25 Dekabr 2024, Çərşənbə

Azərbaycan milli teatr tarixində parlaq səhifələr açmış Naxçıvan teatrının yaranmasından 130 il ötür. 1883-cü il mayın 11-də dövrünün mütərəqqi ziyalısı olan Hacı Nəcəf Zeynalovun Naxçıvanın məşhur “Zaviyyə” məhəlləsindəki evində Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının səhnələşdirilməsi ilə əsası qoyulan Naxçıvan teatrı şərəfli inkişaf yolu keçmişdir. Naxçıvan teatrının salnaməsini vərəqlədikcə peşəkar teatr təhsili görməyən, lakin fədakar və mübariz insanların xatirəsi gözlərimiz önündə canlanır. Bu məfkurə və əməl dostlarının başında duranlar – Eynəlibəy Sultanov və Cəlil Məmmədquluzadə dram əsərləri yazmaqla bərabər, həm də rejissorluq edir, teatr təşkilatçılığı ilə məşğul olur, teatrın inkişafı üçün zamanın sərt sınaqlarına qatlaşırdılar.

Naxçıvan teatrının tarixinə nəzər saldıqda aydın görünür ki, dramaturgiyamızın elə görkəmli sənətkarı yoxdur ki, onların əsərləri tamaşaya qoyulmasın. Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, İslam Səfərli və onlarla başqaları Naxçıvan teatrının müraciət etdiyi sənətkarlarımızın bir qismidir. Həmçinin teatr Vilyam Şekspir, Lope de Veqa, Əziz Nesin, Nazim Hikmət, Çingiz Aytmatov və digər görkəmli dramaturqların əsərlərini tamaşaya qoymaqla teatrsevərləri dünya klassiklərinin yaradıcılığı ilə tanış etmiş, xalqımızın bəşəri sərvətlər xəzinəsinə yiyələnməsində əvəzsiz xidmətlər göstərmişdir.

Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibaha nail olunmuşdur. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara, sözün əsl mənasında, hamilik edən ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində Naxçıvan teatrı bu dövrdən etibarən davamlı inkişaf yoluna çıxmış, teatr səhnələrində tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi əks etdirən tamaşalar göstərilməyə başlanmışdır. Mədəniyyət tariximizin parlaq səhifələrini yazan Naxçıvan teatrı dövlət müstəqilliyi qazanıldıqdan sonra da ulu öndərin diqqət və qayğısı ilə öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, maddi-texniki bazası gücləndirilmiş, yaradıcılıq imkanları artırılmışdır. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan teatrına yüksək qiymət verərək deyirdi: “Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır”.
Ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev teatr sənətinin inkişafını diqqət mərkəzində saxlayır, bu sahədə mühüm tədbirlər həyata keçirilir, teatrların maddi-texniki bazası gücləndirilir. 2006-cı ildə dövlət başçısı tərəfindən təsdiq olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda bu sahəyə göstərilən dövlət qayğısı öz əksini tapmışdır. Ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı və 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Pro­qramı” bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Pro­qramda teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə bir sıra vacib tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” və “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 mart tarixli sərəncamları isə milli mədəniyyətimizin inkişafında Azərbaycan teatrının əhəmiyyətini və rolunu daha da artırmışdır.
Bu gün muxtar respublikamızda qocaman sənət ocağı olan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə yanaşı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası fəaliyyət göstərir. Bu teatrların formalaşaraq ciddi yaradıcılıq yoluna qədəm qoyması Naxçıvan teatrının 130 ildə keçdiyi böyük inkişaf yolunun bəhrəsidir.
Müstəqillik illərində Naxçıvan teatrının yaradıcılıq axtarışları qastrol səfərləri ilə zəngin olmuşdur. Naxçıvan Dövlət Musiqili Dram Teatrının son illərdə Türkiyənin Ankara, Bursa, Ərzurum, İqdır, Dənizli, İran İslam Respublikasının Təbriz, Maku, Urmiya şəhərlərində göstərdiyi tamaşalar qonşu və dost ölkələrin sənətsevərləri tərəfindən maraqla qarşılanmışdır. Teatr ötən il 27 mart-2 aprel tarixlərində qardaş Türkiyə Respublikasının Tarsus şəhərində keçirilən Türk Dünyası Teatr Günləri Festivalında iştirak etmiş, böyük alman maarifçisi və dramaturqu Q.Lessinqin “Müdrik Natan”əsəri ilə, Hüseyn Cavidin Ankara və İstanbulda keçirilən 130 illik yubiley tədbirlərində isə “İblis” əsəri ilə tamaşaçılar qarşısında çıxış etmişdir. Bu il aprelin 15-də görkəmli şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi ilə əlaqədar ədibin “Göz həkimi” pyesi uğurla tamaşaya qoyulmuş, Anton Pavloviç Çexovun vodevilləri əsasında hazır­lanan “Russayağı evlənmə” tamaşası teatrsevərlərə təqdim olunmuşdur. 2013-cü ildə Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” və Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanının motivləri əsasında hazırlanmış “Manqurt” tamaşası da səhnəyə qoyulacaqdır. Bununla yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Adil Babayevin “Kor­oğlunun Çənlibelə qayıdışı” tamaşası yeni quruluşda ictimaiyyətə təqdim ediləcəkdir.
Ümumiyyətlə, son illər Naxçıvan teatrı özünün əsl inkişaf yolundadır. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında yenidənqurma işləri aparılmışdır. 2012-ci il fevral ayının 3-də teatr binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla bərabər, həm də bu sahəyə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov açılış mərasimində kollektiv qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Bu gün istifadəyə verilən bina teatrın həyatında yeni dövrün başlanğıcıdır. Ona görə də kollektiv Yaxın Şərqin ən gözəl memarlıq abidələrindən biri olan teatr binasında bundan sonra da düşündürücü, dövrün tələbləri ilə səsləşən əsərlər səhnələşdirərək insanların mədəni səviyyəsinin yüksəldilməsinə xidmət etməli, teatrda yeni ənənələr başlamalı, vətənpərvərlik mövzularında tamaşalar göstərilməli, teatr tamaşaçı hörməti qazanmalıdır”.
Son illər Naxçıvan teatrının tədqiqi ilə bağlı da mühüm işlər görülmüş, bir sıra monoqrafiya və kitablar nəşr edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı mədəniyyət tariximizin parlaq hadisəsi, dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir. Bu kitabda ilk dəfə olaraq Naxçıvan teatrı ilə bağlı çoxsaylı sənədlər, fotoşəkillər, araşdırma materialları işıq üzü görmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. Yubiley ərəfəsində teatr kollektivinin əməyi yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətinə görə yaradıcı heyət Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşdür.
Ötən 130 ildə xalqımızın min­illiklərə söykənən mədəniyyətini yaşatmaq, vətənpərvərlik duyğularını gücləndirmək, yüksək səviyyəli estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək Naxçıvan teatrının mühüm vəzifəsi və məqsədi olmuşdur. Naxçıvan teatrı bundan sonra da milli ruhun, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini səhnələşdirməklə mütərəqqi ideyaların keşi­yində duracaq, bu mühüm və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR