1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir. Beləliklə, xalqımız istiqlalın nə demək olduğunu hiss etmiş, onun şirinliyini dadmışdır.
1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndən – “Əqdnamə”dən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da gücləndirmiş, onu heç vaxt ölməyə qoymamışdır.
XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etmişdir. Ulu öndər Heydər Əliyev şah əsəri olan müasir müstəqil Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmiş, onu sürətli inkişaf yoluna çıxarmışdır.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi – 28 Mayı “Respublika Günü” kimi bayram edir.
Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyi münasibətilə konsert olmuşdur.
Konsert proqramında Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin İnstrumental Ansamblının müşayiəti ilə Mədəniyyət və Turizm Şöbəsi və Naxçıvan Dövlət Filarmoniyası solistlərinin ifaları alqışlarla qarşılanmışdır. Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyevanın, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Hünər Əliyevin, Mübariz Əsgərovun, Azər Cəfərlinin, Xatirə Səfərovanın, Tural Nəcəfovun, ifaçılardan Ədalət Hüseynovun, Səyavuş Nəcəfovun, Vüsal Dünyamalıyevin, Zülfüqar Mahmudovun, Əli Davudinin, Arzu Fərzəliyevin, Sultan Səfərovun və başqalarının ifasında səslənmiş bəstəkar və xalq mahnıları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də 28 May – Respublika Gününə həsr olunmuş konsertlər təşkil edilmişdir.
Xəbərlər şöbəsi