Xəbər verdiyimiz kimi, iyun ayının 3-də Gürcüstanın Acarıstan Muxtar Respublikasından gəlmiş 19 uşaq və 7 valideyn Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçirlər. Muxtar respublikamızla tanışlığa ilk gündən başlayan uşaqlar və valideynləri dünən Nuh peyğəmbərin məzarüstü türbəsini ziyarət ediblər. Burada onlara məlumat verilib ki, qədim, antik və orta əsr şəhər yerləri üzərində yerləşən Naxçıvan Azərbaycanın və dünyanın ən qədim şəhərlərindən biridir. Təxminən 7500 il bundan əvvəl baş vermiş ümumdünya daşqını zamanı Nuh və ona iman gətirənlərin mindiyi gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış, burada məskən salmışlar. Quruya çıxdıqdan sonra Nuh peyğəmbər Naxçıvanda yaşamış, burada vəfat etmiş, onun qəbri və qəbirüstü türbəsi Naxçıvanda Sovet hakimiyyəti qurulanadək qalmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 28 iyun 2006-ci il tarixli “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” Sərəncamından sonra məzarüstü türbə bərpa edilmişdir.
Naxçıvan Dövlət Tarix Muzeyi ilə tanışlıq da qonaqlarda böyük maraq doğurmuşdur. Muzeyin ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında onlara ətraflı məlumat verilmişdir. Sonra uşaqlar və valideynləri yerli və beynəlxalq şahmat yarışlarının keçirildiyi Şahmat Mərkəzində olmuşlar.
Səbuhi HƏSƏNOV