Əziziyəm, hər aydan.
Hər fəsildən, hər aydan.
Kəlağayi örtən gəlin,
Gözəldi Gündən, Aydan.
İllər öncə tanış olduğum Sədərək rayon sakini Tamella xaladan bu bayatını hər dəfə eşidəndə bilirdim ki, yenə qədimdən qalan cehizılik sandığını açıb kələğayılarını “əzizləyir”. Bu sandıq onun cehizliyi idi, ən əziz və qiymətli əşyalarını orada saxlayırdı. Onun yaşı 70-i ötüb. 50 ildən artıq xoşbəxt bir ailənin fədəkar anası, əziz həyat yoldaşı, sevimli nənəsidir. Kənddə, şəhərdə bir yasa, toya gedəndə hər işdən öncə kəlağayılarını nəzərdən keçirir, həmin məclisə uyğun baş örtüyü seçir. Yaxın günlərdə qədim oğuz yurdu Sədərəkdə onunla həmsöhbət oldum. Nənə ilə söhbətə keçməzdən əvvəl bu qədim baş örtüyü haqqında bir neçə kəlmə:
“Kəlağayı – ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı. Mənbələrin məlumatına görə hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu.Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları yeləndəki ornamentlərinə görə bir-birindən seçilirdi.Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda belə şöhrət qazanmışdır. Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “ Saya buta” , Xırda buta çeşnilərindən daha çox istifadə olunmuşdur . “Heyratı”, “Soğanı”, “İstiotu “, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. Kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən istifadə olunur, müxtəlif bitki növlərindən – sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır. Kəlağayıdan Şərq ölkələrində istifadə olunsa da, o, Azərbaycandan eksport edilib. Ən vacib məqamlardan biri də məhz elə budur ki, kəlağayı yalnız bizə məxsus olub, bizim mənəvi dəyərlərimiz sırasında yer alıb. Adına qədim dövrlərin rayihəsi hopmuş kəlağayı Azərbaycan qadınlarının ənənəvi geyimlərində artıq üç əsrdən çoxdur ki, yer alan unikal bir elementdir. Qaynar rənglər və mumla naxışların salınması üçün istifadə olunan forma və matrissaların isə iki əsrlik tarixi var. Xam ipəkdən hazırlanan kəlağayı əvvəlcə bişirilir, naxışlanır, sonra isə boyanır. Onun haşiyəsi basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Hər bölgənin kəlağayısı digərindən əsasən haşiyəsindəki ornamentlərə görə fərqlənir. Kəlağayıların boyanmasında süni boyalardan az, təbii boyalardan çox istifadə olunur. Kəlağayılara xüsusi gözəllik qatan butanın isə öz mənası var. Belə ki, keçmişdə butadan möhür kimi istifadə olunub. Yüksək səviyyəli adamların hər birinin şəxsi möhürü olunub. Sənətkarlar və mütəxəssislər kəlağayının altı əsas xüsusiyyətini vurğulayırlar: mütləq ipəkdən hazırlnmalıdır, kvadrat formada olmalıdır, konkret ölçüləri olmalı, bəzədilməlidir, basmanaxış üsulu ilə naxışlanmalıdır və nəhayət, rəngli olmalıdır. Bu altı şərtdən biri yoxdursa, deməli, həmin örtük kəlağayı deyil.
Folklorumuzun dərinliklərində adına rastladığımız bu baş örtüyü YUNESKO-nun Qeyri maddi mədəni irs siyahısına əlavə olunmuşdur.
Onu da qeyd edək ki, neçə-neçə xalq sənətinin təşəkkül tapdığı, formalaşdığı Naxçıvanda kəlağayıdan əsasən XIX əsr və XX əsrin ortalarında istifadə olunub. Hazırda evlərdə nənələrin sandıqlarında bu qədim kəlağayılardan saxlayanlar da var.
Nənənin söhbəti:
Əvvəllər qadınların kəlağayı örtməsi adət idi. Heç bir gəlin evdən bayıra baş örtüyü olmadan çıxmazdı. Əgər evdə qaynata və böyük qayın varsa, mütləq yaşmaq da alardılar. Bu gəlinin üzünün görünməməyi üçün idi. Bu adət bəzi ailələrdə hələ də yaşadılır. Bu baş örtüyü o qədər müqəddəs sayılırdı ki, münaqişə zamanı hər hansı bir qadın başından açıb yerə atarsa, dava edən şəxs dərhal savaşı dayandırardı. Oğul anaları yadigar qalan kəlağayılarını evdə əzizləyib saxlayar və başına kəlağayı atdığı qızı evinə gəlin apardı. İgidlər döyüşə gedəndə öz sevdikləri ilə əhd peyman bağlayar, onların yaylıqlarını əmanət olaraq götürərdilər. Kəlağayını oğlana bağışlayan qız isə eşqinə ömürlük sadiq qalacağına and içərdi. Kəlağayını yeni qurulan ailənin təməli hesab edirdik. Elçilik mərasimində oğlan tərəfdən olan qadınlardan biri qırmızı kəlağayıya bürünmüş nişan üzüyünü qız evinə verərdi. Bu adət bu gün də qorunb saxlamaqdadır. Elçi getməzdən əvvəl nişan üçün ilk olaraq yaylıq alınar. Toya qonaq gələn qadınların da xonçasında ən dəyərli hədiyyə hesab olunar. Gəlin gətirilərkən onun başına ağ, üzünə qırmızı örpək örtmək, faytonu çəkən atın boynuna soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq adətimiz idi. Toyun sabahı gəlinin başına qırmızı kələğayı atardılar. Evin ən balaca oğlan övladı həmin kələğayını gəlinin başından götürər və həyətdəki bar verən ağacın budağından asardı. Bunun mənası yeni qurulan ailə barlı-bərəkətli, oğullu-qızlı olsun” deməkdir.
Tamella nənə onu da deyir ki, əsrlərdir qadınlarımızın gözəlliyini abır-həyasını tərənüm edən baş örtüyündən xeyir işlərlə yanaşı, yas mərasimlərində də müəyyən mənada istifadə edərdik, qara rəngli kəlağayı ilə dünyasını dəyişən insanın üstünü, məzarını örtərdik.Bir həyətdə toy məclisi varsa o darvazaya qırmızı, yas varsa qara yaylıq bağlamaq adəti hələ də var. Əgər rəhmətə gedən insan gəncdirsə, həmin evin darvazasına qara və qırmızı yaylıq eyni vaxta bağlanır. Kəlağayıları keçmişdə yaşlı qadınlar çalma kimi bağlayar, cavan qızlar isə örpək kimi örtərmişlər. Kişilərin başına geydiyi papaq qədimdən namus, qeyrət, əzəmət, mərdlik simvolu olduğu kimi, kəlağayı da qadın baş örtüyü olmaqla yanaşı gözəllik, zəriflik rəmzidir. Qadının başındakı kələğayının rəngi onun ailə vəziyyətindən də xəbər verirdi. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayı örtürlər. Həyat yoldaşını itirmiş qadınlar qara rəngli baş örtüyündən istifadə edərdilər. Rəhmətlik nənəm deyərdi ki, qədimdə qadınlar üzü örtülü gəzdikləri üçün onun evil və ya subay olduğu başına örtdüyü kələğayının rəngindən təxmin edilərdi.
Kəlağayının naxışları müxtəlif olsa da mən ən çox buta ilə bəzənəni sevirəm, – deyən nənə onu da vurğulayır ki, Naxçıvan torpağında bir zamanlar kəlağayı toxuma sənəti mövcud olsa da, sonralar bu sənət unudulub. Ordubad ipəyindən hazırlanan kəlağayılardan bir neçəsi bu günümüzə kimi gəlib çıxıb. Məndə 50 ildən çox yaşı olan kələğayı var. Bax, bunu rəhmətlik qaynanama öz qaynanası nişan günü bağışlayıb və deyib ki, sən də öz gəlininə verərsən. O vaxtlar sovet müstəmləkəsi olsaq da, analarımız əcdadlarımızdan yadigar qalan adətləri gizli-gizli yaşadırdılar. Və nə yaxşı ki, yaşatmışıq. Sevindirici haldır ki, bu günün cavanları da bu milli baş örtüyümüzə həvəs göstərirlər.
Bu gün Azərbaycanda milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız çoxdur. Onlar bu örtüklərdə daha cazibəli, daha füsunkar görünürlər.
Ramiyyə ƏKBƏROVA