Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə mədəniyyət və incəsənətin inkişafına daim qayğı ilə yanaşmış, istedadlı uşaqların musiqi təhsili almaları, incəsənətin müxtəlif növlərinə yiyələnmələri üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir.
Ulu öndərin 90 illik yubileyi ilə bağlı Babək Rayon Uşaq Musiqi Məktəbinin yekun hesabat konsertindən əvvəl çıxış edənlər dahi rəhbərin bu istiqamətdə reallaşdırdığı layihələrdən danışmış, ümummilli liderin müəyyənləşdirdiyi siyasətin bu gün muxtar respublikamızda da uğurla davam etdirildiyini vurğulamışlar. Sonra söz məktəbli musiqiçilərə verilmişdir. Konsertdə Azər Əkbərovun, Samiq Məmmədovun, Tofiq Ağayevin, Mehman Hacıyevin, Həbib Hüseynovun, həmçinin xalq çalğı alətləri, skripka, nağara, qarmon, saz, tarçalanlar ansambllarının, xor kollektivinin ifaları səsləndirilmişdir. Görkəmli bəstəkarlarımız Arif Məlikovun, Cahangir Cahangirovun, Adil Gərayın, Süleyman Ələsgərovun, Asəf Zeynallının, Tofiq Quliyevin, Rəşid Məmmədovun və başqalarının ulu öndərə, ölkəmizə, yurdumuzun təbiətinə həsr olunmuş musiqi nömrələri, xalq mahnı və rəqsləri tədbirə bayram əhval-ruhiyyəsi bəxş etmişdir.
Xəbərlər şöbəsi