Naxçıvanda təqvim adətləri ilə bağlı keçirilən bayramlardan biri də Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevral ayının 19-na qədər olan dövrü əhatə etdiyindən Xıdır bayramı fevralın 9-da kiçik çillənin yarı olduğu gündə keçirilir. Naxçıvan Muxtar Respublikasının bəzi şəhər və kəndlərində bu bayramın fərqli günlərdə keçirildiyinə də şahid oluruq.
Bu bayram bəzən həftənin dördüncü gününə təsadüf etdiyindən yanlış olaraq dinlə əlaqələndirilir. Maraqlı cəhət bundan ibarətdir ki, bayram nəyə görə məhz fevralda, qışın ən sərt vaxtında keçirilir? Çünki qışın ən çətin dövründə, insanların tədarük gördükləri ərzaq, yem, yanacaq ehtiyatının azaldığı vaxt Xızır Peyğəmbərin çağırılması onun yardımına böyük ehtiyacla bağlıdır. Əldə olan materiallara əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan, istilik hamisi olan Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, İslamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevral ayının 9-u qeyd olunmalıdır.