22 Dekabr 2024, Bazar

Kiçik Qafqaz sıra dağlarının Zəngəzur və Dərələyəz silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının eyniadlı paytaxtı Araz çayına doğru uzanan yaşıl düzənlikdə yerləşir. Təyyarə səfərimdə ilk dəfə gedəcəyim Naxçıvan haqqında düşünürdüm. Orada nə ilə qarşılaşacağım haqda heç bir anlayışım yox idi. “Ən yaxşısı hər şeyi gedib görməkdir”, – deyə düşünərkən, sərnişinlərin “Naxçıvana düşdük” sözləri ilə birdən qəlbim döyünməyə başladı. Təyyarə uçuş-enmə zolağına enən anda içimdə inanılmaz rahatlıq hiss etdim və inanılmaz bir təbəssümlə təyyarədən endim. Mən Naxçıvandayam. Burada danışılan Azərbaycan türkcəsinin ana dilim türkcə ilə çox oxşarlıqları olsa da, mühüm fərqləri də vardır. Səfər boyunca məni gülümsədən, mehribanlığını hiss etdiyim bu şəhərdə daha nə ilə qarşılaşacağımı düşünürəm.

Naxçıvana gələrkən, buranın yaşadığım ölkə – Türkiyə ilə sərhədi olduğunu öyrəndim. Ağrıdağın qarlı zirvəsi uzaqlardan bu məlumatı təsdiqedərcəsinə bizi salamlayırdı.

Düşünürəm ki, görəsən, Həzrət Nuhun gəmisi qədim Naxçıvan əfsanələrində deyildiyi kimi, Haçadağın, yoxsa Ağrıdağın zirvəsinə toxunub? Bu düşüncələrlə məni qarşılayan dəyərli naxçıvanlı dostlarımla şəhərin görməli yerlərinə gedirik.
Naxçıvanda möhtəşəm bir məscid tikilir. Məscidə gedən yol üzərində olan Möminə xatın türbəsi isə XII əsrdə Azərbaycan Atabəyi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatının şərəfinə memar Əcəmi Əbubəkr tərəfindən inşa edilib. Türbənin xarici hissəsini bəzəyən həndəsi kompozisiyalar, firuzəyi rəngli plitələr və kufi xətti ilə yazılan “Yasin” surəsi o qədər gözəl işlənib ki, heyran qaldım.
Mən fəxr edirəm ki, o dövrün şərtləri altında bir qadın üçün belə bir abidə ucaldılıb. Ətrafa baxanda çox təsirlənirəm. Möminə xatın türbəsinin yanında yerləşən Açıq Səma Altında Muzey 2002-ci ildə qurulub. Burada Naxçıvan Muxtar Respublikasının ərazisində müxtəlif illərə aid daşdan düzəldilmiş qoç heykəlləri, daş kitabələr, müxtəlif daş fiqurlar və sənduqələr yer alıb. Tezliklə hər yeri görmək istəyirəm…
Bayraq Muzeyində 300-dən çox eksponat sərgilənir. Rəngli vitrajlar, sadə və bir o qədər də şanlı görüntü yaradır. Burada gün batışını seyr etməyi xəyal edirəm. Naxçıvanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılan muzeyə gedirik. Bizi çox gülərüzlə qarşılayırlar. Bələdçinin duyğulu şəkildə məlumat verməsi məni dərindən təsirləndirir.
1999-cu ildə qurulmuş muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) xüsusi sənəd və materiallar, məktublar, qərar və sərəncamlar, Türkiyə Respublikası və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzalanmış müqavilələrin və Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinin surətləri toplanıb. Burada dahi lider Heydər Əliyevin şəxsi əşyaları da saxlanılmaqdadır. Ümumilikdə, muzeydə 4536 eksponat vardır.
Naxçıvanlılar yaşadıqları yerin inkişafına, eləcə də adət və ənənələrinə böyük əhəmiyyət verirlər. Nəzir vermək və qurbanlar kəsmək, müxtəlif dua və niyyətlər üçün ziyarət edilən Əshabi-Kəhfə gedirik. Deyilənlərə görə, vaxtilə yeddi kimsənələrin yatdığı bu mağaradakı damcıxanada dilək dilənir və burada üstünə su damlasa, istəklərin qəbul olunacağına inanılır.

Əlbəttə ki, yavaşlamadan yolumuza davam edirik. Tarixboyu yerləşdiyi nöqtə ilə cazibə mərkəzi olmuş Naxçıvan sahib olduğu mineralları ilə, həm də şəfa mərkəzidir. Şəhər mərkəzindən 10-12 kilometr uzaqlıqdakı Duz dağının içində 110 metr dərinlikdəki mağaraları gəzərkən qısa müddətdə nəfəs aldığım duzlu havanın təsirini göstərməsi məni daha çox maraqlandırdı. Bizə məlumat verən dostlarımızdan öyrəndik ki, 1979-cu ildən xidmət göstərən fizioterapiya mərkəzinə hər il müalicə almaq məqsədilə fərqli millətlərdən yüzlərlə astma və bronxit xəstəsi gəlir. Uzaqdan gələn xəstələri oteldə yerləşdirmək üçün mehriban heyət mövcuddur. Naxçıvana heyranlığım bir daha artdı. Ən ucqar kəndlərdə belə, gözəl məktəblər var. İlk görəndə universitet olduğunu düşündüm. Lakin sonradan öyrəndim ki, məktəb binalarıdır. Məni təəccübləndirən kənd yollarının asfaltlanması, şəhərdən heç bir fərqin olmaması idi.
Batabat gölü və Üzən ada – Kiçik Qafqaz dağlarında yerləşən yaylaq yeri heyranedici idi. Təbiətin gözəl guşələrindən biri olan Batabat yaylağı, gül-çiçəkli çəmənlikləri, təbii gölü, sadə və təmiz dağ havası... Burada ən maraqlısı, təbiətin yaratdığı Üzən ada idi.
Əlincəqala möhtəşəm bir abidədir. Heyran qaldım... Bütün turistlər bu gözəlliyi görməlidirlər. Tarixiliyini qoruyaraq bərpa edilmiş, heyran­edici gözəlliyə sahib qalaya çıxmaq üçün daş pillələr düzəldilib, tam zirvəyə çatmaq istəyirsinizsə, 2700 pilləni qalxmaq lazımdır. Pillələri qalxarkən Naxçıvanın möhtəşəm mənzərələrini görə bilərsiniz. Təbii ki, qaladan günbatımını izləmək də möhtəşəmdir.
Səyahətimizin son günü – şənbə günündə yerli məhsulların nümayiş edildiyi “Ailə təsərrüfatı məhsulları” festivalına getdik. Kəndlilər – ailə təsərrüfatçıları zəhmətlə yetişdirib, ərsəyə gətirdikləri məhsulları alıcılara təqdim edirdilər. Naxçıvanda qaldığım 4 günün necə keçdiyini hiss etmədim. Oradakı gənc jurnalist dostlarımıza verdiyimiz müsahibələr, etdiyimiz söhbətlər, onların gülümsəyən simaları, bizi müşayiət edən dostlarımızın qonaqpərvərliyi çox lütfkar idi. Biz bu mədəniyyəti çox axtarırıq. Yaxşı ki Naxçıvana gəldim.
Saat Meydanında dinlədiyim möhtəşəm musiqi hələ də qulağımdadır. Əminəm ki, bu şəhərə bir daha gələcəyəm, siz də mütləq gəlin. Mədəniyyəti, şəhərin təmizliyini görün, restoranların gözəlliyinə, xüsusən səliqə-sahmana, qonaq­pərvərliyə şahid olun və özlərinəməxsus yeməklərdən dadın, o vaxt mənə haqq verəcəksiniz.

Ayten Alkaşı
www.siyasalbirikim.org

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR