanda bu sənətin yüksək səviyyədə inkişafı orta əsrlər dövründə bölgədə bir çox daşyonma mərkəzlərinin yaranmasına səbəb olmuşdu. Bunu bölgədə uzun müddət fəaliyyət göstərmiş daşyonma və ya daş üzərində işləmə mərkəzləri də təsdiq edir.

Sara HACIYEVA
tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR