Bakı şəhərində “Baku Creative Center” Yaradıcılıq Mərkəzində gənc rəssam Bəhruz Quliyevin “Zamanın rəngləri” adlı sərgisi açılmışdır. Sərgiyə baxışdan əvvəl Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Naxçıvanda gənc rəssamlara göstərilən diqqət və qayğıdan danışmış, son illər onların rəsm əsərlərinin Bakıda tez-tez fərdi sərgilərinin təşkil edildiyini bildirmişdir. Tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, Bəhruz Quliyev Naxçıvan Dövlət Universitetini təsviri sənət ixtisası üzrə bitirmişdir. Dörd ildir ki, rəssamlıqla məşğul olur. Açılış mərasimində çıxış edən gənc rəssam bu sərginin sayca ikinci olduğunu vurğulamış, birinci fərdi sərgisinin Naxçıvanda keçirildiyini bildirmişdir.
Sərgidə tamaşaçılara “Sakit gecə”, “Cənnətdən bezmişlər”, “Naxçıvanda payız”, “Külək”, “Üç söyüd”, “Uzun həyatdan etüd”, “Dərinlikdə işıq”, “Qızıl balıqlar”, “Gözəllik”, “Nərgiz kolu”, “Çiçəklə kompozisiya” və sair əsərlər təqdim edilmişdir. Ümumilikdə isə sərgidə rəssamın 25-dən çox əsəri nümayiş olunur.
Firəngiz HÜSEYNBƏYLİ