23 Dekabr 2024, Bazar ertəsi

Doğma diyarımız ilkin yaşayış məskəni, qədim sivilizasiya mərkəzidir. 5000 illik şəhər mədəniyyətinə malik olan qədim Naxçıvan torpağı tarixə tanınmış, görkəmli şəxsiyyətlər bəxş etmişdir. Təsadüfi deyildir ki, 11-13 iyul 1996-cı ildə Naxçıvan şəhərində keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun iştirakçılarına göndərdiyi təbrik məktubunda xalqımızın ümummilli lideri Heydər Əliyev bu cəhəti xüsusi vurğulayaraq qeyd etmişdir: “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus mühüm rol oynamış və oynamaqda olan Naxçıvanın qədim və zəngin tarixi vardır. Hər daşı, qayası tarixin canlı şahidi olmuş bu torpaq bir çox dünya şöhrətli alim və mütəfəkkirin, memar və ədibin, dövlət xadimi və sərkərdənin vətəni olmuşdur. Onların fəaliyyəti və irsinin bəşər tarixində rolu danılmazdır”. 

Doğrudan da, başda ümummilli liderimiz olmaqla Nəsirəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, Nemətullah Naxçıvani, Kəlbəli xan, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, İbrahim Səfiyev və başqaları Naxçıvan torpağının övladları kimi öz adlarını tarixə qızıl hərflərlə yazdırmışlar. Onu da qeyd edək ki, milli mədəniyyətimizin, milli maarifimizin inkişafına töhfə vermiş bu görkəmli şəxsiyyətlərin irsi sovet dövründə birtərəfli şəkildə tədqiq edilmiş və ya ümumiyyətlə, öyrənilməmiş, diqqətdən kənarda qalmışdır. Müstəqillik illərində milli mədəniyyətimiz və elmimizin inkişafına töhfə vermiş bu şəxsiyyətlərin irsinin öyrənilməsi üçün münbit şərait yaradılmış, diqqət və qayğı artırılmışdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin XV-XVI əsrdə yaşamış görkəmli İslam alimi Mövlana Nemətullah ibn Mahmud ən Naxçıvaninin irsinin toplanması və tədqiqi ilə bağlı 29 oktyabr 2018-ci il tarixdə imzaladığı sərəncam milli mədəniyyətimizin tədqiqinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.

Sərəncamda qeyd edildiyi kimi, Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olmuş, ona “Baba” titulu burada yaşadığı illərdə mötəbər dini rütbə kimi verilmişdir. Şərqin böyük filosofu Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil etmişdir.
Bu böyük mütəfəkkir daha sonra fəaliyyətini o dövrün mədəniyyət mərkəzi kimi tanınmış Təbriz şəhərində davam etdirmiş, burada dini elmlərin inkişafında böyük əmək sərf etmişdir. Bu baxımdan Nemətullah Naxçıvaninin qələmə aldığı “Əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə” (“Qurani-Kərim”in kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi) adlı dini-fəlsəfi əsəri ona böyük şöhrət qazandırmışdır. Bu dəyərli tədqiqat əsəri müqəddəs kitabımız “Qurani­-Kərim”in bütün ayələrinin sufizm baxımından təfsiri, şərhindən ibarətdir. Təbrizdə bu İslam mütəfəkkirinin xidmətləri nəzərə alınaraq ona “Nəqşibəndi təriqətinin şeyxi” titulu verilmişdir.
Məlumdur ki, Anadolunun fəthindən sonra bölgədə İslamın yayılması işi həyata keçirilməyə başlanılmışdır. Bunun üçün Türk dünyasının müxtəlif bölgələrindən sufilər, övliyalar Anadoluya gəlib yerləşmiş, təkkə qurmuş, dinin yayılmasına xidmət göstərmişlər. Bunlardan Hacı Bəktaşi Vəli, Mövlana Cəlaləddin Rumi, Şəms Təbrizi, Hacı Bayram Vəli, Baba İlyas, Geyikli Baba, Sührəverdi və digər sufiləri, övliyaları misal göstərmək olar. Onlardan biri də görkəmli sufi şeyxi, filosof Baba Nemətullah ibn Mahmud ən-Naxçıvanidir.
Bu böyük mütəfəkkir 1498-ci ildə Cənubi Azərbaycanda siyasi vəziyyətin qarışması ilə əlaqədar Təbriz şəhərini tərk etmiş, İstanbula gəlmiş, üzvü olduğu nəqşibəndiyyə təriqətinin şeyxlərinin dərgahına üz tutmuşdur. O dövrdə İstanbul artıq 45 il idi ki, fəth edilmişdi. Burada üləmalar, din alimləri toplanmışdı. Amma Anadolunun elm və ürfan xadimlərinə çox ehtiyacı var idi. Ona görə də tanınmış sufi şeyxi və filosof Nemətullah Naxçıvani elm və ürfan yaymaq üçün indiki Konya vilayətinin Ağşəhər rayonuna göndərilmişdir. 1499-cu ildə Ağşəhərə yerləşən Nemətullah Naxçıvani burada zaviyə qurub sufizmin təbliği ilə məşğul olmuşdur. Böyük mütəfəkkir az sonra bu mərkəzi zaviyədən daha böyük olan təkkəyə çevirmişdir. Onun təşkil etdiyi həmin mərkəz sənədlərdə “Əvkafi-zaviyeyi-Nemətullah Naxçıvani” adını daşımışdır. Qısa müddətdə xalqın rəğbətini qazanan bu İslam alimi həmin təkkənin şeyxi sifətilə ətrafına müridlər toplamış, gənclərə dini təhsil vermiş, övliya kimi tanınmışdır. Anadolu ellərində onun kitabları, yazdığı təfsirlər müsəlman əhalinin maariflənməsində böyük rol oynamışdır. Sufi filosofu Nemətullah Naxçıvani Ağşəhərdə yaşayarkən hələ XIII əsrdə Konyada dərgahı və mövləvixanəsi olan məşhur türk filosof şairi Mövlana Cəlaləddin Rumi yaradıcılığına da böyük maraq göstərmişdir. Ehtimal ki, onun “Şərhi-rubai-Şeyx Cəlaləddin” məqaləsi Mövlana Rumi rübailərinin şərhinə həsr edilmişdir.
İslam mütəfəkkiri Baba Nemətullah Naxçıvani 1514-cü ildə haqqın rəhmətinə qovuşduqdan sonra oğlu Mövlana Hacı Əli Çələbi həmin vəqfin sahibi olmuşdur. Çox təəssüf ki, bu gün bu təkkədən heç bir iz qalmamışdır. Onu da qeyd etmək lazımdır ki, Nemətullah Naxçıvani nəqşibəndiyyə təriqətinin xəlvətiyyə qoluna mənsub olmuşdur. Bu qrupa mənsub olan din xadimləri isə, demək olar ki, xalq arasına çıxmır, daha çox ibadətlə məşğul olurdular. Bu cür həyat tərzinə alışmış Nemətullah Naxçıvani sağlığında belə, regionun üləma zümrəsi arasında ən tanınmış din xadimi olmuşdur. Belə ki, hələ XVI əsrdə yaşamış Osmanlı dövlətinin salnaməçisi Əhməd əfəndi Taşköprüzadə “Şəqayiqün-Numaniyyətü fi Üləmad Devlətil-Osmaniyyə” adlı irihəcmli əsərində bu cəhəti vurğulayaraq böyük İslam mütəfəkkiri haqqında yazmışdı: “Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri olan Baba Nemətullah özünü xalqdan gizlədirdi. O, rəbbani elmlərdə dərin bilik sahibi olmuşdur”. XVII əsrdə yaşamış məşhur Osmanlı müəllifi Katib Çələbi də öz əsərində bu məlumatı təkrar qeyd etməyi lazım bilmişdir.
Nemətullah Naxçıvaninin, yuxarıda da qeyd etdiyimiz kimi, müqəddəs kitabımız “Qurani-Kərim”in bütün ayələrini süfizm baxımından şərh edən “Əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə” adlı təfsirinin şəxsən öz əlyazmasıyla olan nüsxəsi, hazırda İstanbul şəhərindəki Topqapı Sarayı Üçüncü Əhməd xan kitabxanasında saxlanılmaqdadır. Onu da qeyd etmək lazımdır ki, bu əsər Sultan Əbdülhəmidin göstərişi ilə 1907 və 1908-ci illərdə İstanbulda dövlət mətbəəsində nəşr olunmuşdur. Bu qiymətli təfsir kitabının nəşrinə bir də XXI əsrdə müraciət edilmişdir. İslamşünas alim Ali İhsan Türcan bu əsəri üç cild halında 2013-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Kayseri şəhərində “Naxçıvani təfsiri” adı ilə nəşr etdirmişdir. Maraqlıdır ki, Türkiyə Cümhuriyyətinin bir çox kitabxana və muzeylərində bu böyük mütəfəkkirin qiymətli əsərlərinin əlyazmaları bu gün də qorunub saxlanılır və tədqiqatçılar tərəfindən elmi cəhətdən araşdırılır.
Tarixdə və günümüzdə, xüsusilə ağşəhərlilər arasında “Şeyx Əlvan”, “Nemətullah Naxçıvani”, “Baba Nemətullah” və “Nemətullah Sultan” kimi adlarla keçən bu böyük türk-islam alim və övliyası zamanındakı alim və övliyaların ən üstünlərindən idi.
Baba Nemətullah Naxçıvaninin türbəsi olmuşdur. Vaxtilə Ağşəhərdə Təkkə kəndinə gedən yolun üstündə, sağ tərəfdə və Ağşəhər çayının solunda yerləşən türbə bir neçə dəfə təmir edilmişdir. Türbənin önündə bir hovuz da tikilmişdir. Onu da qeyd etmək lazımdır ki, sonralar türbə ləğv olunmuş, sərdabə məzar şəklinə düşmüşdür. Ağşəhərin bu ərazisi vaxtilə Köycəyiz məhəlləsi adını daşımış, müasir dövrdə isə Çimənli məhəlləsi adlandırılır. O böyük şəxsi sevənlər məzarını ziyarət edərək mübarək ruhaniyyətinə ehtiram göstərməklə ruhuna dualar oxuyublar. Baba Nemətullah Naxçıvaninin məzar sənduqəsində böyüklü-kiçikli beş ayrı daş kitabə mövcuddur, ikinci daşın kitabəsində belə yazılır: “Ey dost. Kibari-əhlullahdan və müfəssirini-izamdan xacə Nimətullah kuddisə həzrətlərinin mübarək, nurlu qəbirləridir”. Üçüncü daşın kitabəsində isə 5 beytdən ibarət şeir yazılmışdır. Bu şeirin birinci misrası “Həqiqət sərəfraz övliyadır Həzrət Nemət Baba” şəklindədir. Təvazökar bir həyat sürən, elmə və ürfana böyük xidmətlər göstərən, çox tələbə yetişdirən və dövrünün ən böyük şəxslərindən olduğu qaynaqlarda qeyd edilən Naxçıvani həzrətlərinin qəbri bu gün ağşəhərlilərin ən çox ziyarət etdikləri yerlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamda qeyd olunduğu kimi, “Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur”. Həmin əhəmiyyətli dövlət sənədində də vurğulandığı kimi, orta əsrlərdə yaşamış naxçıvanlı mütəfəkkirlər içərisində özünəməxsus yüksək yeri və mövqeyi olan Nemətullah Naxçıvaninin fəlsəfi irsinin geniş və hərtərəfli tədqiqinə böyük ehtiyac vardır.
Muxtar respublikada qədim tariximizin, görkəmli tarixi şəxsiyyətlərimizin, elm və din xadimlərimizin həyat və fəaliyyətlərinin öyrənilməsi və təbliğinə hərtərəfli dövlət qayğısının növbəti ifadəsi olan adıçəkilən sərəncam tanınmış alim Nemətullah Naxçıvani şəxsiyyəti və yaradıcılığının geniş və əhatəli şəkildə tədqiqində yeni mərhələnin əsasını qoyub.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR