22 Dekabr 2024, Bazar

Məktəbdənkənar müəssisələrdə yaradılan müasir şərait nəticəsində təkcə bilikli yox, həm də hər hansı sənətə yiyələnmiş insanlar yetişdirilir. Belə məktəbdənkənar müəssisələrdən biri də Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzidir. Bu günlərdə mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən ünvana yollandıq.
Mərkəzin direktoru Sevinc Mirzəyeva ilə söhbət zamanı öyrəndik ki, 1991-ci ildən fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin binası 2007-ci ildə əsaslı şəkildə təmir edilərək elə həmin il sentyabrın 17-də istifadəyə verilib. Mərkəz şəhər ümumtəhsil məktəbləri şagirdlərinin texniki dərnəklərə cəlbini yaxşı­laşdırmaq, onların yaradıcılıqlarını daha da inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır.
Hazırda burada “Təsviri estetika”, “Gənc dizayner”, “Makrome”, “Memarlıq”, “Əyləncəli fizika”, “Texniki ekologiya”, “İbtidai texniki modelləşdirmə” də daxil olmaqla, ümumilikdə, 13 adda dərnək fəaliyyət göstərir. Adıçəkilən “Bacarıqlı əllər”, “Texniki rəsmxət”, “Bədii tikmə”, “Kağız əl işləri”, “İnformatika”, “Təyyarə-raket modelçiliyi” dərnəkləri yalnız mərkəzdə deyil, Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərində də fəaliyyət göstərir. On bir otaqdan ibarət olan mərkəzdə akt zalı, sərgi salonu, emalatxana, informatika, bədii tikmə, bacarıqlı əllər, texniki rəsmxət otaqları yaradılıb. Marağa, həvəsə, bacarığa görə dərnəklərə cəlb edilmiş 666 şagird yaşlarına görə növbə və qruplara ayrılıb və onlara nəzərdə tutulan proqramla məşğələlər keçirilir. Dərnəklərə 34 müəllim rəhbərlik edir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan mərkəz nazirliyin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə yaxından iştirak edir. Həmin tədbirlərdə fəallıq göstərən dərnək üzvlərinin əl işləri diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılır. Burada şagirdlərə doğma diyarımızı, onun qədim abidələrini, görkəmli şəxsiyyətlərini yaxından tanıtmaq məqsədilə muzeylərə, tarixi abidələrə ekskursiyalar təşkil edilir, intellektual oyunlar, viktorinalar keçirilir, tərbiyəvi və maarifləndirici mövzularda söhbətlər aparılır.
Mərkəzin sərgi salonunda şagirdlərin əl işlərindən ibarət nümunələrlə də tanış olduq. Burada “Milli geyimlər”, “Tarixi abidələr”, “Şəhidlər”, “Uşaqlar bizim gələcəyimizdir”, “Təbiət mənzərələri”, “Müasir tikililər”, “Nağıl və cizgi film qəhrəmanları” mövzularında əl işləri, maketlər, tikmə, toxuma, boya və yanma üsulu ilə çəkilmiş rəsm əsərləri nümayiş olunur. Sərgidəki hər bir nümunə heyranedici idi. Bədii tikmə dərnəyinin üzvü Zərifə Məmmədovanın “Musiqi alətlərimiz”, Billur Əliyevanın “Buta”, Şahin Məhərrəmlinin “Yusif Küseyir oğlu türbəsi”, Fidan Əliyevanın “Tarixi abidələrimiz”, Reyhan Əliyevanın “Möminə xatın türbəsi” kimi fantastik, xəyali, yaradıcı düşüncə tərzi ilə işlənən əsərləri ilk baxışdan diqqəti cəlb edir.
Mərkəzin məşğələ otağında Texniki rəsmxət dərnəyinin üzvü, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Fidan Əliyeva ilə söhbətləşdik. O bildirdi ki, bu peşəyə uşaq yaşlarından marağı olduğu üçün ailəsi onu mərkəzə üzv yazdırıb. Dərnək rəhbəri Natiq Yusifovun öyrətdikləri Fidanın həvəsini daha da artırıb. O, dərnəkdə qələmdən, perodan və fırçadan istifadə etməklə şəklin çəkilməsi, kölgə və işığın verilməsi, şriftlə yazı qaydaları, rəsmin növləri haqda öyrənir. Digər bir həmsöhbətimiz “Bacarıqlı əllər” dərnəyinin üzvü Sara Yıldız isə parça, kağız, balıqqulağı, plastilin, müxtəlif təbii materiallardan istifadə etməklə oyuncaq və əşyalar hazırlayır. Yaratdığı əl işləri sərgilər vasitəsilə nümayiş olunur.
Onu da qeyd edək ki, Texniki rəsmxət dərnəyinin üzvləri Mübariz Cabbarov, Reyhan Əliyeva, Şəmsim Əliyeva, Bətulə Hüseynova, Esma Rzayeva, “Bacarıqlı əllər” dərnəyinin üzvləri Altun İbrahimov, Sara Yıldız, Aytən İbrahimovanın əl işləri Naxçıvan Televiziyasının “Bunlar maraqlıdır” verilişində də nümayiş etdirilib. Başqa bir sevindirici hal da odur ki, üzvlərin əl işləri “Gəncliyimiz – gələcəyimiz” və “Uşaqlar və günəş” kitablarında çap edilib.
Mərkəz bundan sonra da məktəblilərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi, sağlam və yaradıcı mühitin təmin olunması, cəmiyyətə yararlı vətəndaşların yetişdirilməsi işinə öz töhfəsini verəcəkdir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR