“Keçili”, yoxsa “Zimmi keçidi”
Keçili kəndi Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin yamacında yerləşən qədim yurd yerlərindən biridir. Ərazidəki Kolluq yaşayış yeri, Dəyirman yeri, IX-XIII əsrlərə aid Xaraba Keçil kənd yeri, Keçil qəbiristanlığı və sair kimi maddi-mədəniyyət abidələri burada yaşayışın qədimdən mövcud olduğunu təsdiqləyir. Azərbaycanda məşhur olan Çınqıllı bulağı da bu kənddə yerləşir.
Faktlar sübut edir ki, XVI əsrə qədərki mənbələrdə “Keçili” kənd adına rast gəlinmir. Ona görə ehtimal edirik ki, həmin dövrə qədər kəndin adı “Zimmi keçidi” olmuş, keçili tayfası kənddə məskunlaşdıqdan sonra kəndə “Keçili” adı verilmişdir. “Zimmi keçidi” XVI-XVIII əsrlərdə Naxçıvan sancağının Dərəşahbuz nahiyəsində qeydə alınmış kənd adıdır. Nahiyədə bir-biri ilə həmsərhəd olan Nursu, Külüs, Əyrək kəndləri ilə yanaşı, adıçəkilən Zimmi keçidi kəndinin 1727-ci ildə gəliri 6737 ağça olmuşdur. Mənbələrdə “Zimmi keçidi” adının mənşəyinə toxunulmur, ancaq tədqiqatçıların bəziləri “Keçili” kənd adının mənşəyini “yer səthinin quruluşu, iqlim şəraiti ilə əlaqədar “keçid” şəklində mənalandırırlar ki, bu mülahizə də Keçili kəndinin keçmiş adının “Zimmi keçidi” olması ehtimalını artırır. “Zimmi keçidi” adının birinci komponentinin (zimmi) mənası tam aydın deyil. Ola bilsin ki, adın bu hissəsi ərəbcə “orta, ara” mənasında işlənən “zimn” sözündən yaranmışdır. “Keçid” sözü isə “bir yerdən başqa yerə keçmək üçün yol, keçəcək”, “iki dağ arasında olan dar boğaz” mənasında işlənir və “Zimmi keçidi” adı yer səthinin quruluşu ilə bağlı “dağ ortası, iki dağ arasında olan yer, məkan” mənasını verir.