Adından və tarixindən həmişə qürurla danışdığımız Nehrəm qədim kəndlərimizdəndir. Tarixən ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrin önündə gedib bu kənd. “Bu dünyada sözdən böyük yadigar yoxdur, zira ki bütün mal-mülk tələf olub gedər, amma söz qalar”, – deyən və bu il 150 illiyini qeyd etdiyimiz Cəlil Məmmədquluzadə kimi böyük söz ustası 7 il Nehrəmdə yaşayaraq ədəbi yaradıcılığının ən gözəl nümunələrini burada yaradıb.
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin siyasi xəttini daim dəstəkləyən nehrəmlilər ötən əsrin 90-cı illərində – ölkəmizin tarixi sınaq qarşısında olduğu bir vaxtda, təlatümlü şəraitdə dahi şəxsiyyətlə Nehrəmdə görüşərək Ona olan inam və sədaqətlərini ifadə etdilər. Bu sədaqət, etibar əbəs yerə göstərilmirdi. Çünki nehrəmlilər ölkəmizin gələcəyini bu Böyük Şəxsiyyətdə görürdülər. Müstəqillik illərində Nehrəmin muxtar respublikanın abad kəndlərindən birinə çevrilməsi ümummilli liderin siyasi xəttinə olan sadiqliyin bəhrəsidir. Bu yaşayış məntəqəsi günbəgün müasirləşdikcə, gözəlləşdikcə burada məskunlaşma artıb, yeni məhəllələr salınıb.
Nehrəmin coğrafi mövqeyinin və ərazi quruluşunun formalaşmasında buradakı məhəllələr məxsusi rola malikdir. Ümumiyyətlə, məhəllələrin salınması və onlarda məskunlaşmanın artmasına ən böyük vasitə vaxtilə həmin ərazilərdə sututarların və yeraltı su mənbələrinin – quyuların olması idi. Müasir dövrdə Nehrəmdəki bir çox məhəllə adları unudulsa da, Çaylaq, Xəndək, Təpəbaşı, Hasar, Qumqala, Selov, Şişkin, Bağarası adları bu gün də qalmaqdadır.
Bu məhəllələrin ən böyüyü Çaylaqdır. Mərgalı və Köş düzləri, Qarnıyarıq kimi dağlardan axan sel suları vaxtilə həmin məhəllədə birləşib Araz çayına tökülürdü. Yaşayış məntəqəsinin qədim ibadət ocaqlarından olan Güllü məscid də məhz Çaylaq məhəlləsində yerləşir. Çaylağa yaxın olan məhəllələrdə 4 məscidin olması isə Nehrəmdə tarixən milli-mənəvi və dini dəyərlərə sadiqlikdən xəbər verir. Çaylaq həm də digər qədim məhəllələrin kəsişdiyi yerdədir.
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Cəlil Məmmədquluzadə də bir vaxtlar burada yaşayıb. Yaşlı sakinlər dahi ədibin Nehrəm kəndinə gəlməsini və Çaylaq məhəlləsində məskunlaşmasını ata-babalarından belə eşidiblər: “Günorta azanına bir az qalmış Çaylaq məhəlləsindəki məscidin qabağında fayton dayandı, sərnişin balaca əl çamadanını götürüb, ehtiyatla yerə düşdü... Cəlil Məmmədquluzadə Çaylaqla Bağçabaşı məhəlləsindən gələn dar küçənin kəsişməsindəki birmərtəbəli, möhrə ilə tikilmiş evdə yaşayırdı”.
1890-1897-ci illərdə Nehrəmdə yaşayıb burada məktəb açaraq ilk dəfə qızları təhsilə cəlb edən böyük demokrat Mirzə Cəlil Həlimə xanım Nağı qızı ilə ailə həyatı qurmuş, bu izdivacdan Münəvvər xanım Məmmədquluzadə dünyaya gəlmişdir. Münəvvər xanım müxtəlif illərdə Çaylaq və Qumqala məhəllələrində yaşamış, Nehrəmdə tibb bacısı kimi fəaliyyət göstərmişdir.
Çaylaq məhəlləsinin qurtaracağı Təpəbaşı məhəlləsinə dayanır. Bu məhəllədə eyniadlı məscid və tarixi İmamzadə türbəsi yerləşir. Ötən əsrin əvvəllərində quldur Andranik Ozanyan Culfa rayonunun Yaycı kəndindən başlayaraq Əlincəçay ətrafı kəndlərə, oradan Sirab və ətraf yaşayış məntəqələrinə divan tutduğu bir vaxtda nehrəmlilər düşmənə qarşı inadlı mübarizə aparıblar. Həmin vaxt kənddə mövcud bir topu Xəndək, Çaylaq, Təpəbaşı məhəllələri boyunca gəzdirərək düşmənin diqqətini yayındırıb, qarşı tərəfi silah-sursatların kifayət qədər çox olduğuna inandırıblar. Sakinlərin sözlərinə görə, qız-gəlinlərin düşmənə əsir düşmə ehtimalını düşünən kənd ağsaqqalları onları məscidlərdən birinə toplayıblar. Cavanlara isə neft dolu qablar və kibrit verərək məğlubiyyət üz verərsə, binanı yandırmağı tapşırıblar.
Ötən əsrin 90-cı illərində ölkəmizdə və muxtar respublikamızda siyasi sabitliyin və vahid idarəetmənin olmadığı bir vaxtda nehrəmlilər “Klubun qabağı” adlanan məhəllədə dahi şəxsiyyət Heydər Əliyevlə görüşərək ümummilli liderin Azərbaycan Ali Sovetinə deputat kimi namizədliyini irəli sürdülər. Bu gün həmin məhəllə Nehrəmdə “Heydər Parkı” kimi tanınır və üçrəngli bayrağımızın dalğalandığı bu ərazi kənd sakinləri üçün müqəddəs, əziz sayılır.
Nehrəm məhəllələrinə təkcə coğrafi anlayış kimi yanaşmaq yanlış olardı. Çünki bu məhəllələr yüz illərin mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub yaşadır. Qədim zamanlarda olduğu kimi, indi də Nehrəmdə Təpəbaşı məhəlləsində toy mağarı qurulan zaman camaat kəndin ən aşağı məhəlləsindən – Qarağanlıdan bura axışıb gəlir, toy yiyəsinin sevincinə şərik çıxaraq qol götürüb oynayırlar. Əgər birinin yası düşsə, ev sahibinin xəbəri olmadan qohum-qonşular yığışıb dəfn və yas mərasimi üçün lazım olan tədbirləri görürlər.
Dünən olduğu kimi, bu gün də məhəllələrin əsas mənəvi atributları ağsaqqal və ağbirçəklərdir. Kəndinə qəlbən vurğun olan, Nehrəmə üz tutan zaman həmişə müraciət etdiyimiz kənd ağsaqqalı Tofiq Abutalıbov deyir ki, ta qədimdən ağsaqqal sözünə, ağbirçək öyüdünə kənddə böyük hörmət olub. Sözünün kəsəri və ictimaiyyət arasında böyük nüfuzu olan, mübahisəli məsələlərdə ədalətli mövqe nümayiş etdirən ağsaqqallara Nehrəmdə “müvəkkil” deyilirdi. Onlar hər hansı ailə münaqişəsini, elçiliyi, qohum-qonşunun mübahisəli məsələlərini ədalətlə həll edərdilər. Necə deyərlər, bu insanların sözünün qabağında söz deyən yox idi. İndi tarixə çevrilən bu qədim məhəllələrin hər bir evində salınan süfrənin (Naxçıvan dialektində dəstərxan) başına ən azı 5-6 uşaq yığışardı.
Nehrəmlilər həm də zəhmətkeşlikləri ilə seçiliblər. Bu gün də məhəllə sakinlərinin “Pircüvar” adlanan ərazidə ailə əməyinə əsaslanan, kollektiv şəkildə qurub-yaratdıqları təsərrüfatlarda yetişdirdikləri qarpız Naxçıvan bazarında adla deyilir. Bu zəhmətin nəticəsidir ki, gənc ailələr hesabına kənddə yeni məhəllələr salınıb, kənd daha da böyüyüb. Artıq tarixin müəyyən dövrlərində öz sözünü deyən qədim Çaylaq, Xəndək, Hasar kimi məhəllələr mərkəz titulunu yeni sosial obyektlərin – kənd və xidmət mərkəzlərinin, tam orta məktəblərin, xəstəxananın salındığı Azərbaycan məhəlləsinə verib. Nehrəm o qədər böyüyüb ki, ondan yeni bir inzibati ərazi vahidi də ayrılıb: Arazkənd. Kəndin əksər cavan ailələri orada məskən salaraq kim bilir, bəlkə də, elə Nuh babanın özü tərəfindən bina edilən Nehrəmi Araz çayının düz sahilinədək “daşıyıblar”.
Başdan-başa tarix qoxuyan, bu gün müasir Azərbaycan kəndinə çevrilən, ölkəmizin və muxtar respublikamızın elmi-mədəni, ictimai siyasi həyatına tanınmış simalar bəxş edən Nehrəm barədə fəxrlə danışılası, yazılası hələ çox məqam var.
Muxtar Rzazadə