25 Dekabr 2024, Çərşənbə

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamına və görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması haqqında Ali Məclis Sədrinin 14 fevral 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, muxtar respublikamızda keçirilən silsilə tədbirlər ulu öndərə qədim diyarımızın sakinlərinin böyük ehtiram və məhəbbətinin ifadəsinə çevrilmişdir. Bu tədbirlərin davamı kimi dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında konsert təşkil edilmişdi.

Tədbirin aparıcıları bildirmişlər ki, ulu öndər Heydər Əliyevin ömür yolu və əməli fəaliyyəti, zəngin elmi-nəzəri irsi tükənməyən bir xəzinə, gələcək nəsillər üçün nadir mənəvi mənbədir. Odur ki, hər bir azərbaycanlı bu xəzinənin qədrini və dəyərini yaxşı bilir. Ona görə ki, hər birimizin taleyində bu qiymətli xəzinənin sahibi görkəmli dövlət xadimi Heydər Əliyevin önəmli rolu olmuşdur. Onun qurduğu, dinamik inkişaf yoluna çıxardığı müstəqil Azərbaycanın taleyi elə hər birimizin taleyidir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünyada öz layiqli yerini tutmuşdur. 
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.
Qeyd edilmişdir ki, dahi şəxsiyyət ölkə həyatının bütün sahələrində quruculuğun, islahatların banisi olmuşdur. İqtisadiyyatın, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqı və Vətəni qarşısında xidmətləri o qədər böyükdür ki, millət öz sevgisini onu ümummilli lider adlandırmaqla ifadə etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı musiqi nömrələri tədbirə əsl bayram ovqatı bəxş etmişdir. Azərbaycan Respublikasının xalq artisti Əzizağa Məmmədovun, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Mübariz Əsgər­ovun, Tural Nəcəfovun, gənc ifaçılar Əli Davudinin, Abdulla Babayevin, Samiddin Vəliyevin, Nərmin Hüseynlinin və başqalarının ifasında bəstəkar və xalq mahnıları səslənmiş, filarmoniyanın rəqs qrupunun üzvləri müxtəlif rəqslərlə tədbir iştirakçılarında xoş ovqat yaratmışlar.
Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsertlər təşkil edilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR