Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Xalq yazıçısı Hüseyn İbrahimovun həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladıqları sərəncamların əhəmiyyətindən danışıb.
Bildirilib ki, Azərbaycan nəsrinin inkişafında və zənginləşməsində Xalq yazıçısının özünəməxsus xidməti vardır. Əsərlərinin məzmunu, janrı və mövzu əhatəliliyinə görə yazıçı geniş oxucu kütləsinin rəğbətini qazanıb. Tanınmış nasir, publisist və ziyalının həyat və yaradıcılıq yolundan ətraflı məlumat verən nazir Hüseyn İbrahimovun əsərlərinin rus, tacik, tatar, fransız və başqa dillərə tərcümə edildiyini bildirib.