Mayın 6-da Babək Rayon Mədəniyyət və Turizm Şöbəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə rayonun uşaq musiqi məktəblərinin şagirdləri arasında xalq çalğı alətləri və fortepiano üzrə keçirilən müsabiqənin final konserti təşkil olunmuşdur.
Konsertdən əvvəl Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayeva çıxış edərək gənc istedadların üzə çıxarılması istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, ümummilli liderin gənclər siyasəti ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da uğurla həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, naxçıvanlı gənclər ictimai-siyasi, mədəni həyatın bütün sahələrinin fəal iştirakçılarına çevrilmişlər. Babək rayonunda da gənc istedadların üzə çıxarılması, onların qabiliyyət və bacarıqlarının düzgün istiqamətləndirilməsi üçün hər il rayonda müxtəlif müsabiqələrin keçirildiyini deyən Aybəniz Babayeva bildirmişdir ki, ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş bu müsabiqə ümummilli liderə böyük ehtiramın ifadəsidir.
Sonra müsabiqənin qalibləri elan edilmişdir. Fortepianoda Babək Rayon Uşaq Musiqi Məktəbinin II sinif şagirdi Zülfü Baxşıyev birinci, Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbinin VI sinif şagirdi Xanım Cəlilova ikinci və Zeynəddin Kənd Uşaq Musiqi Məktəbinin I sinif şagirdi Qalib Ələkbərov üçüncü olmuşlar.
Xalq çalğı alətləri üzrə Babək Rayon Uşaq Musiqi Məktəbinin IV sinif şagirdi Tofiq Ağayev birinci, Cəhri Kənd Uşaq Musiqi Məktəbinin IV sinif şagirdi Fərdi Hüseynov ikinci və Nehrəm Kənd Uşaq Musiqi Məktəbinin IV sinif şagirdi Mahir Niyazov üçüncü yerə layiq görülmüşlər.
Qaliblərə Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən diplom və mükafatlar verilmişdir.
Qaliblər yekun konserti ilə çıxış etmişlər.
Xəbərlər şöbəsi