Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovla görüş keçirilib.
İncəsənət fakültəsinin dekanı, dosent Günay Məmmədova qeyd edib ki, Abbasqulu ağa Bakıxanov nəslinin layiqli davamçısı olan, 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. Böyük sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, çox sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, universitetin Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi Yaşar Xəlilov vurğulayıb ki, Azərbaycan musiqi xəzinəsini zənginləşdirən sənətkarın əsərləri bu gün dünyanın 50-dən çox ölkəsində səslənir. 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olan Tofiq Bakıxanov musiqi sahəsindəki əməyinə görə yüksək mükafatlara layiq görülüb.
Görkəmli bəstəkar Tofiq Bakıxanov çıxışında minnətdarlıq hissi ilə bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov onun Naxçıvan mövzusundakı əsərlərini yüksək dəyərləndirir. Çıxışda Naxçıvanda musiqi mədəniyyətinin və təhsilinin inkişafına diqqət və qayğı göstərildiyi xüsusilə vurğulanıb.
Sonra bəstəkar tələbələrin suallarını cavablandırıb. Azərbaycanın musiqi tarixində özünəməxsus yer tutan görkəmli bəstəkarlarla bağlı xatirələrini bölüşüb.
Səadət ƏLİYEVA