Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədarNaxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Memarlar Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Qürur yerim Naxçıvanım” adlı sərgi təşkil edilib.
Bununla bağlı keçirilən tədbiri giriş sözü ilə Memarlar Birliyinin sədri Heydər Əhmədov açaraq bildirib ki, bu gün doğma diyarımız 95 illik tarixi yolunun ən dinamik inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə müstəqillik illərində qədim diyarda həyatın bütün sahələrində əsaslı yüksəlişə nail olunub, oğuz yurdu cənnətməkana çevrilib.
Qeyd olunub ki, son illər diyarımızda aparılan kompleks tikinti-quruculuq tədbirləri nəticəsində şəhər, qəsəbə və kəndlərin siması tanınmaz dərəcədə dəyişilib. Təqdirəlayiq haldır ki, Naxçıvanda ucaldılan binalar qədimliklə müasirliyi özündə cəmləşdirməklə yanaşı, memarlıq üslubu ilə də fərqlənir. Bu binalar yerləşdikləri ərazilərə xüsusi gözəllik verir, ətrafla harmoniya yaradır. Qabaqcıl dünya təcrübəsini və milli ənənələri mənimsəyən memarlarımız muxtar respublikanın inşaat sektoruna yeni üslublar və müasir dizayn formaları gətirməkdədirlər.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, böyük qürur hissi ilə 95-ci ildönümünü qeyd etdiyimiz muxtar respublikamız çətin, mürəkkəb, eyni zamanda da şərəfli inkişaf və tərəqqi yolu keçib. Müstəqillik illərində bütün sahələrdə aparılan quruculuq işlərində, mədəni-kütləvi tədbirlərdə dövlətimizin dəstəyinə arxalanan gənclər də fəallıq göstərib, qədim Naxçıvanda hərtərəfli dünyagörüşünə malik müasirdüşüncəli gənclik formalaşıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva çıxış edərək qədim diyarın muxtariyyət tarixindən bəhs edib, ötən dövrdə təhsil, incəsənət və ədəbiyyat sahəsində qazanılan uğurlardan söhbət açıblar.
Sonra Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı hazırlanan videoçarx nümayiş olunub, tədbir iştirakçıları sərgiyə baxıblar.
Qeyd edək ki, “Qürur yerim Naxçıvanım” adlı sərgidə 10 memarın 45-ə yaxın memarlıq layihələri və muxtar respublikamızda müasir üslubda inşa olunan tikililərin fotoları yer alıb.
Nail ƏSGƏROV