23 Dekabr 2024, Bazar ertəsi

Dekabrın 2-də Naxçıvan şəhərindəki Hüseyn Cavid məqbərəsinin qarşısında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və “Cabir Novruz” Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Qonaqlar əvvəlcə ümummilli ­lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev açaraq “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 may tarixli Sərəncamının əhəmiyyətindən danışıb, ölkəmizdə ədəbiyyata, şair və yazıçıların yaradıcılığına göstərilən dövlət qayğısını diqqətə çatdırıb.
Bildirilib ki, həyat və gözəllik aşiqi olan Mikayıl Müşfiq ədəbiyyatda, həyatda bir şimşək ömrü yaşadı. Ancaq qısa zaman kəsiyində gözəl şeirləri, poemaları, mənzum nağılları, tərcümələri, bir sözlə, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda parlaq, dərin iz qoydu. Onun sevgi, gözəllik, sədaqət, sosial və mədəni məsələlərə həsr etdiyi şeirləri bu gün də sadəliyi, bədiiliyi, axıcılığı, gözəlliyi ilə seçilir və böyük oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunur. Dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələri ilə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirən Mikayıl Müşfiq əsərlərinin başlıca keyfiyyətləri forma yeniliyi, məzmun genişliyi, romantik əhval-ruhiyyə və yüksək həyat eşqidir. Bu tədbirin ümummilli liderimiz Heydər Əliyev tərəfindən repressiya qurbanlarına əbədi ehtiram nümunəsi kimi ucaldılan Hüseyn Cavid məqbərəsi önündə keçirilməsi milli-mənəvi irsimizə, ədəbiyyatımıza qayğının davamı kimi böyük məna daşıyır.
Qeyd edilib ki, bu gün anadan olmasının 110 illiyi Naxçıvan tor­­pağında qeyd olunan nakam ­taleli şairimiz Mikayıl Müşfiq ömrünün və yaradıcılığının çiçəklənən dövründə sovet imperiyasının repressiya qurbanlarından birinə çevrilsə də, əbədiyyət qazanan xoşbəxt taleli şairdir. Ölümündən 80 il keçməsinə baxmayaraq, xalqımız bu gün də Mikayıl Müşfiqi tü­kənməz bir məhəbbətlə sevir və ­sevəcək.
“Cabir Novruz” Mədəniyyət Fondunun nümayəndəsi, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə çıxış edərək vurğulayıb ki, sağlığında şairin on kitabı işıq üzü görüb. “Çağlayan” adlı sonuncu, on birinci kitabı şair bəraət aldıqdan sonra çap edilib. Mikayıl Müşfiqin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
Vurğulanıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnən Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Nə qədər ki dünyada sevgi, məhəbbət var Müşfiq poeziyası da yaşayacaq.
Qeyd olunub ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
Qafar Əsgərzadə “Cabir Novruz” Mədəniyyət Fondu adından tədbirin doğma Naxçıvanda keçirilməsinə şərait yaratdığına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.
Daha sonra filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimli “Mikayıl Müşfiq poeziyası ədəbi-tarixi yaddaş işığında”, filo­logiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Gənc şairin böyük sənətkarlığı” mövzularında çıxış ediblər. “Cabir Novruz” Mədəniyyət Fondunun nümayəndəsi, Əməkdar müəllim Nəcməddin Mürvətov və Mikayıl Müşfiqin yaxın qohumu Vahab İsmayılzadə çıxış edərək şairin şeirlərindən nümunələr səsləndiriblər.
Sonda kompozisiya göstərilib. Kompozisiyada Əhməd Cavad obrazını Azərbaycan Respublikasının Xalq artisti Nürəddin Mehdixanlı, Müşfiq obrazını gənc aktyor Toğrul Rza, Hüseyn Cavid obrazını Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy ifa ediblər. Sonra Azərbaycan Respublikasının Əməkdar artisti Rəşad İlyasovun ifasında musiqi nömrələri dinlənilib.
Tədbir iştirakçıları Hüseyn Cavidin ev-muzeyini də ziyarət ediblər.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR