Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif ali təhsil ocaqları arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq Qars Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında təhsil alan türkiyəli tələbələr Naxçıvan Dövlət Universitetinə gəliblər. 3 bakalavr, 1 magistr olmaqla, 4 tələbə və 1 müəllim heyətinin iştirakı ilə qonaqlar ixtisaslarına uyğun mühazirələr dinləyiblər.
Birhəftəlik təcrübə müddətində tələbələr universitetin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında tədris olunan dərslərdə iştirak edib, birgə müzakirələr aparıblar. Tələbələrin təcrübəsində faydalı əhəmiyyət daşıyacağı nəzərə alınaraq Jurnalistika və kitabxanaçılıq kafedrasında dilçiliyin elmi-nəzəri məsələlərinə dair dəyirmi masa təşkil olunub. Müzakirədə Azərbaycan dilçiliyi kafedrasının müəllimləri dilçiliyin ümumi cəhətlərindən bəhs ediblər. Qonaqlar Azərbaycan və türk dillərinin oxşar cəhətlərindən danışıblar. Qars Qafqaz Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları fakültəsinin Azərbaycan türkcəsi və ədəbiyyat ixtisası üzrə dosent, əslən Qazaxıstandan olan Çulpan Zaripova Çetin “Universitet” televiziyasına müsahibə verib. Universitetin İncəsənət fakültəsində musiqi sahəsində xüsusi bacarığı olan türkiyəli tələbələrin konserti də təşkil edilib. Emre Nalbantoğlu, Meltem Kaymakçı başda olmaqla, Naxçıvan Dövlət Universiteti tələbələrinin də qatıldığı konsert maraqlı və yaddaqalan olub. Tələbələr, eyni zamanda Naxçıvanın tarixi yerlərini ziyarət edib, muzeylərə ekskursiyalar təşkil olunub.
Qeyd edək ki, universitetlərarası qarşılıqlı əlaqə, təcrübə mübadiləsi tələbələrin gələcəkdə bilik və bacarıqlarının artırılmasında, yüksəkixtisaslı kadr kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir.
Səadət ƏLİYEVA