17 May 2024, Cümə

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Musiqi Kolleci tələbələrinin 28 May – Respublika Gününə həsr edilmiş konserti olmuşdur. Konsert başlanmazdan əvvəl kollecin müəllimi Rumiyyə Qasımova “Bir  kərə yüksələn bayraq bir daha enməz” adlı məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının göstəricisi idi. 

Cümhuriyyət gərgin və ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşasa da, tarix və həyati gerçəkliklər bir daha sübut etdi ki, “Bir kərə yüksələn bayraq bir daha enməz”. Azərbaycanımızın ay-ulduzlu, üçrəngli bayrağı XX əsrin sonlarında xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanın səmalarında əbədi olaraq dalğalanmağa başladı. Dahi rəhbərin səyi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, Azərbaycan Respublikası mürəkkəb vəziyyətdə müstəqilliyini qorumağı və möhkəmləndirməyi bacarmış, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edilmiş, böyük uğurlara nail olunmuşdur.
Sonra söz kollecin xalq çalğı alətləri orkestrinə verilmişdir. Bədii rəhbəri və dirijoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Təranə Qurbanova olan orkestrin ifasında ulu öndərə, müstəqilliyimizə, dövlətçiliyimizə həsr olunmuş mahnılar səsləndirilmişdir. Görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Qənbər Hüseynlinin, Hacı Xanməmmədovun, Ramiz Mirişlinin, Səid Rüstəmovun, Süleyman Ələsgərovun, Rauf Hacı­yevin bir-birindən gözəl əsərlərini, həmçinin xalq mahnı və rəqslərini kollecin tələbələrindən Fərid Babayev, Səxavət Rəhimov, Əbülfəz Məmmədov, Bəsti Qasımova, Samir İsmayılov, Rasim Rüstəmov ifa etmişlər. Onların ifası alqışlarla qarşılanmış, konsert proqramı tədbir iştirakçılarına əsl bayram ovqatı bəxş etmişdir.

Səbuhi HƏSƏNOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR