Dekabrın 10-da Şahtaxtı kəndindəki Şahtaxtinskilər Muzeyində görkəmli maarifçi və dilçi Məhəmməd ağa Şahtaxtlının anım günü ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq görkəmli maarifçi və dilçi Məhəmməd ağa Şahtaxtlının Azərbaycanda maarifçiliyin inkişafında xüsusi xidmətlərindən, XX əsrin ilk Azərbaycan qezeti – “Şərqi-Rus”un yaradıcısı olmasından danışıb.
Bildirilib ki, Məhəmməd ağa Şahtaxtlının xatirəsinin əbədiləşdirilməsi və yubileyinin qeyd edilməsi üçün son illər muxtar respublikamızda da mühüm işlər görülüb. Ali Məclis Sədrinin “Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” 2006-cı il 27 fevral tarixli Sərəncamından sonra böyük alimin əsərləri kitab halında nəşr olunub, xatirəsi əbədiləşdirilib.
Sonra Məhəmməd ağa Şahtaxtlının həyat və fəaliyyəti ilə bağlı çıxışlar dinlənilib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.
Əli RZAYEV