Ölkəmizdə qadın siyasətinin və qadın hərəkatının müxtəlif aspektlərinin gender münasibətlərində araşdırılması ciddi elmi və ictimai maraq doğurur. Buna görə də müasir dövrdə ölkəmizdə hüquqi dövlət, demokratik cəmiyyət, yeni iqtisadi münasibətlər sistemi quruculuğunun davam etdiyi bir şəraitdə qadınların cəmiyyətdəki rolunun araşdırılması zəruri və əhəmiyyətli məsələlərdəndir. Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın yeni nəşr edilən “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)” adlı dərs vəsaiti, ilk növbədə, müstəqillik dövrü Azərbaycan tarixşünaslığı üçün son dərəcə aktuallığı ilə səciyyələnir.
Dərs vəsaiti “Giriş”, 4 fəsil, “Nəticə” və istifadə olunmuş ədəbiyyatların siyahısından ibarətdir. Əsərin “Giriş” hissəsi rəsmi formada yazılmış və mövzu haqqında ilkin təsəvvür yaratmaq məqsədi daşıyır. Aydın olur ki, yeni nəşr həm Azərbaycan tarixinin müəyyən mərhələsini öyrənmək, həm də ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimində gender probleminə ayrıca diqqət yetirilməsi baxımından aktualdır.
Kitabın “Azərbaycan qadını 1970-1990-cı illərin əvvəllərində” adlı birinci fəsli 2 yarımfəsildən ibarətdir. “1970-1980-ci illərin ilk yarısında Azərbaycan dövlət qadın siyasəti və qadınların sosial tərəqqisi” adlı I yarımfəsildə müəllif 1969-cu ildə ulu öndər Heydər Əliyevin birinci dəfə Azərbaycanda ali hakimiyyətə gəlişindən sonra ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və siyasi həyatında baş verən mütərəqqi dəyişiklikləri ümumi şəkildə dəyərləndirib. Dahi şəxsiyyətin ardıcıl səyləri nəticəsində cəmiyyət həyatının fəal üzvünə çevrilən Azərbaycan qadını 1970-ci illərdən sonrakı dövrdə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. I fəslin növbəti yarımfəslində də tədqiq edilən dövrün yüksək elmi səviyyədə dəyərləndirildiyini görürük.
Kitabın “Azərbaycan Respublikasında dövlət qadın siyasəti” adlı II fəsli də yeni tarixi dövrdə qadın və cəmiyyət probleminin elmi əsaslarla öyrənilməsi baxımından maraq doğurur. Bu fəsil 3 yarımfəsli özündə birləşdirir. Müəllif belə bir elmi qənaətə gəlir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında qadın siyasəti daim dövlətin diqqətində olub, məhz dünyaşöhrətli dahinin səyləri ilə ölkədə sabitlik əldə edildikdən sonra hüquqi dövlətin Azərbaycan modeli yaradılıb və bu yeni dövlət modelində qadın və cəmiyyət probleminin prioritetliyi daim nəzərə alınıb.
Kitabın“Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında qadınların iştirakı” adlı III fəslində də cəmiyyət həyatında qadınların rolunun üç istiqamət üzrə öyrənildiyini və qiymətləndirildiyini görürük. Belə ki, 1990-cı illərin ikinci yarısından başlayaraq ölkə iqtisadiyyatında həyata keçirilən mütərəqqi islahatlar geniş şəkildə təhlil olunub, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi tərəqqi strategiyasının Azərbaycana qazandırdığı uğurlar dəyərləndirilib, ölkəmizin sosial-iqtisadi həyatında qadınların rolu məsələsi bütün yönləri ilə aydınlaşdırılıb. Cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən bəhs edən müəllif göstərir ki, Azərbaycanda azad sahibkarlığın inkişafına dövlət təminatının verilməsindən qadınlar da gərəyincə faydalanıblar. Müəllif Azərbaycanda qadın sahibkarlığının inkişaf tarixini mərhələlərə ayırıb, hər mərhələnin xarakterik xüsusiyyətlərini müəyyənləşdirib, bu sahədə daha böyük uğurların əldə ediləcəyinin labüdlüyünü məxsusi vurğulayıb. Eyni zamanda Azərbaycan qadınlarının sosial-mədəni həyatı araşdırılıb.
Dərs vəsaitinin “Azərbaycanın ictimai-siyasi həyatında qadınların iştirakı” adlı IV fəslindəki təhlillər də məntiqi təsir bağışlayır. Fəsil daxilində öyrənilən problemin istiqamətləri nəzərə alınmaqla müəllif elmi təhlillərini üç yarımfəsil üzrə aparıb, bu zaman xronoloji ardıcıllığın və sistemliyin gözlənilməsinə məxsusi diqqət yetirib.
Adıçəkilən nəşr tarix üzrə elmlər doktoru, genderşünas Sevinc Abbasovanın elmi ümumiləşdirmə qabiliyyətini təsdiqləməklə bərabər, son dərəcə qiymətli nəzəri müddəaların irəli sürülməsi ilə səciyyələnir. Zəngin faktlar əsasında yazılmış, elmi yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti ilə diqqəti cəlb edən bu kitab oxucular üçün qiymətli mənbə, tarix elminə dəyərli töhfə ola bilər.
Gülcamal TAHİROVA