YUNESKO-nun qərarına əsasən, 1978-ci ildən başlayaraq hər il mayın 18-i bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd xalqlar arasında mədəniyyətlərarası dialoqun inkişafına kömək göstərməkdir.
Muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan, komplektləşdirən, nümayiş və təbliğ edən mədəniyyət ocaqlarıdır. Azərbaycanda muzey işinin zəngin tarixi və özünəməxsus inkişaf yolu vardır. Böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə 1896-cı ildə Azərbaycanda ilk dəfə olaraq Nehrəm kənd məktəbində Naxçıvan tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplandığı muzey yaradılmışdır. XX əsrin əvvəllərində isə Bakıda Xalq Məktəbləri Müdiriyyəti nəzdində Pedaqoji muzey fəaliyyətə başlamış, həmin dövrdə Ümumrusiya Texniki Cəmiyyətinin Bakı Şöbəsi nəzdində qapalı muzey yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərində İstiqlal Muzeyi fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli qərarına əsasən, Naxçıvan şəhərində Tarix-Etnoqrafiya Muzeyi yaradılmışdır.
Azərbaycanda muzey işinin, muzeyşünaslığın təşəkkül tapması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu ötən əsrin 70-80-ci illərində ölkəmizdə muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Həmin dövrdə Azərbaycanda Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi fəaliyyətə başlamışdır. 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılmışdır. Ulu öndər muzeylərin əhəmiyyəti barədə deyirdi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.
Müstəqillik dövründə də ulu öndərin rəhbərliyi ilə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Dahi şəxsiyyətin təşəbbüsü ilə 1993-cü ildə muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, 1994-cü ildə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” Qərar qəbul edilmişdir. Ümummilli liderimizin 24 mart 2000-ci ildə imzaladığı “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarının yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.
Bu siyasətin davamı olaraq, müasir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən muzey işi sahəsində ardıcıl tədbirlər müəyyənləşdirilir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” bu sahənin hüquqi bazasının formalaşdırılmasına və ölkəmizdə muzey işinin günün tələbləri səviyyəsində qurulmasına əsaslı köməklik göstərmişdir. Uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilmişdir. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Muzey işinə, yeni muzeylərin yaradılmasına yüksək qiymət verən ölkə Prezidenti demişdir: “Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır”.
Bu gün muxtar respublikada muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublikamızda yeni muzeylər yaradılmış, fəaliyyətdə olan muzeylər təmir və lazımi inventar və avadanlıqlarla təmin olunmuş, eksponatlarla zənginləşdirilmişdir. Bu tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğ olunmasına şərait yaratmışdır. Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey vardısa, hazırda qədim diyarımızda 23 müxtəlif profilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Bunlardan 12-si paytaxt Naxçıvan şəhərinin payına düşür. Son illər Naxçıvan Dövlət Tarix Muzeyi, Şahbuz, Sədərək rayonlarında Tarix-Diyarşünaslıq muzeyləri, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Dövlət Xalça Muzeyi yeni binalarla təmin olunmuşdur. Bu illər ərzində Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi, Şərur rayonunun Cəlilkənd və Babək rayonunun Nehrəm kəndlərindəki Xatirə muzeyləri, akademik Yusif Məmmədəliyevin və böyük yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyləri, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binası əsaslı təmir olunmuş, ekspozisiyaları yenidən qurulmuşdur. Hazırda Bəhruz Kəngərli Muzeyində və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir işləri aparılır.
Heydər Əliyev Muzeyi, Açıq Səma Altında Muzey, Bəhruz Kəngərli Muzeyi, Xatirə Muzeyi, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi müstəqillik dövründə yaradılan mədəniyyət ocaqlarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 fevral 2010-cu il tarixli Sərəncamı ilə yaradılan Şahtaxtinskilər Muzeyi və 23 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə yaradılan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi isə bu sahədə həyata keçirilən ardıcıl tədbirlərdəndir.
Qədim diyarımızın zəngin tarixini, mədəniyyətinin çoxsaylı inkişaf yolunu əks etdirən muzeylərimiz mədəni irsimizin qorunması və təbliğində, gənc nəslin bədii və estetik tərbiyəsinin, elmi dünyagörüşünün zənginləşdirilməsində böyük əhəmiyyətə malikdir. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə muzeylərdə açıq dərslərin keçilməsi artıq ənənəyə çevrilmişdir. Bunda məqsəd böyüməkdə olan gənc nəsildə milli-mədəni irsimizə məhəbbət oyatmaq və onları zəngin tarixi keçmişimizlə tanış etməkdir. Heydər Əliyev Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, Cəlil Məmmədquluzadənin ev-muzeyində, Hüseyn Cavidin ev-muzeyində və digər muzeylərdə keçilən açıq dərslərdə məktəblilər tariximiz, böyük şəxsiyyətlərimiz və milli-mənəvi dəyərlərimiz haqqında dolğun məlumat əldə edirlər.
Muxtar respublikada fəaliyyət göstərən muzeylərdə 110 mindən artıq eksponat mühafizə olunur. Muzeylərimizdə 300-dək muzey işçisi çalışır. Son illər 9 muzey işçisinin Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməsi onların əməyinə verilən yüksək qiymətin ifadəsidir.
Muzeylər keçmişimizi bu günə daşıyan, qoruyan, öyrənən və nümayiş etdirən maddi-mənəvi dəyərlər xəzinəsidir. Yeni muzey şəbəkələrinin yaradılması mədəniyyətimizin ümumi yüksəlişini, milli şüurun inkişafını əks etdirməklə yanaşı, həm də muxtar respublikanın turizm potensialının artırılmasına xidmət edir. Muzeylər eyni zamanda elm, maarif müəssisəsi olmaqla qədim keçmişimizlə bu günümüz arasında körpü rolunu oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərinin həyatlarını, yaradıcılıqlarını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylər bizim keçmişimizi özündə yaşadan və gələcəyə daşıyan yerlərdir”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti