Hələ ibtidai icma quruluşu dövründən başlayaraq insanlar bir çox işlərin bir nəfər tərəfindən görülməsinin mümkün olmadığını və ya çətin olduğunu dərk etmişlər. Tarixi zərurət kimi yaranan və insanların birgə əməyi ilə bağlı olan qarşılıqlı köməklik dünyanın bütün xalqlarında olduğu kimi, xalqımızın təsərrüfat işlərində və məişətində də mövcud olmuşdur.
Qarşılıqlı yardım əkinçilik və heyvandarlıq sahəsində, bina tikintisində, xeyir və şər mərasimlərinin keçirilməsində el adəti halını almışdır. Azərbaycan xalqı bu birliyi ilə bağlı bir çox atalar sözləri söyləmiş, onun vacibliyini göstərmişlər: “Tək əldən səs çıxmaz”, “Tək adam çörək yeyəndə də təklik çəkər”, “Bir yerdə yeyəndə dadlı, bir yerdə işləyəndə şadlıq olar”, “Tək odun ocaqda da yanmaz, qoşa odun çöldə də sönməz”, “Təklikdə bir bardaq sıyıq aşını da yemək çətin olur, birlikdə daşı da çevirmək asandır” və sair.
Azərbaycan etnoqrafiya elmində qarşılıqlı yardım formalarının tədqiqinə XX əsrin 50-60-cı illərindən başlanılmışdır. Həmin illərdən etibarən etnoqraflar təsərrüfatın müxtəlif sahələri üzrə maraqlı məlumatlar toplayıblar. Görkəmli etnoqraf Qəmərşah Cavadov 1990-cı ildə nəşr etdirdiyi “Əkinçilik mədəniyyətimizin sorağı ilə” kitabında qarşılıqlı yardım formalarını el köməyi adlandırır və onların açıqlanmasına “Bir əl heç, iki əl güc, üç əl iməci” adlı ayrıca fəsil həsr etmişdir. Azərbaycanda qarşılıqlı yardım formaları: “iməcilik”, “əvrəz”, “növbələşmə”, “ortaqlıq”, “hoy” (hov), “mödgəm”, “həmgəl”, “bədəl”, “əvəzçilik”, “şəriklik”, “ziyanlıq”, “alışma”, “damazlıq”, “umya” və digər adlarla geniş yayılmışdır.
Qarşılıqlı yardımın ən geniş yayılmış forması məzmun və mahiyyətcə universal xarakter daşıyan iməcilik olmuşdur. Q.Cavadov göstərir ki, tədqiqatçıların fikrincə, “iməcilik” yunan sözü olan “imece”dən götürülmüş, mənası iştirak etmək, köməkləşmə deməkdir.
Haşiyə: Bu gün də muxtar respublikamızda həftənin şənbə günləri iməciliklər keçirilir, hər kəs elliklə bu işlərdə iştirak edir, diyarımızın təmizliyinə, abadlığına, yaşıl örtüyünün artırılmasına töhfə verir. Başqa sözlə, bu işi xalqımızın zəngin etnoqrafik yaddaşının nəticəsi kimi də qiymətləndirmək olar.
Qarşılıqlı yardım formaları adlarına görə fərqlidir. “Ziyanlıq” və “alışma”, əsasən, heyvanların kəsilib paylanması ilə əlaqədardır. Alışma alıcının olmadığı, əhalidə pulun az olduğu dövrdə ətlik heyvanın kəsilib bir neçə nəfər arasında bölüşdürülməsidir. Bu zaman puldan istifadə edilmir, ata-babalarımız növbə ilə heyvan kəsib paylayardılar. Ziyanlıq isə payız və qışda yanğın zamanı binanın və ya ot tayasının bərpası üçün material və ya işçi qüvvəsi ilə edilən köməklik, o cümlədən müxtəlif səbəbdən ziyana düşən ailəyə elliklə edilən maddi yardımdır.
“Hov” yardım forması taxılbiçən texnikanın olmadığı dövrdə, xüsusən dəmyə əkinlərində əkinin vağanalayıb yerə tökülməməsi üçün taxıl biçininə edilən köməkdir. Belə bir atalar məsəli də vardır, “dəvəyə hoy demək də köməkdir”.
“Əvrəz” ailə başçısını itirənlərə, xəstələrə kömək, müxtəlif səbəbdən hər hansı təsərrüfat işinin təcili görülməsi zərurəti yarandıqda əvəzsiz olaraq həyata keçirilən yardım forması idi. Əvrəzi təşkil edən əvrəzin gününü təyin edir, bu, əvvəlcədən camaata elan olunurdu. Tam könüllülük prinsipi ilə həyata keçirilən əvrəzdə hər kəs ürəklə işləyər, hamı bir-birindən əvvəl işə çıxmağa çalışardı. El-oba arasında, tələsik yol gedənlərə, tələsik yemək yeyənlərə: “Nə olub, əvrəzə getmirsən ki”, – deyə müraciət edilməsinə bu gün də rast gəlinir. Əvrəz həm də elin ümumi işləri – arxların təmizlənməsi, körpü və yol salınması üçün keçirilirdi.
Məişətdə bir çox işlər qadınlara aiddir. Yun daramaq, ip əyirmək və boyamaq, hana toxumaq (xalça-palaz), əriştə kəsmək, yarma üyütmək, duz döymək kimi işlər kömək tələb etdiyi üçün iməcilik təşkil olunur. Bu zaman, əsasən, əvəzçilik və bədəl formasından istifadə edilir. Yəni hər kəs köməyə getdiyi günlərin sayı qədər əvəz gözləyir.
Qadınlar üçün iməcilik yolu ilə həyata keçirilən işlərdən biri də çörək yapılmasıdır. Azərbaycanın başqa bölgələrindən fərqli olaraq Naxçıvanda yer təndirlərindən istifadə edilir. Arxeoloji tədqiqatlara görə, yeraltı təndirlərin tarixi iki min ildən artıqdır. Digər bölgələrdə ya yerüstü təndirlərdə gündəlik qalın çörəklər bişirilir, ya da sacda yuxa salınır. Ala-çiy bişən yuxa uzun müddət qalmadığı üçün az bişirilir, iməciliyə ehtiyac qalmır.
Yeraltı təndirdə yaxşı bişib quruyan lavaş (Naxçıvanda, adətən, “əppək” deyilir) uzun müddət qala bilir. Naxçıvanda normal təndirlər, adətən, 5-6 əppək tuturdu, ona görə də 4-6 qadın əppəkyapmada iştirak edirdi. Burada iməcilik əvəzçilik yolu ilə həyata keçirilirdi. Hər qadının ən azı 3-4 “çörəkçisi” olurdu. Noyabrın axırı, dekabrın əvvəllərində qış çörəyi yapılırdı. Adətən, bir günə 50-70 kiloqram unun çörəyi yapılır, ailənin sayından asılı olaraq 20-30 gün yeyilirdi. Qış çörəyi yapan zaman çalışırdılar ki, dekabrın ortalarından fevralın ortalarına, bəzən sonuna qədər çörək yapılmasın. Ona görə də əvəzçilik edən 3-4 qadın hərəsi 3-4 gün çörək yapırdı. Buna görə də xalq arasında “kösöv”, “şiş”, “kül çıxardan”, “küflə”, “əppəkyapan” (rəfətə), eləcə də çörəkyapma ilə bağlı “dəstovsuyu”, “təndirin oturuşması”, “təndirin itisi”, “urva” kimi ifadələr formalaşmışdır.
Bütün bunlar tarixən xalqımızın formalaşdırdığı ənənələr kimi bu gün də qorunub saxlanılır. Belə birlik ənənələri ta qədimdən mövcud olan ümumxalq birliyinin, həmrəyliyinin ifadəsidir.
Zaleh NOVRUZOV