Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Universitetində rəssamın xatirəsinə həsr olunmuş sərgi təşkil edilib.
Sərgidə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yaradıcılığında realizmə üstünlük verən, dünyanın mütərəqqi ənənələrini davam etdirən, boyakarlığın müxtəlif janrlarında ciddi yaradıcılıq uğurları ilə seçilən rəssam haqqında danışıb.
Təsviri incəsənət kafedrasının müdiri, professor, Xalq rəssamı Hüseynqulu Əliyev rəssamın həyat və yaradıcılığına nəzər salaraq bildirib ki, Şərur rayonunda anadan olan rəssam ilk təhsilini Cəlilkənd məktəbində alıb, sonra İrəvan Müəllimlər Seminariyasında oxuyub. İki il Moskvadakı Rəssamlıq Akademiyasında təhsil alan İbrahim Səfiyev 1917-ci ildə Naxçıvana qayıdıb, burada rəssamlıqla məşğul olub. Kiçik yaşlarından rəsmə həvəs göstərən rəssamın 12 yaşında “Araz balıqçıları” adlı ilk rəsm əsərini yaratdığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, 1923-cü ildə İstanbulda İncəsənət Akademiyasını bitirən rəssam ömrünün sonuna kimi Türkiyədə yaşayıb. Professor qeyd edib ki, Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi İbrahim Səfiyevin adı əbədiləşdirilib, Türkiyə Respublikasının İstanbul şəhərindəki İstiqlal prospektində onun yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulub.
Sonda sərgiyə baxış olub.
Qeyd edək ki, müəllim və tələbələrin əl işlərindən ibarət sərgidə 30-dan artıq rəsm əsəri nümayiş olunub.
Səadət Əliyeva