22 Dekabr 2024, Bazar

Müasir gənclik xalqına, cəmiyyətə yararlı olmaq üçün təkmilləşməli, yüksək dünyagörüşünə malik olmalıdır. İdeyaları formalaşdıran, düşüncə tərzini genişləndirən ilk vasitə isə, heç şübhəsiz ki, kitablardır. Məhz buna görə də son dövrlərdə muxtar respublikamızda görülən çoxsaylı tədbirlər nəticəsində kitabxanaların, kitab mağazalarının sayı günü-gündən artır. Artıq müxtəlif dillərdə olan kitabları Azərbaycan dilində tapmaq çətin deyil. Bu isə, öz növbəsində, oxucuların kitablara marağının artmasına səbəb olub. Kitabların rəngarəngliyi, çoxcəhətliliyi mütaliəyə olan marağın kütləvi şəkil almasına yol açıb. Bu, bir inkişafdır, böyük göstəricidir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi, bu kitabların mütaliə və müzakirəsi, təbliği istiqamətində görülən tədbirlər isə biz gənclərdə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına xidmət edir.
Bədii ədəbiyyat zövq məsələsidir, hər oxucu öz daxili aləminə görə kitablar seçir. Lakin heç də hər oxucu kitabları məzmun və ideya əhəmiyyətinə görə düzgün dəyərləndirə bilmir. Kitabları ruhumuzun ehtiyacına, mənəvi tələbatımıza görə seçməliyik.

İnkişafa gedən yol özümüzü tanımaqdan keçir. Özümüzü tanımaq üçün isə tarixi keçmişimizi, milli ədəbi irsimizi öyrənməli və yaşatmalıyıq. Bunun üçün bizim ilk köməkçilərimiz məhz kitablar ola bilər. Xalqımızın Nizami, Füzuli, Cavid, Müşfiq kimi dahiləri var. Onların yaratdıqları irs qoyub getdikləri kitablar bizim üçün qiymətli sərvətlərdir. Məhz bu sərvətlərlə öz daxili aləmimizi zənginləşdirə, müstəqil həyatda özümüzə yol tapa bilərik. O irsi yaşatmaq da bizim üzərimizə düşür. Yaşatmalıyıq ki, onlardan gələcək nəsil də istifadə edə bilsin.
Etiraf edək ki, müasir gənclərdə Avropaya meyil, postmodernist ənənələrə maraq daha çoxdur. Bu, yaxşı haldır ki, milli ədəbiyyatımızla yanaşı, dünya ədəbiyyatı da oxunur və müqayisələr aparılır. Əslində, gənclik bu yolla bizim nə qədər diqqətəlayiq əsərlərimiz olduğunu daha dərindən dərk edir. Eyni zamanda öz keçmişimizi, əcdadlarımızı unutmamaq üçün mütaliə seçimində milli ədəbiyyatımıza daha geniş yer verməli, onu dəyərləndirməliyik.
Mütaliə etmək yalnız bədii əsər oxumaq demək deyil. Məqsədyönlü inkişaf etməyimiz üçün müəyyən biliklərə sahib olmağımız əsas şərtdir. İntellektimizi inkişaf etdirmək, öz ixtisasımızı yaxşı öyrənmək məqsədilə elmi kitablara, xəyal dünyamızı genişləndirmək üçün fantastik və detektiv, dünyanı, kainatı dərk etmək üçün fəlsəfi əsərlərə, keçmişimizi öyrənməkdən ötrü tarixi kitablara üz tutmalıyıq.
Kitablar hər birimizin uzun bir səyahətə çıxdığımız ölkəyə bənzəyir. Onlar söykənəcək yerimiz, sığınacaq limanımızdır. Sıxıntılardan qaçıb təsəlli tapdığımız bir məkandır. Bir kitab bir insan həyatı, bir insan taleyi deməkdir. Yeni insanlarla tanış olmaq, təcrübə qazanmaq deməkdir. Kitab oxuyarkən biz həyatda heç qarşılaşa bilməyəcəyimiz yazıçılarla söhbət edir və onların həyata baxışlarını, yaşadıqları həyatı yaşayırıq. Bəzən Raskolnikovla birlikdə balta qaldırır, bəzən Samsa ilə böcək oluruq. Bəzən Nizami ilə qələm, bəzənsə Fəxrəddinlə qılınc oluruq, onlarla bərabər yaşayıb, onlarla birgə ölürük. Kitablar bizim əsl həmdəmimizə çevrilir, onlarla göz yaşları tökür, axtardıqlarımızı kitab səhifələrində tapa bilirik. Bəlkə də, həyatımızda qazana bilməyəcəyimiz təcrübələri öncədən qazandıran və yanlış addımlardan uzaqlaşdırmağa kömək olan ən dəyərli varlıqlardır kitablar. Məhz ona görə onlara güvənməli, onlara nəvaziş göstərməli, onları qorumalıyıq. Ömrümüz boyu onlara minnətdar olmalıyıq.
Kitab oxuyan insan, hətta gənc olmasına baxmayaraq, dünyanı dərk edər, yaşadığı cəmiyyətə dəyər verər, xalqına faydalı olar. Ölkəni dağıtmağa yox, onu qurmağa, ondan nə isə qoparmağa yox, ona nə isə verməyə çalışar.
Cəmiyyət olaraq qloballaşan dünyada mürəkkəb proseslərdən keçirik. Bu proseslərdən məharətlə baş çıxarıb öz milli mənəviyyatımızı qorumaq naminə mütaliə etməliyik. Çünki ən təsirli tərbiyə üsullarından biri mütaliə etməkdir. Unutmayaq ki, bir evin inşası ilk kərpicdən başlayır. Bizlər də bu cəmiyyəti inşa edəcək o ilk və sağlam kərpiclər olmalıyıq. Biz gənclər də dövlətimiz, xalqımız, cəmiyyətimiz üçün faydalı işlər görməli, ölkəmiz üçün əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün isə oxumaq, öyrənmək mütləqdir.

Könül SEYİDOVA
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin III kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR