İslam Səfərli Azərbaycan təbiətinin vurğunu və onun ən gözəl tərənnümçülərindən biridir – desək, zənnimizcə, onun oxucularının ürək sözlərini ifadə etmiş olarıq. Ana yurdumuzun bir-birindən gözəl mənzərələri ustad şairin şeirlərində ustalıqla tərənnüm edilmişdir. Bəzən “quzu kimi” sakit, “göy köynəyinə ütü çəkmiş Xəzər”, bəzən də şahə qalxmış dalğaları hayqıraraq, sahilləri gəmirən Xəzər, qumlu sahillər, havası can dərmanı, şanısı ağızlarda bal dadan Naxçıvanın gözəl guşələri: Batabat yaylaqları, Xalxal meşəsi, Şərur düzü və sair şair şeirlərind Naxçıvan torpağının ətri duyulmaqdadır.
Görkəmli ədəbiyyatşünas Pənah Xəlilovun sözləilə desək İslam Səfərlini oxucu üçün hörmətli edən, onun “həqiqətpərəstliyi və sadəliyidir”. İslam Səfərli özünün poetik imkanlarını nəzərə alır, vərdiş etdiyi yazı tərzini tez-tez dəyişməyi xoşlamır. Beş-on ildən bir dəyişən dəb onu cəlb etmir; bu poetik modanın fiqurları, obrazlı ifadələri şairin yaradıcılıq təbiətinə təsir göstərmir. Əlbəttə, həssas oxucu başa düşə bilər ki, bu mühafizəkarlıqdan, yeniliyə biganəlikdən doğmur. Bu vəziyyəti rəngarənglikdən qaçmaq kimi də izah etmək olmaz. Bunu ancaq və ancaq şairin öz imkanlarına, öz üslubuna, poetik aləminə sədaqəti kimi mənalandırmaq daha doğru olardı. Şair “Mənim adi günlərim” şeirində səmimi etiraf edir:
Süni ucalmaq hissi
Mənə heç yaraşmayır.
Yöndəmsiz ucalandan
Xalqıma kar aşmayır.
İslam Səfərli hiss edir ki, hansı bir dəbə uysa özündən uzaqlaşacaq, qeyd
etdiyi kimi, “yöndəmsiz” olacaqdır.
Azərbaycanın xalq şairi Məmməd Rahim İslam Səfərlinin yaradıcılığından bəhs edərək yazır ki, “İslam Səfərli anadan olduğu, böyüyüb boya-başa çatdığı yerləri özünə xas olan səmimiyyət və istedadla qələmə alır, oxucularda bu yerlərə maraq oyadır. Bu şeirləri oxuyan adam sanki Naxçıvanı seyrə çıxır. Şair Naxçıvanın “Gəlin daşı”nı, “Batabat”ını, “Xal-xal meşəsi”ni, gecə-gündüz Vətəni qoruyan sərhədçinin düşüncələrini tərənnüm edir. Şair, doğma Naxçıvanı hədsiz bir məhəbbətlə sevir” (M.Rahim. “Həyatın nəfəsi”. “Ədəbiyyat və incəsənət” qəzeti, 25 iyun 1960).
Şeir həyatiliyi sevir. Realizm şeirin canıdır. İslam Səfərli şeir kitablarında bu prinsipə əməl etməyə çalışmışdır. Şair dostluğu, dəyanəti, yeni dünya quranların rəşadətini, bir sözlə, yaxşı sifətləri ifadə etmək üçün Naxçıvanı zəminə seçmişdir. “Tanış gözlərdə” adlı şeirində bunu daha aydın görmək olar:
Şəhəri aramla gəzirəm yenə,
Qəlbimdə həyatın zövqü, nəşəsi.
Dünyada hər yerdən xoş gəlir mənə
Bu Şərqin qapısı, Şərqin guşəsi.
İslam Səfərli Naxçıvanı poetikləşdirir. Batabat bulağı şairin şeirlərində canlanır. Biz şeirdə bulağın sərinliyini, şəffaflığını duyuruq, onun suyundan ovuc-ovuc içmək istəyirik. “Batabat bulağı” əsil şeir nümunəsidir. Bu şeirin misraları sinəmizi qürur hissilə qabardır, biz dönə-dönə onu təkrar eləmək istəyirik:
Bulaqların bir səmtədir axarı,
“Salvartı”nın xoş görünür baxarı,
Biçənəkdən at səyirdib yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
“Batabat bulağı”nı tamamlayan, oxucuları ruhlandıran, onlarda Vətənə, onun təbiətinə, insanlarına məhəbbət oyadan şeirlərdən “Xal-xal meşəsi” də diqqəti cəlb edir.
Vayxır çeşməsinin suları bumbuz,
Buluddan ay çıxdı, taladan ulduz.
Bir az da aşağı düşdü yolumuz,
Gəldi qulağıma quşların səsi,
A Xal-xal meşəsi, Xal-xal meşəsi!
Mehmanın olduqca neçə əhli-hal,
Kəsilməz qoynundan nə tar, nə qaval.
Babalar adına desə də Xal-xal,
Sənsən yurdumuzun dilbər guşəsi,
A Xal-xal meşəsi, Xal-xal meşəsi!
Göründüyü kimi, şair çalışır ki, şeirlə təbiət arasında vəhdət yaratsın, şeirləri vəzncə oynaq və ahəngdar olsun.
Yeri gəlmişkən deməliyik ki, səmimilik, axıcılıq, oynaqlıq, musiqiyə uyarlılıq İslam Səfərlinin şeir yaradıcılığını xarakterizə edən vacib əlamətlərdir. Onun şeirlərində yerinə düşməyən söz, ifadə tapmaq mümkündür, ancaq səmimilikdən kənar bir hiss, boğazdan yuxarı deyilmiş ifadə, şeirin axarını pozan misra tapmaq çətindir. Şair sözlərin düzümünə, şeirin ahənginə, musiqisinə xüsusi fikir verir.
Musiqi kimi incə,
Zərif bir bəstədir söz.
Nə vəzn – hecada,
Nə də sərbəstdədir söz,
Azərbaycan şeiritək
Qoca vəznliyəm mən;
Min bir bulaq axarlı
Heca vəznliyəm mən!
Bizcə, İslam Səfərlinin şeirlərindəki bu mühüm cəhət – ahəngdarlıq, musiqiyə uyarlıq onun nəğməkar şair kimi tanınmasında əsas rol oynamışdır. Tamaşaçılar və dinləyicilər radio dalğalarında, televiziya ekranlarında İslam Səfərlinin sözlərinə yazılmış nəğmələri tez-tez eşidirlər. Görkəmli bəstkarlarımızdan Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Ramiz Mustafayev, Emin Sabitoğlu, Ramiz Mirişli, Nəriman Məmmədov və başqaları İslam Səfərlinin poeziyasına müraciət etmiş, onun nəğmələrindən ilhamlanmışlar. “Ana”, “Bir könül sındırmışam”, “Bakı, sabahın xeyir”, “Buludlar”, “Ağ şanı, qara şanı”, “Gəncliyimi gəzirəm”, “Qonaq gəl bizə”, “Ay öpüşən dalğalar”, “Nə vaxta qaldı” və s. mahnıları dillər əzbəri olmuşdur.
Görkəmli ədəbiyyatşünas Abbas Zamanov 1941-1945-ci illərdə gedən Böyük Vətən Müharibəsi illərində İslam Səfərli ilə (1944-cü ildə) tanış olmaq imkanına nail olmuşdur. “Otuz il əvvəl” sərlövhəli yazısında Zamanov yazır ki, “qərargahda mənə dedilər ki, kəşfiyyat rotasında xidmət edən bir azərbaycanlı döyüşçü növbəti təltifə təqdim olunmuşdur. Təltif vərəqəsini alıb oxudum. Budur, həmin vərəqədən götürdüyüm qeydlər: Serjant İslam Əhməd oğlu Səfərli indəyədək on dəfə kəşfiyyatda olub. Üç dəfə “dil” tutulub gətirilməsində iştirak edib. Kəşfiyyat zamanı ən təhlükəli dəqiqələrdə vəziyyətdən çıxmağı bacarır. Təvazökardır. Rotada yoldaşlarının hörmət və etibarını qazanmışdır” (A.Zamanov. “Otuz il əvvəl”. “Ədəbiyyat və incəsənət” qəzeti. 16 noyabr 1974).
Yekun olaraq qeyd edək ki, gözəl şair və dramaturq İslam Səfərlinin parlaq obrazı qəlbimizdə uzun zaman yaşayacaqdır. Onun əsərləri həmişə bizə ilham verəcək, duyğularımızda və fikirlərimizdə yaşayacaqdır.
Kamal CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü