Görkəmli rus teatrşünası Stanislavski yazırdı ki, teatr asılqandan başlayır. Bu sözdə həqiqət var. Professional teatrların təməlində dram dərnəkləri və xalq teatrları dayanır. Bugünkü Naxçıvan teatrı da müstəsna deyil. Çünki bu sənəti yaşadanlar yalnız səhnə fədailəri deyil, həmçinin xalqın özüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi münasibətilə keçirilən tədbirdə demişdir: “Naxçıvan teatrı da, necə deyərlər, quru yerdən yaranmamış, özündən əvvəl formalaşmış ənənələrə istinad etmişdir. Bu diyarda dünyəvi teatrın yaranmasına təsir göstərən ən mühüm amillərdən biri min illər boyu formalaşmış xalq teatrı olmuşdur. Əməklə bağlı oyun və rəqslər, mövsüm bayramları, Novruz mərasimləri, aşıq-ozan sənəti, müxtəliftipli meydan-tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bütün bunlar isə, öz növbəsində, dünyəvi peşəkar teatr sənətinin yaranması ilə nəticələnmişdir”.
Naxçıvan Muxtar Respublikasında xalq teatrlarının yaradılmasına ciddi diqqət yetirilir. Burada məqsəd muxtar respublika sakinlərinin mədəni istirahətini təşkil etməklə yanaşı, həm də istedadlı adamların üzə çıxarılması, onların köməyindən istifadə etməklə gənc mədəniyyət işçilərinin, gələcək aktyorların yetişdirilməsidir. Artıq muxtar respublikamızın bir neçə rayonunda xalq teatrının yaradılmasına nail olunmuşdur. Düzdür, bəzi xalq teatrları hələ də fəaliyyətlərində passivlik nümayiş etdirsələr də, elə xalq teatrları var ki, onların fəaliyyətindən danışmağa dəyər. Bu yazıda Babək Rayon Xalq Teatrının fəaliyyətindən bəhs edəcəyik.
Əvvəlcə Babək Rayon Mədəniyyət Evinin dram dərnəyi haqqında söhbət açmaq istərdik. 2006-cı ildə C.Məmmədquluzadənin “Kamança” pyesi ilə ilk dəfə səhnəyə addım atan dərnəyin üzvlərinin iştirakı hamını heyrətə gətirdi. Bir həftə əvvəlcədən vurulan afişaları oxuyan rayon sakinlərinin əksəriyyəti həmin gün mədəniyyət evinə axışmışdı.
Dərnək üzvləri bundan daha da ruhlanaraq 2008-ci ildə Ə.Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərindən bir parça ilə tamaşaçılar qarşısında çıxış etmişlər. Kollektiv sübut edir ki, onlar hər hansı bir tamaşa ilə səhnəyə çıxmağa hazırdırlar. 2009-cu ildə braziliyalı yazıçı G.Fiqeyredin “Ezop” əsəri ilə tamaşaçı qarşısına çıxan dərnək üzvləri böyük uğura imza atırlar. Elə həmin il dram dərnəyinə “Xalq teatrı” adı verilir. Xalq teatrı adından sonra kollektiv bir-birinin ardınca yüksək səviyyədə tamaşalar hazırlayaraq tamaşaçılara təqdim etmişdir. Belə ki, kollektiv 2010-cu ildə B.Vahabzadənin “Yollara iz düşür” pyesi, 2011-ci ildə Məhərrəm Əlizadənin “Şeyx Rəhmətullah” komediyası, 2012-ci ildə C.Cabbarlının “Solğun çiçəklər” pyesi ilə böyük müvəffəqiyyətlər qazanmışdır.
Teatrın kollektivi yeni tamaşalarla yanaşı, köhnə repertuara da müraciət edərək Naxçıvan Muxtar Respublikasının Ordubad və Kəngərli rayonlarında qastrol səfərlərində olmuş, “Ezop” tamaşası ilə tamaşaçılar qarşısında çıxış etmişdir.
2012-ci il oktyabr ayında xalq teatrı H.Cavidin anadan olmasının 130 illiyi münasibətilə ədibin “Ana” pyesini tamaşaya hazırlamışdır.
Xalq teatrının uğur qazanmasında teatrın rejissoru Sədaqət Əliyeva, quruluşçu rejissor Yusif Əliyev, teatrın rəssamı Əli Səfərov və həvəskar aktyorlardan Firdovsi Səfərov, Çinarə Feyzullayeva, Vüsalə İsmayılova, İsmayıl Qurbanov, Surət Qurbanov, Akif Əsədov və Mahir Əliyevin olduqca böyük əməyi vardır.
Hazırda kollektiv yeni tamaşa üzərində işləyir. Səttar Axundovun “Məhəbbət nişanəsi” komediyası tamaşaya hazırlanır. Quruluşçu rejissoru Yusif Əliyev olan tamaşanın iyunun axırı tamaşaçılara göstərilməsi nəzərdə tutulmuşdur.
Beləcə, çoxdan bəri rayonlarımızda tamaşaçı nəfəsinə həsrət qalan tamaşa salonlarımız yenidən canlanır. Bunun üçünsə xalq teatrlarının yaradılması ideyasını irəli sürən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarıq. Onun sayəsində, bütövlükdə, xalq yaradıcılığımızı sistemli şəkildə, mərhələ-mərhələ əxz etməyə, bu ulu yurdun qədim tarixini gənc nəslə öyrətməyə nail oluruq.
Sara ƏZİMOVA