Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazır- cavablar klubları arasında müsabiqə keçirilib.
Müsabiqədə hər təhsil müəssisəsindən bir komanda iştirak edib və hər komanda 15 dəqiqəlik bir səhnəcik nümayiş etdirib. Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar daha çox gənclərlə bağlı mövzulara üstünlük verilib. Müsabiqə qaliblərini müəyyənləşdirmək üçün ali və orta ixtisas təhsili müəssisələrinin hər birindən 1 nəfər müəllim olmaqla, 5 üzvdən ibarət münsiflər heyəti müəyyənləşdirilib.
Sonda münsiflər heyətinin qərarı ilə Naxçıvan Dövlət Universitetinin “Karvan” komandası qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin “Güc birlikdədir” və Naxçıvan Müəllimlər İnstitutunun “Təbəssüm” komandaları ikinci və üçüncü yerlərə layiq görülüblər.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti