Noyabrın 27-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının xor kollektivinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” devizi altında ilk konserti olub.
Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yeni yaradılan xor kollektivinin ifasında bir-birindən maraqlı əsərlər səsləndirilib. İlk konsert repertuar zənginliyi ilə seçilib.
Konsertdə tanınmış Azərbaycan bəstəkarları Emin Sabitoğlu, Müslüm Maqomayev, Musa Mirzəyev, Rəşid Məmmədovun xor üçün bəstələdikləri əsərlərlə yanaşı, rus bəstəkarlarının da musiqi əsərləri ifa edilib. “Naxçıvan marşı”, “Ey Vətən”, “Sənsən xilaskar”, “Xoşbəxt olsun uşaqlar”, “Odlar yurdu Azərbaycan”, “Minnətdarlıq”, “Dostluq mahnısı” xor əsərləri alqışlarla qarşılanıb. Uşaqlar üçün gözəl musiqi əsərlərinin müəllifi görkəmli rus bəstəkarı V.Şainskinin “Birlikdə addımlayaq”, “Timsah Qenanın mahnısı” və Avropa bəstəkarlarından G.M.Rodriguezin “La composita”sı xor kollektivi tərəfindən uğurla ifa edilib.
Elmira Hüseynovanın xormeysterliyi, Səxavət Rəhimovun isə konsertmeysterliyi ilə keçirilən konsertdə xor kollektivini zərb musiqi alətində Ramil Cəfərov müşayiət edib.
Əli RZAYEV