Ünsiyyət həyatımızın vacib tələbatıdır. Məkanından və zamanından asılı olmayaraq, doğulduğumuz gündən etibarən daim ünsiyyətdəyik. Bu prosesin inkişafında cəmiyyət və ətraf mühitin oynadığı rol olduqca böyükdür. Ünsiyyətsiz cəmiyyət mövcud olmadığı kimi, cəmiyyətsiz də ünsiyyətin mövcudluğunu təsəvvür etmək qeyri-mümkündür. Məhz ünsiyyət vasitəsilə yaşadığımız cəmiyyətdə sosial bir varlıq kimi müntəzəm olaraq ailədə ailə üzvləri ilə, ailədən kənarda doğmalarımızla, dostlarla, məktəb və iş yoldaşlarımızla, küçədə, nəqliyyatda, mağazada və başqa yerlərdə isə tanıdığımız və tanımadığımız adamlarla ünsiyyətə girir, əlaqələr qura bilirik. Beləliklə də, biz özümüz də hiss etmədən nitqimizi məhz bu proses əsasında formalaşdırırıq.
Ünsiyyət zərurətdən yaranır. Ona tələbat çox zaman məqsəd, fikir, fəaliyyət, üst-üstə düşən mənafe birliyindən irəli gəlir. Ünsiyyət prosesi yeniyetməlik və gənclik dövrlərində həyatın ən önəmli məqamlarından birini təşkil edir. Çünki bu zaman insan daha fəal şəkildə ünsiyyətə can atır və bir şəxsiyyət kimi inkişaf etmək, formalaşmaq üçün informasiya mübadiləsi yaratmaqla məlumatın ötürülməsi və qəbul edilməsində iddialı tərəf kimi çıxış edir. Ümumiyyətlə, ünsiyyət insanın dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışmasıdır. Bu səbəbdən də ünsiyyət prosesi cəmiyyətdəki mövqeyimizi təyin edən ən mühüm faktordur: insan ifadə edilə bildiyi qədər insandır. Ətrafdakı insanlarla ünsiyyətə görə hər kəs gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs ola bilər.
Lakin təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə ünsiyyət prosesində mövcud olan problemlər də az deyil. Əvvəlcə onu qeyd etməliyik ki, ünsiyyət mədəniyyətin bir növüdür və bir qayda olaraq, nitq vasitəsilə təzahür edir. Yəni gözəl ünsiyyət qurmaq bacarığı həm də yüksək mədəni keyfiyyət deməkdir. Biz ünsiyyət zamanı fikirlərimizi paylaşır, hadisələrə münasibətimizi bildirir, düşündüklərimizi ifadə edirik. Bəs gündəlik məişət həyatında, ictimai yerlərdə, oxuduğumuz və ya çalışdığımız məkanlarda rastlaşdığımız insanlarla ünsiyyət qurarkən ana dilimizin, dolayı yolla nitqimizin gözəlliyini, zənginliyini, şirinliyini, ümumiyyətlə, danışıq mədəniyyətimizi nümayiş etdirə bilirikmi? İşlətdiyimiz sözlərin mənasına, vurğusuna, səsimizin tonuna diqqət yetiririkmi? Qarşımızdakı insanın ünsiyyət prosesindəki mövqeyinə səmimi və obyektiv yanaşmağı bacarırıqmı? Gəlin bir qədər bu haqda düşünək.