Azərbaycanın hər guşəsində İslam dinini əsərlərində təbliğ edən görkəmli alim və sənətkarlar yaşayıb. Onların fəaliyyəti həmin dinin möhkəmlənməsində, yayılmasında, eyni zamanda İslamın elmi baxımdan izahında mühüm rol oynayıb. Qədim Naxçıvan diyarı həm də belə şəxsiyyətləri ilə tanınır. Ümummilli lider Heydər Əliyev 11-12 iyul 1996-cı ildə Naxçıvan şəhərində keçirilən“Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun iştirakçılarına göndərdiyi məktubda yazırdı: “Hər daşı, qayası tarixin canlı şahidi olmuş bu torpaq bir çox dünya şöhrətli alim və mütəfəkkirin, memar və ədibin, dövlət xadimi və sərkərdənin vətəni olmuşdur. Onların fəaliyyəti və irsinin bəşər tarixində rolu danılmazdır”.
Qeyd etmək lazımdır ki, müstəqillik illərində, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin inkişafına töhfə vermiş şəxsiyyətlərin irsinin öyrənilməsi üçün geniş və münbit şərait yaradılıb. Ötən il isə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub, bu sahədə böyük mədəni-ictimai əhəmiyyətə malik tədbirlər keçirilib, bu tədbirlər diyarımızdan İslam dünyasına mühüm bir pəncərə açıb.
2018-ci il üçün Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi münasibətilə keçirilən açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir. Mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır”.
Bu istiqamətdə aparılan mühüm işlər sırasında görkəmli İslam alimi Nemətullah Naxçıvani irsinin öyrənilməsi və təbliği də əhəmiyyətli yer tutur.
Nəqşibəndiliyin ən böyük şeyxlərindən olan Naxçıvanini müasirləri “gizlənən dərviş” adlandırıblar. Mütəsəvvüf (təsəvvüf alimi) və müfəssir (təfsir alimi) kimi tanınan Naxçıvani çox sayda əsərlər qələmə alıb. O, “Qurani-Kərim”i təsəvvüf üslubunda təfsir edən ilk alim kimi tarixə düşüb. Təəssüflər olsun ki, Naxçıvaninin heç bir əsəri dilimizdə nəşr edilmədiyi kimi, onun haqqında Azərbaycan elmi-ədəbi mənbələrində məlumat tapmaq da çox çətin idi.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin XV-XVI əsrlərdə yaşamış görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında 2018-ci il 29 oktyabr tarixdə imzaladığı Sərəncam da mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi, təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tarixi sərəncam milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin tədqiqinə göstərilən dövlət qayğısının daha bir bariz ifadəsidir. Sərəncamla təsdiq edilən Tədbirlər Planında böyük İslam mütəfəkkirinin yaradıcılığının dərindən öyrənilməsi, bu mövzuda beynəlxalq konfransın keçirilməsi, “Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabının nəşr edilməsi, “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) adlı təfsirin dilimizə tərcümə olunub çap etdirilməsi kimi mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub.
Bilindiyi kimi, Nemətullah Naxçıvani də Naxçıvanın adını yüksəklərə qaldıran alimlərdən olub. O təkcə ilahiyyat elmində deyil, həm də dünyəvi elmlərdə mahir idi. Dövrünün böyük övliyalarından olan görkəmli alim bir çox sahədə söz və hikmət sahibi olub. “Şərq qapısı” qəzetinin 19 fevral 2014-cü il tarixli nömrəsində dərc olunan məqalədə yazılır: “Nemətullah Naxçıvaninin yazdığı əsərlər əxlaq, fəzilət, elm və ürfan nümunəsi kimi məşhurlaşmış, ona xalqın rəğbətini, məhəbbətini qazandırmışdır. Zahiri və batini elmlərdə çox yüksək biliyə malik Nemətullah Naxçıvani mənəvi elmlərdəki dərin biliyi ilə təsəvvüfdə ilahi sirlər dənizinə vaqif olanlardandır”.
Nemətullah Naxçıvani 1452-ci ildə Naxçıvan şəhərində dünyaya gəlib, böyüyüb boya-başa çatıb, o dövrün tanınmış elm ocaqlarında mükəmməl təhsil aldıqdan sonra Vətəninə dönüb. Uzun müddət Naxçıvan mədrəsələrində çalışıb, öz elmi səviyyəsini inkişaf etdirib, fiqh, kəlam, əqaid, bəlağət kimi elm sahələrini dərindən öyrənib, xidmətləri ilə əlaqədar ona “Baba” titulu verilib. Bir müddət sonra Nemətullah İslam dünyasında məşhur elm və mədəniyyət mərkəzi kimi tanınan Təbriz şəhərinə köçüb, ömrünü nəqşibəndiliyə, ilahi elmlərin tədqiq və təbliğinə həsr edib. Təbrizin elmi mühitində “Şeyx” titulunu almış bu sufi mütəfəkkiri bütün həyatı boyu elmi düşüncənin inkişafına xidmət edib, bir sıra qiymətli əsərlər qələmə alıb.
XV əsrin sonları, XVI əsrin əvvəllərində yaşamış Nemətullah Naxçıvaninin mənbələrdə üsul və fiqhdə kamil şəxsiyyət olduğu və təsəvvüf ədəbiyyatı tarixinin ən gözəl sufiyanə təfsirini yazdığı qeyd edilir. Bu baxımdan onun Anadoluya gəlməzdən öncə yazdığı “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlı fundamental traktatı müqəddəs kitabımızın surə və ayələrinin təsəvvüfi təfsirini verən ilk qaynaqdır. Ona görə də bu əsər uzun müddət ilahiyyat alimlərinin, şərqşünasların stolüstü kitabı olub. Həmin əsər zamanında Osmanlı alimləri tərəfindən pul toplanaraq nəşr etdirilib. Həmin əsərin dünyanın müxtəlif muzey və kitabxanalarında onlarla əlyazma nüsxələri mövcuddur. Əsərin orijinalı, Nemətullah Naxçıvaninin əlyazısı ilə yazdığı nüsxəsinin II cildi Topqapı sarayı III Əhməd xan kitabxanasında (İstanbul) mühafizə olunur. Bu kitab 1908-ci ildə Mətbəə-i-Osmaniyyədə iki cilddə nəşr edilib. Əsər çətin dərk edildiyindən yenidən nəşr olunmayıb.
“Xalq qəzeti”nin 2013-cü il 13 noyabr tarixli nömrəsindəki məqalədə oxuyuruq: “Şübhə yox ki, Nemətullah Naxçıvanidən əvvəl Quranın təsəvvüf üslubunda təfsiri üçün bəzi cəhdlər edilmişdir. Ondan əvvəl qələmə alınan belə əsərlərin ən böyük çatışmazlığı Quranın, sadəcə, bəzi surələrini və ayələrini əsas almaları, müqəddəs kitabın başdan sona təfsir olunmamasıdır. Bu ağır və məsuliyyətli vəzifəni boynuna götürən ilk mütəsəvvüf Nemətullah olmuşdur. İlk dəfə o, Quranı ayə-ayə başdan sonadək təsəvvüfi əsaslara görə təfsir etmişdir. Buna görə də təfsirində bu anlayışın bütünlüyünü və dərinliyini açmağa böyük cəhd göstərmişdir. Özündən sonrakı bütün mütəsəvvüflərin başlıca mənbəyinə çevrilən bu əsər İslam təsəvvüf ədəbiyyatının şah əsərləri arasında göstərilir”.
Son dövrlərdə, XXI əsrdə bu əsərə yenidən müraciət olunub. Türkiyədə yaşayan ilahiyyatçı alim Ali İhsan Türcan haqqında söhbət açdığımız əsəri Kayseri şəhərində “Naxçıvani təfsiri” adı altında üç cilddə nəşr etdirib. İlk cilddə 13, ikinci cilddə 20, üçüncüdə isə 81 surənin təfsiri və şərhi yer alıb. İlk cild 900, ikinci cild 773, üçüncü cild 904 səhifədən ibarətdir.
“Şərq qapısı” qəzetinin 6 yanvar 2018-ci il tarixli nömrəsində dərc olunan “Baba Nemətullah Naxçıvaninin şah əsəri” adlı məqalədə yazılır: “Əl-Fəvatih-ül-İlahiyyə vəl Məfatih-ül-Qeybiyyə” əsərində alimin şərhlərinə diqqət yetirdikdə aydın olur ki, Nemətullah Naxçıvani son dərəcə yüksək mədəniyyət və dühaya sahib alim olub. O, əsərlərində ən başda “Beyzavi” təfsiri olmaqla bir çox təfsirdən nümunələr verib. Bu da onun geniş səpkili mütaliəyə sahib olduğuna işarədir. Bəhs etdiyimiz əsər təsdiq edir ki, dahi alim “Qurani-Kərim”i əzbər bilib və bu dəyərli kitaba böyük hörmət bəsləyib”.
Qeyd edək ki, Naxçıvani məşhur təfsirini qələmə alarkən heç bir ədəbiyyatdan istifadə etməyib, öz fikirlərini sərbəst şəkildə, böyük elmi ustalıqla ifadə edib.
Artıq “Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi” çoxcildliyinin birinci cildi dilimizə tərcümə olunaraq “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə nəşr edilib.
Kitabın tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.
Adıçəkilən sərəncamda da qeyd edildiyi kimi Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olub. Şərqin bu böyük filosofunun elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edib.
Müəllif əsərini “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlandırmasının səbəbini belə izah edir: “Bilin ki, bu əsərə Allah dərgahından “Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi” adı verilib. Çünki bu əsərdə nə varsa, hamısı Allah-Taalanın bəxş edib ortaya qoyduğu, yalnız mərhəmətindən ibarət izahlardır. Bu əsər “Quran”ın sözlərini açıqlayır, Furqanın (haqqı batildən, doğrunu yanlışdan ayıran) hikmətlərini izah edir”.
Təfsirin “Giriş”inə nəzər saldıqda aydın olur ki, Nemətullah Naxçıvani irsinin tərcümə olunub oxucu auditoriyasına çatdırılması son dərəcə çətin prosesdir. Görkəmli alimin dilinin ağırlığı, İslam və təsəvvüfi terminlərin geniş şəkildə istifadəsi bu fikri söyləməyə əsas verir. Təqdirəlayiq haldır ki, kitabın tərcüməçisi Nərgiz İsmayılova elmi redaktoru Rəşad Zülfüqarovun da yaxından köməkliyi ilə bu ağır və məsuliyyətli işin öhdəsindən uğurla gəlib.
Nərgiz İsmayılovanın tərcüməçilik təcrübəsindən irəli gələrək əsərin səlislik və elmiliyinin qorunub saxlanılması gənc alimin həm elmə, həm də vətəninə olan sevgisinin bariz nümunəsi kimi diqqəti cəlb edir.
Bu qiymətli mənbə bir çox ilklərin vücud tapdığı Naxçıvan torpağının dünyada tanıdılmasında çox əhəmiyyətli rola malikdir.
Görkəmli İslam mütəfəkkirinin dəyərli təfsir əsərinə yazdığı 19 səhifəlik müqəddimə və girişin özü ayrılıqda bitkin bir elmi əsər təsiri bağışlayır. Bu giriş alimin “Vəhdəti-vücud” nəzəriyyəsi haqqında görüşlərini ehtiva edir, onun bilik və təfəkkür dairəsinin nə qədər dərin olduğunu göstərir.
Müəllifin “Qardaşlarımdan və dostlarımdan arzum budur ki, bu əsərə, sadəcə, ibrət gözü ilə baxsınlar. Fikir bildirərkən mənəvi zövq və vicdan hissi ilə oxusunlar. Sübut, nəfsi-hesab və təxminlə yox, real təhlil və müşahidə ilə yanaşsınlar” qeydi diqqəti çəkir.
Bundan başqa, tərcümədən də aydın olduğu kimi, Naxçıvaninin təfsirində hər surə üç hissədən ibarətdir: birinci hissə, təfsirə giriş, hər bir surənin təfsirinə görə fərqlilik kəsb edən şərhi.
İkinci hissədə həmin surənin bütün ayələrinin dolğun elmi izahı verilir. Üçüncü hissə isə surənin nəticəsi, yaxud xətmi adlandırılır. Burada Nemətullah Naxçıvani arif və saleh bəndələrə istiqamət vermək xarakteri daşıyan yekun nəticəni səlis və konkret şəkildə qələmə alıb.
Kitabın digər əhəmiyyətli xüsusiyyətlərindən biri ayələri qısa söz və cümlələrlə təfsir etməsidir. Orijinala xələl gətirilmədən, elmi əsaslara söykənərək edilən tərcümə və tərcüməçinin bəzi mətləblərə gətirdiyi izahlar əsərin aydın şəkildə dərk olunmasına və mütaliəsinə imkan verir. Bu da oxucunu təfsiri zövqlə oxumağa sövq edir. Təfsir kitabının bəzi səhifələrində müəllifin qaynaq verdiyi, istinad etdiyi mənbələr göstərilib. Surələrin əvvəlindəki hər “Bismillah” kəlməsi surənin girişinə uyğun şəkildə şərh edilir. Nemətullah Naxçıvani “Vəhdəti-vücud” nəzəriyyəsini təfsirinin hər məqamında araşdırmağa səy göstərib.
Əsərin 676 səhifəlik bu cildində müqəddəs kitabımızın, sadəcə, 13 surəsi və onun ayələrinin şərhi verilib. Ümid edirik ki, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tezliklə “Qurani-Kərim”in təfsirinin digər cildlərinin tərcüməsi kimi vacib bir missiyanı da uğurla yerinə yetirəcəkdir. Çünki böyük filosof, mütəfəkkir Nemətullah Naxçıvaninin bu təfsiri müqəddəs kitabımızdakı hikmətləri daha dərindən dərk etmək baxımından olduqca əhəmiyyətlidir.
Yeni nəşr Naxçıvanın İslam mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Əsər Ali Məclis Sədrinin təşəbbüs və qayğısı ilə Azərbaycan xalqına yenidən qazandırılan Nemətullah Naxçıvani irsi haqqında gələcək fundamental tədqiqatlar üçün qiymətli elmi mənbədir. Yeni nəşr geniş oxucu kütləsi üçün də dəyərli bir töhfədir.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü