Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqovun 13 rəsm əsəri muzeylərə hədiyyə edilib.
Bu münasibətlə keçirilən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, muxtar respublikada incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinin də inkişafına dövlət qayğısı göstərilir. Son illər diyarımızda rəsm festivallarının keçirilməsi, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilərin təşkili və tanınmış rəssamların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi rəssamlığın inkişafına göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Bildirilib ki, mədəniyyətimizin inkişafına töhfə olan muzeylərimizə eksponat hədiyyə edilməsi işi bu gün Naxçıvan Muxtar Respublikasında ənənə halını alıb. Son illər muxtar respublikada fəaliyyət göstərən muzeylərə eksponatların təhvil verilməsi Naxçıvanda mədəniyyətin təbliğinə, bu sahənin inkişafına göstərilən qayğı kimi dəyərləndirilir. Bugünkü təqdimat mərasimi də bu qəbildən olan mədəni hadisə kimi biz mədəniyyət adamlarını sevindirir.
Əməkdar rəssam Həmzə Sadiqovun yaradıcılıq yoluna nəzər salan mədəniyyət naziri qeyd edib ki, onun əsərləri Naxçıvan Dövlət Rəsm Qalereyasına, Naxçıvan Dövlət Tarix Muzeyinə, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə və Qarabağlar Türbə Kompleksinə də hədiyyə edilib. Diqqətçəkən cəhət ondan ibarətdir ki, tarixi-memarlıq abidələrinin təsvirinə həsr olunan rəsm əsərlərinin bəzilərində həmin abidələrin bərpadan əvvəlki və bərpadan sonrakı təsviri verilib. Muzeylərə hədiyyə edilən rəsm əsərlərinin bəziləri rəssamlıq sənətinin portret janrında çəkilib. Digər rəsm əsərlərində isə muxtar respublikada mövcud olan tarixi-memarlıq abidələri ustalıqla təsvir edilib. Bu cür təsvir isə gələcək tədqiqatçılar üçün dəyərli fakt ola bilər.
Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökumə Məmmədli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırıq və tövsiyələrinə əsasən muzey fondları daha da zənginləşdirilir. Həmzə Sadiqovun muzeyimizə hədiyyə etdiyi bu əsərlər gələcəkdə qalereyanın fondunun zənginləşməsinə kömək etməklə yanaşı, ekspozisiyada nümayiş zamanı muzeyə gələn tamaşaçıların bədii-estetik zövqünün formalaşmasında da əhəmiyyətli rol oynayacaqdır. Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru nəcib təşəbbüsünə görə kollektiv adından Həmzə Sadiqova minnətdarlıq edib, rəssama yaradıcılığında yeni-yeni uğurlar arzulayıb.
Əməkdar rəssam Həmzə Sadiqov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək bildirib ki, sənət əsərlərinin rəssamlarımız tərəfindən mədəniyyət müəssisələrinə hədiyyə edilməsi rəssamların mənəvi vətəndaşlıq borcu kimi ənənə halını almalıdır.
Gülcamal TAHİROVA