Qədim diyarımız zəngin abidələr, alınmaz qalalar məskənidir. Naxçıvan Möminə xatın, Yusif Küseyir oğlu, Qarabağlar Türbə Kompleksi, Darkənd türbələri, Əlincəçay xanəgahı və onlarla nadir sənət inciləri, tarix və mədəniyyət abidələri ilə tanınan bir diyardır. Qədim və orta əsrlər dövründə mövcud olan bir çox maddi-mədəniyyət nümunələri, o cümlədən memarlıq abidələri təbii qüvvələrin təsirindən güclü aşınmalara məruz qalıb, dağıdılıb, bir qismi isə zəmanəmizədək gəlib çatıb. Muxtar respublikamızda maddi-mədəniyyət nümunələrinə göstərilən diqqət və qayğı nəticəsində tarixi abidələrdən 60-dan çoxu bərpa və təmir olunaraq xalqa qaytarılıb.
Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən, XII əsr Azərbaycan memarlığının ən dəyərli abidələrindən biri olan, böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarlarından sayılan Gülüstan türbəsi Naxçıvan torpağında tarixə şahidlik edən digər memarlıq nümunələri içərisində öz yerini qoruyub saxlayır. Orta əsr memarlığının möhtəşəm nümunəsi olan türbə həndəsi naxışlarla bəzədilib. Ulu tariximizin əbədiləşmiş heykəlini xatırladan, 800 ildən çox yaşı olan bu türbənin görkəmi diqqəti ilk baxışdan özünə cəlb edir. Bu abidə Azərbaycan və Anadolu səlcuq türbələrinin soy birliyinin başlıca göstəricisi hesab edilir. Bununla belə, qülləvarı formada tikilən türbə memarlıq üslubu, ornamentlərinin müxtəlifliyi, naxışlarının rəmzi məna daşıması ilə ozamankı daş türbələrin hamısından seçilir.
Tarixi mənbələrə əsaslanaraq deyə bilərik ki, 12 üzlü, gövdəsi qırmızı günbəzdən, küncləri yonulmuş möhkəm sərt daşlardan ibarət olan türbənin sərdabəsi yerüstü hissədə yerləşir. Orijinal üslubu ilə diqqəti cəlb edən abidənin səthi oyma həndəsi ornamentlərlə bəzədilib, dekorativ tağlarla çərçivələnib. Türbənin diametri 4,6, divarlarının qalınlığı 1,25, hündürlüyü 9,7, günbəzi isə 6,5 metrdir. Səlcuq dövrü abidələri üçün də səciyyəvi olan bir çox xüsusiyyətləri özündə birləşdirən Gülüstan türbəsi Azərbaycanın orta əsr zəngin daş memarlığı təcrübəsinin parlaq nümunəsidir. Türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinməsə də, mütəxəssislər türbəni üslub xüsusiyyətlərinə görə dəyərləndiriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə nəşr olunan “Gülüstan türbəsi” kitabında türbədə dəfn olunanın kimliyinə yenə də mənbələrə istinad edilməklə aydınlıq gətirilib. Türk səyyahı, tarixçisi və etnoqrafı Övliya Çələbinin məlumatından aydın olur ki, sərdabədə dəfn olunan şəxsin qəbirüstü abidəsi üzərində “Hüseyn Baykaranın oğlu, arzusuna çatmayan Bahadır Şəfad” sözləri yazılıb. Bu faktdan istifadə etməklə türbədə dəfn olunanın kimliyi üzə çıxıb. Hüseyn Baykara Əmir Teymurun nəslindən olan Xorasan hökmdarı olub. XV əsrin 70-ci illərində Heratda hakimiyyətə gəlib. Onun oğlu Bahadır Şəfad Naxçıvanda vəfat edib və burada əvvəlcədən mövcud olan simvolik türbənin sərdabəsində dəfn olunub.
Türbə XVI yüzilliyə aid “Çaldıran səfəri ruznaməsi”ndə, Övliya Çələbinin “Səyahətnamə”sində “Kəsik günbəz”, 1815-ci ildə Culfada olmuş Mirzə Saleh Şirazinin “Səfərnamə”sində isə “Tənha bürc” kimi xatırlanır.
Türbənin xaricdən görünən quruluşu onun içərisində də əks olunub. Kürsülük və qülləni içəridə günbəz bir-birindən ayırıb. Xarici görünüşündən fərqli olaraq içəridə alt qat (sərdabə) və üst qat (qüllə) dairəvi biçimlidir. Bütünlüklə qırmızı tufdan ucaldılan türbənin yalnız qatlararası iç günbəzi kərpicdən yığılıb. Qüllənin üzlərinin hər biri qabarıq tinlərin haçalanması yolu ilə tağlarla tamamlanır. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi, burada da taxçaların içi incə həndəsi naxışlarla örtülüb.
Gülüstan türbəsinin naxışları Naxçıvan şəhərində 1186-cı ildə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmiş Möminə xatın türbəsinin ornamentləri ilə müqayisə edilir. Lakin tədqiqatçılar belə hesab edir ki, Gülüstan türbəsinin daşdan yonulmuş naxışları Möminə xatın türbəsinin kərpicdən yığılmış naxışlarına nisbətən daha incə və zərifdir.
Ötən müddət ərzində təbii qüvvələrin təsirindən Möminə xatın türbəsində olduğu kimi, bu türbənin də üst örtüyü aşınmaya məruz qalıb və dağılaraq sıradan çıxıb. Sovet hakimiyyəti illərində Araz çayı boyunca çəkilən sərhəd xəttinin arxasında qalan türbəyə biganə yanaşılıb, bərpa edilməyib, əhalinin onun yanına getməsinə icazə verilməyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2015-ci il 7 oktyabr tarixdə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalayıb. Muxtar respublikamızda tarix-mədəniyyət abidələrinə dövlət qayğısının nəticəsidir ki, on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindən biri, orta əsr Azərbaycan mədəniyyətini müasir dövrümüzədək yaşadan bu möhtəşəm abidə elmi və tarixi əsaslarla bərpa edilib, türbəyə ikinci həyat verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək demişdir: “Gələcək keçmişin üzərində qurulmalıdır. Keçmiş isə tarixi abidələrdə yaşayır. Naxçıvanda vaxtilə əcdadlarımız tərəfindən möhtəşəm abidələr yaradılmışdır. Bu abidələr xalqımızın daşlarda yaşayan tarixi və pasportudur. Bu mənada, hər bir abidənin tədqiqi və bərpası tarixin bir dövrünün və xalqımızın qədim həyat tərzinin öyrənilməsi, üzə çıxarılması deməkdir”.
Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq Araz çayının sol sahilində “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Türbə “Naxçıvan məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib. Dünya əhəmiyyətli abidələr sırasında öz yerini qoruyub saxlayan türbə xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından da, əvəzsiz rol oynayır.
Güntac ŞAHMƏMMƏDLİ