Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Evində rayon ictimaiyyəti ilə muxtar respublikada yaşayıb-yaradan yazıçı və şairlərin görüşü və cari ildə çapdan çıxmış yeni kitabların təqdimatı keçirilib.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev açaraq muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafında həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Qeyd olunub ki, Naxçıvan şəhəri, həmçinin muxtar respublikamızın bütün rayon mərkəzləri və kəndlərimiz gündən-günə abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Muxtar respublikamızın belə uğurlu inkişafı hər bir naxçıvanlını ürəkdən sevindirir, qurub-yaratmağa həvəsləndirir. Bu proses həm də yaradıcı sənət adamlarının ilham mənbəyinə çevrilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar çıxış edərək bildirib ki, görüşün keçirilməsində məqsəd son illərdə muxtar respublikada geniş vüsət alan inkişaf və tərəqqi haqqında söhbət açmaq, bu prosesin ədəbiyyatda salnaməsini yaradan qələm sahiblərinin fəaliyyəti barədə danışmaq, onların işıq üzü görən kitablarını rayon ictimaiyyətinə təqdim etməkdir.
Vurğulanıb ki, 14 il bundan əvvəl yaradılan, muxtar respublikamızın ən gənc rayonu hesab olunan Kəngərli rayonunun timsalında biz qədim diyarımızda həyata keçirilən böyük uğurlu siyasətin aydın mənzərəsini görə bilərik. Muxtar respublikamızın hər bir bölgəsi kimi Kəngərli də böyük abadlıq, quruculuq işləri ilə əhatə olunub.
Sonra söz tədbirdə iştirak edən qələm sahiblərinə verilib. Muxtar Məmmədoğlu, İbrahim Yusifoğlu, Əbülfəz Ülvi, Elxan Yurdoğlu, Zeyqəm Vüqar, Yadulla Zaman muxtar respublikada yaradıcı insanlara göstərilən dövlət qayğısından danışıblar. Qədim diyarımızın bugünkü inkişaf və tərəqqisinin onlar üçün ilham mənbəyi olduğunu və bunu öz əsərlərində qələmə aldıqlarını qeyd ediblər.
Tədbirdə muxtar respublikada yaşayıb-yaradan yazıçı və şairlərin 2018-ci ildə işıq üzü görmüş kitabları barədə söhbət açılıb və həmin kitablar iştirakçılara təqdim edilib.
Xəbərlər şöbəsi