Keçirilən tədris planına uyğun olaraq 2019-2020-ci tədris ilində Xarici dil (İngilis) müəllimliyi ixtisasına qəbul olan Hazırlıq kursu tələbələrinin çərşənbə günləri ənənəvi olaraq müəyyən olunmuş qrafiklə təşkil olunan ekskursiyaları davam etdirilir.
“Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin Hazırlıq kursunun tələbələri Gülüstan türbəsində olublar.Ekskursiyanın qatarla təşkil olunması tələbələrdə böyük maraq yaradıb.
Türbənin bələdçisi Zeynəb İsmayılova İngilis dilində tələbələrə türbə haqqında məlumat verib.
Bildirib ki, Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Türbənin 12 üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formasındadır) isə yonulmuş daşdan tikilmişdir. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə (kürsülüyündə) yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla çərçivələnmişdir. Qüllənin üzlərinin hər biri qabarıq tinlərin haçalanması yolu ilə tağlarla tamamlanır. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi burada da taxçaların içi incə həndəsi naxışlarla örtülmüşdür. On iki üzdə naxışları diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, burada ardıcıllıq yalnız ardıcıl təkrarlanan üç növ həndəsi naxış çeşnisindən ibarətdir.
Qeyd edilib ki, gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktit şəkilli oyma qurşaqla əhatə edilmişdir. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və elastik görkəm verir. Gülüstan türbəsinin fəza quruluşu çevrədən kvadrat əsasa, kubik tutumdan konik əsasa və beləliklə, mütənasiblik sistemlərinin bir-birinə keçməyin bədii texniki həllinin parlaq nümunəsidir. Memarlıq formalarının arasında mütənasiblik, biçim və naxışlarının incəliyinə görə Gülüstan türbəsi bu daş türbələrdən üstünlüyü ilə seçilir.