Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Hüseyn Cavidin nakam övladı, parlaq istedad sahibi Ərtoğrolun şeirə, sənətə, poeziyaya olan vurğunluğu hələ uşaq yaşlarından özünü büruzə verib. O, hələ ikinci sinifdə oxuduğu zaman “Ay” adlı şeir yazmış və bununla diqqət çəkmişdi.
Ərtoğrol Cavid 1936-cı ildə Vladimir İliç Lenin adına Pedaqoji İnstituta (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olmuş, 1940-cı ildə isə ali təhsilini uğurla başa vurmuşdu. İnstitutda oxuya-oxuya o, dahi bəstəkar Bülbülün rəhbərliyi ilə fəaliyyət göstərən Musiqi Elmi-Tədqiqat Kabinetində (METK) çalışıb. Hər iki elm ocağı Ərtoğrol Cavidin filoloq-alim, dramaturq, tərcüməçi, musiqişünas və bəstəkar kimi yetişməsinə zəmin yaratmışdı. Əgər ali məktəbdə Ərtoğrol Cavidə ictimai-pedaqoji hərəkatın əsas simaları sayılan Mir Cəlal Paşayev, Əli Sultanlı, Cəfər Xəndan, Məmməd Cəfər, Əkbər Ağayev, Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə kimi Azərbaycan elminin klassikləri mühazirələr oxumuşdularsa, musiqi sahəsində də Bülbül, Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Cabbar Qaryağdı, Seyid Şuşinski kimi nəhənglərdən dərs almış, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev və başqa parlaq şəxsiyyətlərlə çiyin-çiyinə işləmişdi.
Ərtoğrol Cavid ali təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş (1941) və musiqi təhsilini daha da təkmilləşdirmişdi. Yaradıcılığa “TOƏC” (Türk Oğlu Ərtoğrol Cavid) imzası ilə başlamışdı. Sovet rejiminin tüğyan etməsinə, atasının repressiyaya məruz qalmasına baxmayaraq, Ərtoğrol imzasını dəyişməyərək milli kökə, milli ruha ömrünün sonuna qədər sadiq qalmışdı.
“Göyərçinin naləsi”, “Sönük həyat”, “Qalibiyyət nəğməsi”, “İspan qadının dilindən layla” kimi şeirlərində ömrünün qayğısız günləri və yaşına uyğun gəlməyən bədbinlik notları öz əksini tapıb. Ərtoğrol Cavidin çoxçalarlı yaradıcılığına nəzər salanda görürük ki, onun əsərlərində nəcib əxlaqi keyfiyyətlər öz qabarıq əksini tapır. O keyfiyyətlər Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldırmaq ideyası ilə birləşir.
Ərtoğrol Cavidin əsas amalı xalqını azad, müstəqil görmək idi. Onun bütün yaradıcılığı Azərbaycan xalqının soykökünə bağlılığa, milli azadlığa və müstəqilliyə çağırır. Yüksək mədəniyyətə malik vətənpərvər, humanist, işgüzar, dərin düşüncəli pedaqoq, fədakar mədəniyyət xadimi Ərtoğrol Cavidin vur-tut 24 illik (1919-1943) ömür yolu hər mənada gənclərə nümunə sayıla bilər.
“Etüd”, “Uğursuz gecə”, “Bir obraz”, “Vərəmli qız”, “Həyat”, “Dostlar”, “Professorun ailəsi”, “Eqoistin taleyi” kimi əsərlərində ictimai-sosial, mənəvi-əxlaqi məsələlər geniş şəkildə öz əksini tapıb. Ərtoğrol Cavidin 1939-cu ildə tamamladığı və gənclərin maraq dairəsinə sahib olacaq ilk əsəri “Eqoistin taleyi” adlı birpərdəli pyesidir. İlkin variantı “Emirqant, yaxud Vətən qatili” adlandırılan pyesdə müəllif iki qardaşın – Nəjmud və Bəkrinin həyat yolunu təsvir edir.
Böyüməkdə olan gənc nəslin nəcib keyfiyyətlər ruhunda tərbiyə edilməsi, onlara çox kiçik yaşlarından müsbət əxlaqi və mədəni vərdişlər aşılamaq Ərtoğrol Cavidin ən mühüm ideallarından biri olmuşdur. Bu isə onun gənclərə Vətənin, xalqın gələcəyi, istinadgah nöqtəsi, ümid çırağı kimi baxmasından irəli gəlirdi. Ona görə də həssas qəlbli şair-dramaturq Vətən övladlarının tərbiyəsi ilə məşğul olmağı və onlardan gələcəkdə yüksək mənəviyyatlı, saf əxlaqlı şəxslər yetişdirməyi təxirəsalınmaz bir vəzifə kimi irəli sürürdü. Bu işin çətinliyi isə Ərtoğrol Cavidin yaşadığı dövr və qeyri-normal ictimai mühit ilə əlaqədar idi. O, elə bir şəraitdə yaşayırdı ki, bu zaman uşaq və gənclərin milli ruhda tərbiyəsi ilə məşğul olmaq, onlardan Azərbaycan naminə yüksək ideallı şəxslər yetişdirmək prioritet deyildi. Dövr və ictimai quruluş bu işin əleyhinə idi, hadisələr bu baxımdan öz mənfi təsirini göstərirdi.
Ərtoğrol Cavid atasının yolunu tutaraq həmişə ictimai mübarizədə məzlum təbəqələrin tərəfində olmuşdu. Onda zəhmətkeş kütlələrə dərin rəğbət, Vətənin mütərəqqi qüvvələrinə böyük inam, başqa xalqların mədəni nailiyyətlərini yüksək qiymətləndirməklə yanaşı, xalqı əzən yadlara qarşı dərin nifrət hissi çox güclü idi. Ərtoğrol Cavidin vətənpərvər qayəli əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təhlili sübut edir ki, onun vətənpərvərlik ideyaları zorakılığa, istismara, ədalətsizliyə, cəhalətə, nadanlığa qarşı çevrilmiş doğma Vətənin, xalqın taleyi ilə bağlı olan vətənpərvərlik duyğularıdır.
Hüseyn Cavid “Həsb-hal” əsərində yalnız öz ambisiyalarına xidmət edənləri “buqələmun” adlandırırdı. O yazırdı ki, belə buqələmunlar “Araz kənarına varır-varmaz bir kərə düşünər, hər şeydən əvvəl, özü üçün bir sərmayə arar... İşi yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı coşub-daşaraq qızğın, dəhşət-nak nitqlər söyləməyə başlar, iştə kiçicik bir nümunə: “Cəmaət, cəmaət! Vətən, məmləkət xərab oldu”. Göründüyü kimi, əxlaq tərbiyəsindən bəhs edərkən Ərtoğrol Cavid atasının yaradıcılığındakı ideya və amalı üstün tutaraq öz əsərlərində də acgözlüyü, mənsəbpərəstliyi, fərdiyyətçiliyi, riyakarlığı və digər mənfur cəhətləri kəskin tənqid etmişdir.
Ərtoğrol Cavidin folklor mədəniyyəti ilə bağlı araşdırmaları da olduqca təqdirəlayiqdir. O, doğulduğu yurdun el adət-ənənələrini, mədəniyyət nümunələrini, xalq nağıllarını, musiqisini “Xalq poeziyasında yeni mündəricə”, “Müdafiə tematikası”, “Koroğlu” dastanı haqqında”, “Muqum şah” nağılının təhlili” kimi məqalələrində diqqət mərkəzinə çəkmişdi. Rəşid Şəfəq “Şimşək ömrü” adlı məqaləsində (“Mədəniyyət” qəzeti, 25 aprel 1991-ci il) qeyd edir ki, “Ərtoğrol Cavid vaxtilə 200-dən artıq el havasını və xalq mahnısını toplayıb çapa hazırlamışdı. Əfsus ki, onlar işıq üzü görmədi”.
Müştərək işlənərək yığılan və tərtib edilən atalar sözləri, almanaxlar, xalq musiqisi notları kitab halına salınaraq nəşr olunan zaman isə Ərtoğrol Cavidin adının orada verilməsi ya “unudulmuş”, çıxarılmış, yaxud da silinmişdir. Çünki kitablara “xalq düşməni”nin oğlunun adının yazılması kimlər üçünsə təhlükə doğura bilərdi. Əlbəttə, bütün təhlükələri göz önünə alaraq Ərtoğrol Cavidə mənəvi və maddi dəstək göstərən Əziz Şərif, Rəsul Rza, Mir Cəlal Paşayev, Əli Sultanlı, Bülbül, Üzeyir Hacıbəyov, Məhəmməd Tağı Sidqi kimi böyük şəxsiyyətlər də olmuşdur.
Ərtoğrol Cavid həm də rəssamlıq sənətinə yiyələnmişdi. İşıq və kölgə tənasübü, kolorit ustalığı, nikbin və sağlam ruh onun fırçasında öz dolğun əksini tapmışdır. Bu gün Hüseyn Cavidin ev-muzeyində qorunan Mişkinaz Cavidin portreti ona məxsusdur. Bununla yanaşı, gürcü aktrisası Nata Vaçnadzenin, güləşçi Verderin, həmçinin Şekspirin, Bethovenin, Abbas Mirzə Şərifzadənin canlandırdığı “Şeyx Sənan” və “İblis” surətləri Cavidlər ailəsində yetişən bu böyük istedadın fırçaya bələdliyinin aşkar təsdiqidir.
Ərtoğrol Cavid bu gün də ədəbiyyatımızda, musiqişünaslığımızda, eləcə də rəssamlıq sənətimizdə özünəməxsus yer tutur. Onun şəxsiyyətini və irsini diqqət mərkəzində saxlayan dövlətimiz, ümumilikdə, Cavidlər irsinin qorunması, yaşadılması, öyrənilməsi məqsədilə paytaxt Bakıda və Naxçıvanda Hüseyn Cavidin ev-muzeylərini yaradıb. Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavid şəxsiyyəti uca tutularaq onun adı musiqi və bədii sənətkarlıq məktəblərindən birinə verilib, Hüseyn Cavidin ev-muzeyində zəngin irsindən nümunələr toplanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı 2019-cu il 18 aprel tarixli Sərəncama əsasən onun 100 illik yubileyi muxtar respublikamızda geniş şəkildə qeyd olunur. Bu mühüm dövlət sənədi haqsız təqiblərə məruz qalmış, repressiyaya uğramış ulu Cavidin ailəsinə göstərilən diqqət və qayğının ifadəsidir.
Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Əməkdar müəllim