AMEA-nın Naxçıvan Bölməsində görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyi münasibətilə keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb, rəssamın irsinin öyrənilməsinə və tədqiqinə göstərilən dövlət qayğısından danışıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncamı Türk dünyasının tanınmış rəssamının həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına və öyrənilməsinə xidmət etməklə bərabər, həm də görkəmli sənətkarın irsinə göstərilən diqqətin və muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva “İbrahim Səfiyevin həyat və yaradıcılığı” mövzusunda çıxışında bildirib ki, görkəmli rəssam İbrahim Səfiyev Şərur rayonunda dünyaya göz açıb, kiçik yaşlarından rəsmə həvəs göstərib. On iki yaşında ikən “Araz balıqçıları” adlı ilk rəsmini çəkib. Onun atası dövrün savadlı, bədii ədəbiyyatı sevən, Şərq klassiklərinin əsərlərini oxuyan, sözü və yazdığı şeirləri ilə İbrahimin qəlbində rəssamlığa, incəsənətə qarşı ilk qığılcımları oyadan insan olub.
İbrahim İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra iki il Moskvadakı Rəssamlıq İnstitutunda, hazırlıq kursunda təhsil alıb. Lakin Rusiyadakı 1917-ci il inqilabı hadisələrindən təsirlənərək təhsilini yarımçıq qoyub Naxçıvana, doğma diyara qayıdıb. Həmin illərin çətinlikləri rəssamdan da yan keçməyib. Belə ki, o, Şərurda rəsm çəkərək çörəkpulu qazanmağa başlayır.
Vurğulanıb ki, rəssam Birinci Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində Türkiyəyə gedir və həyatını burada qurur. İbrahim Səfiyev İstanbulda Gözəl Sənətlər Akademiyasına daxil olur, 1923-cü ildə buranı bitirir. Qeyd edək ki, Türkiyənin məşhur rəssamı Namiq İsmayıl da bu akademiyada təhsil alıb. İbrahim təhsilini bitirdikdən sonra onun emalatxanasında müsafir tələbə olaraq çalışır.
Türkiyədə İbrahim Səfiyevi Mustafa Kamal Atatürkün portretini çəkən ilk rəssamlardan biri kimi də tanıyırlar. O, iki dəfə Atatürkün portretini naturadan çəkir. Bu portretdə dahi şəxsiyyətin obrazını sənətkarlıq kamilliyi ilə yanaşı, tarixi gerçəkliyi də inandırıcı şəkildə ifadə edə bilib.
Parisdə nəşr olunan “Orient” qəzeti onun haqqında yazırdı: “Səfiyev öz dövründə türk rəssamları arasında güclü sima kimi fərqlənir. O heç bir zaman rəssamlığı abstraksiyaya çevirən konsepsiyalar ardınca getmir. Tamaşaçılar İbrahim Səfiyevin parlaq boyalarına, incə nüanslarına valeh olurlar. Rəssamın mənzərələri o qədər təsirli və canlıdır ki, onlara baxarkən istər-istəməz romantika haqqında düşünürlər”.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova “Görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığında janr müxtəlifliyi” mövzusunda çıxışında diqqətə çatdırıb ki, yaradıcılığında dünya incəsənətinin mütərəqqi ənənələrini davam etdirən görkəmli sənətkar boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr, natürmortlar, portretlər yaradıb. Bəzi mənzərə və natürmortlarındakı şux, şəffaf kalorit, rənglərin oynaqlığı rəssamın özünəməxsus yaradıcılıq üslubunu bir daha sübut edir.
Qeyd olunub ki, mövzusu müxtəlif predmetlərin təsvirindən ibarət olan natürmort janrında İbrahim Səfiyev əsl rəssamlıq məharəti ilə dövrünün ruhunu, öz hiss və duyğularını çox gözəl ifadə edə bilib. Rəssamın bu janrda çəkdiyi rəsm əsərləri məzmunla formanın mükəmməl vəhdətindən ibarətdir. Natürmort janrı İbrahim Səfiyevin fırçasında bədii formada təzahür edir. Bu, rəssamın rəngkarlıqda yeni təsvir metodu yaratdığının göstəricisidir. “Gül vazası”, “Natürmort” əsərləri rənglərin parlaq formada təsvirindən ibarət olmaqla, yeni təsvir metodu ilə çəkilmiş sənət əsərlərindəndir.
Portret janrı İbrahim Səfiyevin yaradıcılığında təsvir metodu baxımından orijinallıq təşkil edir. Onun çəkdiyi portretlərin, demək olar ki, hamısında sima görünüşündən başqa, şəxsiyyətlərin daxili aləmini və ruh halını görmək mümkündür.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “İbrahim Səfiyevin yaradıcılığının tədqiqi məsələləri”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayevin “İbrahim Səfiyevin yaradıcılığı: tarixi ənənələr və müasirlik”, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Həbibə Allahverdiyevanın “İbrahim Səfiyevin yaradıcılığında milli kalorit” mövzularında çıxışları dinlənilib.
Vurğulanıb ki, müxtəlif sənət cərəyanlarına, təzadlı rəssamlıq üslublarına yaxından bələd olan İbrahim Səfiyevin yaradıcılığında realizmə üstünlük verilib, dünya incəsənətinin mütərəqqi ənənələri davam etdirilib. Əsərləri Türkiyə, Fransa, Avstriya, ABŞ, İsveçrə və digər ölkələrdə fərdi sərgilərdə nümayiş olunub. Tanınmış rəssam bəzi əsərlərini Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə bağışlayıb, bir neçə əsəri 1989-cu ildə Bakıda keçirilən “Əzizim, Vətən yaxşı...” sərgisinin ekspozisiyasına daxil edilib. Əsərləri Türkiyədə və dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda, Azərbaycan İncəsənət Muzeyində saxlanılır. İbrahim Səfiyevin rəsm əsərləri hazırda Osmanlı dövründən bu günə qədər qorunub saxlanılan Topqapı Muzeyini, Dolmabağça və Çırağan saraylarını daha da zənginləşdirib.
Ramiyyə ƏKBƏROVA