Görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçıları noyabrın 18-də Fəxri xiyabana gələrək C.Məmmədquluzadənin məzarı önünə əklil qoyub və qərənfillər düzüblər.
Anım mərasimində C.Məmmədquluzadə nəslinin davamçıları nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak ediblər.
Anım mərasimində AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun direktoru, akademik İsa Həbibbəyli deyib: “Cəlil Məmmədquluzadənin kim olduğunu dünyada bilənlər çoxdur. Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı Azərbaycan xalqının milli oyanışına, istiqlalına və mübarizəsinə həsr olunub. O, ədəbiyyatımıza yeni dəyərlər, istiqamətlər, forma və məzmun gətirib. Cəlil Məmmədquluzadənin adı çoxəsrlik Azərbaycan ədəbiyyatının böyük klassikləri sırasında dayanır. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ədibin yaradıcılığına hər zaman yüksək qiymət verib. Prezident İlham Əliyevin sərəncamları ilə Cəlil Məmmədquluzadənin 140 illiyi, bu gün isə 150 illiyi ölkəmizdə geniş qeyd olunub. Cəlil Məmmədquluzadənin sənəti ölməzdir və hər zaman xalqımızın yaddaşında əbədi yaşayacaq”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında Cəlil Məmmədquluzadənin yaradıcılığına toxunub. Bildirib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir.
Tədbirdə iştirak edən C.Məmmədquluzadənin nəticəsi M.Cavanşiri belə bir tədbirdə olmağından təsirləndiyini bildirib. O deyib: “Fəxr edirəm ki, ulu babam Azərbaycan xalqının bu qədər sevgisini qazanıb. C.Məmmədquluzadəyə ehtiramla yanaşdıqları üçün Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, elmi-praktik konfrans Mədəniyyət Nazirliyi, TÜRKSOY, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.