22 Dekabr 2024, Bazar

Dünən Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində görkəmli ədibin anadan olmasının 137-ci ildönümü və “Hüseyn Cavid Poeziya Günü” münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavid məqbərəsini ziyarət ediblər.

Muzeydə davam edən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Hüseyn Cavid yaradıcılığının, sözün əsl mənasında, xalqımıza qaytarılmasında və təbliğində ümummilli liderimiz Heydər Əliyevin rolu misilsizdir. Böyük sənətkara əsl bəraəti dahi rəhbər qazandırıb. Məhz bu böyük insanın qayğısı və diqqəti ilə Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənəli şəkildə qeyd edilib, dahi şairin nəşinin qalıqları 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvanda torpağa tapşırılıb. Ulu öndərin şəxsi təşəbbüsü və himayəsi ilə ədibin məzarı üzərində 1996-cı ildə məqbərə ucaldılıb, Naxçıvanda və Bakıda Hüseyn Cavidin ev-muzeyləri açılıb. Sənətkarın yubileyləri təntənəli şəkildə qeyd olunur.
Diqqətə çatdırılıb ki, doğma diyarımızda da Cavid irsinin yaşadılması, öyrənilməsi və təbliğ olunması xüsusi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ədibin yubileyləri ilə bağlı imzaladığı sərəncamlar və təsdiq etdiyi Tədbirlər Planına əsasən qədim diyarımızda böyük sənətkarın yubiley tədbirləri yüksək səviyyədə təşkil olunub, elmi konfranslar və simpoziumlar keçirilib, ədibin əsərləri tamaşaya hazırlanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na Hüseyn Cavidin “Azər” poemasının daxil edilməsi isə böyük şairin zəngin irsinin gənc nəslə çatdırılması sahəsində atılan mühüm addım kimi dəyərləndirilir. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən dahi ədibin oğlu Ərtoğrol Cavidin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər də Cavid irsinə göstərilən qayğının bariz nümunəsidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Hüseyn Həşimli, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Ramiz Qasımov çıxış ediblər.
Sonra Hüseyn Cavidin əsərləri bədii qiraət olunub, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin sazçalanlar ansamblının ifasında Ərtoğrol Cavidin “Dağlar” mahnısı dinlənilib.
Sonda muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR