Bu gün Müslüm Maqomayevin vəfatından 11 il ötür
Azərbaycan musiqi mədəniyyəti tarixində onun öz yeri, öz çəkisi var. Zaman keçir, illər dəyişir, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi nəinki azalmır, əksinə daha da artır. Bu gün Müslüm Maqomayev təkcə azərbaycanlı kimi yox, həm də bəşəri sənətkar kimi qəbul edilir, tanınır, öyrənilir...
Bu gün dahi sənətkarın vəfatından 11
il ötür. Hər ilin bu günündə zəmanəmizin görkəmli müğənnisi Müslüm Maqomayevin xatirəsi anılır. Sənətə və əsl sənətkara hörməti olan hər bir kəs Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarını ziyarət edir, üzərinə təzə tər güllər düzür.
Hər bir kəsin ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi sənətkarlara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb. Zaman və zamansızlıq, ölüm və ölümsüzlük daim onunla birgə addımlayır. Bu mənada Müslüm Maqomayevin yaşı əllini də, yetmişi də, yüzü də çoxdan haqlayıb. Onun yaşı dünyanın yaşı qədər qədim və gəncdir. Qədimdir ən azı ona görə ki, onu dinlədikcə kamilləşirsən, müdrikləşirsən, gəncdir ona görə ki, ona qulaq asdıqca dünyaya gəlişinə, varlığına içindən bir şükranlıq keçir, təravətini, cavanlığını qorumaq, zamanı saxlamaq istəyirsən. Bütün bunlar bir daha göstərir ki, qalibiyyət yalnız və yalnız Tanrı istedadını öz zəhməti sayəsində cilalamağı bacaranlara məxsusdur. Əbədiyaşarlığın kökündə, mayasında fitri istedadla yanaşı, onu qorumağı, tanıtmağı və milyonlara sevdirməyi bacarmaq dayanır.
Yayın isti avqust günlərində dünyaya göz açan Müslüm bütün bu yer üzünə sadədən sadə, adidən adi gəldi. İkinci cahan savaşının o qanlı-qadalı illərində bütün narahatlıqlara, gərginliklərə baxmayaraq, gəlişi ilə sanki doğmalarının qəlbinə bir sakitlik, həlimlik gətirdi. Hamı kimi o da müharibənin ağrısını-acısını daddı, doğma, əziz atasını itirdi. Amma özünü itirmədi, hər addımda, hər yerdə özü olmağı bacardı.
Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olub. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi. M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, "La Skala" Milan teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ Xalq Artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Onun Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.
Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin gözəl tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.
Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.
Müslüm Maqomayev 2008-ci ildə 66 yaşında vəfat edib və Bakıdakı birinci Fəxri xiyabanda dəfn olunub.
Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 və 75 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib.
Dünyanı fəth edən bariton Müslüm Maqomayevin ölümündən on bir il ötsə də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi aləminin ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində özünə əbədi yuva salıb.
Biz də onun haqqında ürəyimizdən keçən sözlərdən bir neçəsini bu anım günündə dilə gətirdik ki, ölməz sənətkarımızın ruhu şad olsun.
AZƏRTAC