“Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”
UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib
Xalqımıza məxsus olan, yüz illər, min illər yol keçib gələn adət-ənənələr, folklor nümunələri bu gün də yaşadılır. Laylalar, oxşamalar, bayatılar, əfsanələr, rəvayətlər müxtəlif dövrlərdə və mərasimlərdə yaradılaraq, el-el, oba-oba gəzib dolaşaraq xalqımızın əvəzsiz mənəvi dəyərlərinə, milli kimliyinin rəmzinə çevrilib. Muxtar respublikada bu qiymətli sərvətin daha geniş tədqiqi və təbliği onu gələcək nəslə olduğu kimi çatdırmaq məqsədi daşıyır. Ali Məclis Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamı milli dəyərlərimizə, xalqımızın əsrlərboyu yaratdıqlarına, folklora böyük diqqət və ehtiramın ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə yallı sənətinin öyrənilməsi, yaşadılması və təbliği məqsədilə kompleks tədbirlər həyata keçirilib. Yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. 21 yallı qrupunun fəaliyyət göstərdiyi muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılıb, ansamblın ifasından ibarət kompakt disklər hazırlanıb. Bu xalq yaradıcılığı növünün kütləvi təbliği məqsədilə 2014-2016-cı illərdə yallı festivalları keçirilib.
Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü “Kitabi-Dədə Qorqud” dastanlarında sözlə, fikirlə, yallılarda isə ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü də xüsusi məna və məzmun daşıyır. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, milli həmrəyliyini və sülhpərvərliyini özündə yaşadır.
Tədqiqatçıların fikrincə, yallı 8-10 min il bundan əvvəl yaranıb. Heç şübhəsiz ki, onun yaranması yazılı mədəniyyətin formalaşmasından əvvəlki dövrlərə təsadüf edib. İlkin yallılar oda, atəşə pərəstiş dövründə yaranıb, od-ocaq ətrafında toplanan mərasimlərdən ibarət olub. Bu deyilənləri tariximizin ən böyük daş kitabələri olan Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində də görmək mümkündür. Xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”. Bu gün şöhrəti dünyanı dolaşan Şərur yallıları da hər yerdə maraqla izlənilir.
Şərurda ilk yallı qrupu 1924-cü ildən fəaliyyət göstərir. Həsənbəy adlı yengicəli bir ziyalı öz həmkəndlilərini, rayonun digər yaşayış məntəqələrinin istedadlı gənclərini başına toplamış, unudulmaqda olan yallılarımıza yeni nəfəs vermiş, səhnəyə çıxarmışdır.
1937-ci ildə Cəlilkənd Seçki Dairəsindən SSRİ Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülən, seçiciləri ilə görüşdə Şərur yallılarını xüsusi heyranlıqla izləyən Üzeyir Hacıbəyovun təşəbbüsü ilə 1938-ci ildə “Şərur” Yallı Ansamblı Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə dəvət alır və burada böyük uğur qazanır. O vaxtdan yallı ansamblı tez-tez muxtar respublikanın şəhər və rayonlarına, kəndlərinə qastrola çıxır, bayram tədbirlərində rəngarəng proqramlarla çıxış edir.
Kollektiv dünyanın bir çox ölkələrində keçirilən festivallarda iştirak edərək diplom və mükafatlara layiq görülüb. 1970-ci ildə Bakı şəhərində keçirilən “Naxçıvan mədəniyyəti günləri”ndə muxtar respublikanı təmsil edən kollektivlər sırasında bu ansambl da olub. Respublika Sarayındakı yekun tədbirdə iştirak edən ulu öndər Heydər Əliyev konsertdən sonra səhnə arxasında ifaçılarla söhbət edərkən bu ansamblın çıxışından razı qaldığını bildirib, tövsiyə və tapşırıqlarını verib: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir... Yallını qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır”, – deyib.
1972-ci ildə Almaniya Demokratik Respublikasında keçirilən Ümumdünya folklor festivalı ansamblın üzvləri üçün yaddaqalan olub. Ansamblı beynəlxalq əhəmiyyətli tədbirə məşhur rəqqasə, Azərbaycan Respublikasının Xalq artisti Əminə Dilbazi hazırlayıb. O, öz xatirələrində yazırdı: “Məndən soruşdular: SSRİ-ni Almaniyada hansı folklor kollektivi təmsil edə bilər? Qərara gəldik ki, Naxçıvan yallısını aparaq. Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda, Şərur torpağındadır... Biz Almaniyaya elə bir folklor nümunəsi aparmalıydıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi...”
Uğurlu çıxışlarına görə ansambl festivalın laureatı adını qazanır. Həmin il ansambl Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunur, kollektivə “Xalq Yallı Ansamblı” statusu verilir. Məhz o dövrdə ümumittifaq televiziyası tərəfindən “Şərur yallısı” sənədli filmi çəkilir.
Bu gün də kollektiv kənd-kənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayaraq repertuarını daha da zənginləşdirir. Hazırda onların proqramında “Köçəri”, “Tənzərə”, “Qaladan-qalaya”, “Tello”, “Xələfi”, “Dördayağı”, “Urfanı”, “Qazı-qazı”, “Tirməşal”, “Dönə-dönə”, “Hoynəri”, “Gülümey”, “Haxışta” və sair kimi 40-dan artıq yallı rəqsi vardır.
Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Kimya Babayeva 1979-cu ildən taleyini bu kollektivə bağlayıb, “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, Prezident mükafatına layiq görülüb. O, 2005-ci ildən “Şərur” Xalq Yallı Ansamblına rəhbərlik edir. Kimya Babayevanın dediklərindən: – Şərur yallılarının şöhrətlənməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. O, bu ansamblın fəaliyyəti ilə daim maraqlanır, qayğısını əsirgəmirdi. Dahi şəxsiyyət hər zaman yallılarımıza böyük maraqla tamaşa edir, kollektivə mənəvi dayaq olurdu. “Şərur” Xalq Yallı Ansamblı bu gün də diqqət və qayğıdan kənarda deyil. Bu qədim ansambl haqqında Ali Məclisin Sədri yüksək fikir söyləmişdir: “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”.
Göstərilən diqqət və qayğı “Şərur” Xalq Yallı Ansamblının daha böyük uğurlar qazanmasına zəmin yaradır.
Xalq Yallı Ansamblı Almaniya ilə yanaşı, 1984-cü ildə Polşada, 2001-ci ildə Misirdə keçirilən beynəlxalq folklor festivallarının da laureatı olub. Ansambl 1980-ci ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, 1987-ci ildə Türkiyədə keçirilən folklor bayramında, 1998-ci ildə həmin ölkədə təşkil olunan “Dədə Qorqud festivalı”nda maraqlı konsert proqramları ilə çıxış edib. 2001-ci ildə Misir Ərəb Respublikasında “Qızıl açar” mükafatına layiq görülmüş ansambl 2002-ci ilin iyun ayında İstanbulun böyük rayonlarından biri olan Pendikdə keçirilən mədəniyyət və incəsənət bayramında öz ustalıqlarını bir daha nümayiş etdiriblər. “Şərur” Xalq Yallı Ansamblı 2005-ci ilin may ayında İstanbul şəhərində keçirilən folklor festivalında 57 ölkəni təmsil edən kollektivlər arasında birinci yeri tutub, festivalın mükafatı və diplomu ilə təltif olunub. 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ilə bağlı Moskvada keçirilən Naxçıvan günlərində Şərurun yallı kollektivi öz məharətini göstərib. Kollektivin üzvləri 2010-cu ilin iyul ayının əvvəllərində Ərdahan vilayətində “Atatürkün izində, kölgəsində Damal şənlikləri” festivalında da müvəffəqiyyətlə iştirak ediblər. Kollektiv 2010-cu ilin avqust ayında Türkdilli xalqların mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq təşkilatı TÜRKSOY-un dəstəyi və Türkiyənin Ağrı şəhər valiliyinin təşkilatçılığı ilə keçirilən “Ağrı mədəniyyət və sənət günləri” tədbirindən də mükafatla qayıdıb.
2012-ci ildə Masallıda keçirilən beynəlxalq folklor festivalına qatılan ansambl 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı Polşa Respublikasının Krakov şəhərində keçirilən tədbirdə, 2015-ci ildə Respublika Günü münasibətilə qardaş Türkiyənin Qars şəhərində çıxış edib. Həmin il Salyan şəhərində Muğan Babazanlı abidələrinin 2 min 800 illik yubileyində də Şərur yallıları alqışlarla qarşılanıb. Ümumiyyətlə, səsi-sorağı dünyanı dolaşan Şərur yallılarının uğurlarını sadalamaqla qurtaran deyil.
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, iki dəfə Prezident mükafatçısı olan Səttar Əhmədov:
– Kollektivə müxtəlif illərdə məşhur rəqs ustası və baletmeysterlərdən Əlibaba Abdullayev, Əminə Dilbazi, Roza Cəlilova, Aliyə Ramazanova və Əli Əşari yaxından kömək edib və rəqqasların ustalığının, ifaçılıq texnikasının artırılmasına, repertuarın zənginləşməsinə köməkliklərini əsirgəməyiblər. Kollektivin tərkibinə istedadlı gənclərin cəlb edilməsində, qədim yallı və rəqslərimizin toplanmasında və repertuarın zənginləşdirilməsində yerli bədii rəhbərlərin də əməyi mühüm əhəmiyyət kəsb edir. Müxtəlif illərdə rayonun tanınmış incəsənət adamları Bahaddin Əsgərov, Vasif İbrahimov, Əli Əsgərov, Səfər Qəhrəmanov, Yusif Həsənov, Nərminə Seyidova – bu siyahını uzatmaq da olar – ansamblın bədii rəhbəri işləyiblər. İndiki nəslin yaddaşında Azad Ramazanov, Rəna Əliyeva, İsa Mustafayev, Mirmahmud Seyidov, Çinarə və Kəmalə Babayevalar və digərləri gözəl yallı ifaçısı kimi qalıb. Kollektivi vaxtilə tulumda Məmməd Yaqubov, zurnada Hatəm Məmmədov və Nəsrulla İsmayılov, nağarada isə Eldar Nəcəfov müşayiət ediblər.
Ansamblın bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Əfsər Novruzov deyir ki, biz kənd-kənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayır, öyrənir, repertuarımızı daha da zənginləşdiririk. Ömürlərinin ahıl çağını yaşayan insanlarda xeyli bilgilər var. Onların köməyi ilə unudulmaqda olan 4-5 yallı bərpa edilib. Hazırda isə repertuarımızda ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqs özünə yer tutub. Hər il ansambla istedadlı gənclər qəbul edilir. Onlar Şərur yallılarını dünya xalqlarına tanıtdıran və sevdirən keçmiş ifaçıların yolunun layiqli davamçılarıdır.
Ağsaqqallardan ibarət “Nurani” ansamblı, uşaqlardan təşkil olunmuş “Şərur qönçələri”, eləcə də “Şərur” yallı kollektivləri son illər muxtar respublikamızın müxtəlif rayonlarında yaradılan yallı ansamblları üçün bir təcrübə məktəbi rolunu oynayırlar.
Yallı təkcə musiqi və rəqs növü deyil. O, qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla yanaşı, xalqımızın həm də bugünkü varlığıdır. Məhz bu mənəvi sərvətlərimiz ilə milli varlığımızı qoruyub saxlaya bilirik. Şərur yallı kollektivləri də muxtar respublikamızın folklorunu qoruyur, yaşadır, onu dünyaya tanıdırlar. Kollektiv üzvləri xalqın nadir incilərinin daim yaşaması üçün təcrübələrini böyük səy və həvəslə öyrədirlər.
Bu günlərdə milli dəyərlərimizin tərkib hissəsi olan yallılarımızı yaşatmaq, dünyada təbliğ etmək istiqamətində daha bir əhəmiyyətli uğur qazanılıb. Ali Məclis Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. Nəticədə, 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş Qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi bu qədim xalq yaradıcılığı ilə məşğul olanların ikiqat sevincinə səbəb olub. Bu, dünyanın qədim yaşayış məskənlərindən biri – Şərurun zəngin folklor örnəklərindən olan yallının buranın qədim rəmzi olduğunu dünya miqyasında bir daha təsdiqlədi.
Ölkəmizin qədim və tarixi diyarı olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə, xalq yaradıcılığına dünya miqyasında işıq salınması və tanıdılması, bu ənənələrin UNESCO səviyyəsində qorunması, Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısının alınması bütün naxçıvanlılarda sevinc və qürur doğurmaqla yanaşı, Şərur rayonunun yallı kollektivlərini də yeni yaradıcılıq uğurlarına ruhlandırıb. Muxtar respublikada yallılarımızın yaşadılması, tədqiqi və təbliğinə Şərurun yallı kollektivləri bundan sonra da sənət uğurları ilə öz töhfələrini verəcəklər.
Elman MƏMMƏDOV
Ramiyyə ƏKBƏROVA