Aprelin 25-27-də məşhur türkiyəli müğənni Əhməd Şəfəq Naxçıvan Muxtar Respublikasında olub, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində konsert proqramı ilə çıxış edib. Əhməd Şəfəq Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olarkən “Şərq qapısı” qəzeti müxbirinin suallarını cavablandırıb:
– Naxçıvanda oldunuz. Naxçıvanın bir çox yerləri, o cümlədən tarixi abidələri ilə tanış oldunuz. Naxçıvanı orta əsrlərdə “Nəqşi-cahan”, yəni “Dünyanın bəzəyi” adlandırıblar. Sizin Naxçıvanla bağlı təəssüratlarınız necədir?
– Bu səfərdən, bu gəzintidən, qədim tarixi özündə yaşadan Naxçıvanla tanışlıqdan sonra gördüm ki, Naxçıvan əsrlər boyu nəinki Azərbaycan üçün, bütün türk dünyası üçün xüsusi və özünəməxsus bir yerə sahib olub, bu xüsusiliyini bu gün də yaşadır. Naxçıvan, həqiqətən də, cahanın nəqşidir, bütün türk dünyasına nümunə ola biləcək bir şəhərdir, bir muxtar respublikadır. Təəssüf doğuran, sadəcə, bir hal var. Mən bu yerin tarixi ilə tanışlıq zamanı şahidi oldum ki, buranın daha zəngin abidələri, şəhər mədəniyyəti olub. Əsrlər boyu yadellilərin bu torpaqları ələ keçirmək üçün mənfur müharibələri o abidələrin bir çoxunun dağılmasına gətirib çıxarıb. Amma bu yurdun insanı özünün tarixi Vətənini kimsəyə verməyib. Bütün çətinliklərə baxmayaraq, bu torpaqlar üzərində özünün var olduğunu dünyaya bəyan edib.
– Bu gün Naxçıvan faktiki olaraq blokada vəziyyətindədir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Azərbaycanın əsas hissəsi ilə əlaqə kəsilib. Naxçıvanın bugünkü inkişafı ilə bağlı da təəssüratlarınızı bilmək istərdik.
– Hava limanından şəhərə doğru gələndə məni bir Qoç Koroğlu heykəli qarşıladı. Sonra isə şəhərin geniş küçələri, yaraşıqlı binaları məni sehrli bir aləmə saldı. Blokada Naxçıvanın güclənməsinə, gözəlləşməsinə təsir etməyib. Naxçıvanda keçmişlə gələcək arasında sanki bir körpü salınır. Tarix qorunur, tarixi binalar bərpa olunur, eyni zamanda modern binalar da inşa edilir. Sadəcə, sovet dövründə tikilən binalara nəzər salmaq kifayətdir. Mən bir çox şəhərlərdə bu binalardan görmüşəm. Amma Naxçıvanda onları elə restavrasiya ediblər ki, insan bu binaların memarlığına baxmaqdan doymur.
– Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində konsertiniz oldu. Vətənpərvərlik mahnıları ifa etdiniz. Zaldakı gənclik sizi dəfələrlə ayaq üstündə alqışladı. O vətənpərvər gəncliyi, o tamaşaçını bir daha görmək üçün Əhməd Şəfəq yenidən nə zamansa Naxçıvanda konsert verməyi düşünürmü?
– Mütləq. İnşallah, yenidən bura gələcəyəm. Növbəti dəfə zalda deyil, böyük bir stadionda konsert vermək istərdim. Mən konsertdə vətənpərvərlik ruhunda yetişən bir gənclik gördüm. Coşqulu, milləti, Vətəni, dövləti uğrunda hər an sadiq əsgərə çevrilə biləcək bir gənclik gördüm. O gənclik, həqiqətən də, məni Naxçıvanın gələcəyi, Azərbaycanın gələcəyi haqqında çox ümidləndirdi. Düzdür, indi informasiya əsridir, inteqrasiya əsridir. İnternet deyə günümüzün reallığı var. Gənclərimiz dünyanın ən müxtəlif mədəniyyətləri ilə tanış olmaq imkanına sahibdirlər. Lakin önəmli olan müasirləşməklə bərabər, milli kimliyimizi qorumaqdır, milli dəyərlərimizi, adət və ənənələrimizi qorumaqdır. Çünki yeni yüzilliklərdə o millətlər ayaq üstündə qala biləcəklər ki, onlar dünyaya özlərini öz kimlikləri ilə təqdim etməyi bacaracaqlar. Naxçıvanda öz milli kimliyi ilə qürur duyan, Vətənini sevən, Azərbaycan bayrağını sevgi ilə dalğalandıran vətənpərvər, müasir bir gənclik gördüm.
– Bilirik ki, mahnılarınızın bir çoxunu özünüz bəstələmisiniz. Bu mahnıların motivlərini isə xalq folklorundan alırsınız. Türk dünyasının müxtəlif yerlərini gəzərək xalqların musiqi ənənələrindən rəng alan musiqilər, mahnılar ortaya qoyursunuz. Əhməd Şəfəqin ifasında həm Azərbaycanda, həm Türkiyədə və bütün türk dünyasında məşhur olacaq bir Naxçıvan bəstəsini dinləyə biləcəyikmi?
– Şübhəsiz ki, bu olacaq. Buna əmin ola bilərsiniz. Təəssüratlarım çox yaxşı oldu. Naxçıvanda vaxtımı dəyərləndirdikcə, tarixi məkanları ziyarət etdikcə təəssüratım daha da genişlənir. Mənim bəstələdiyim mahnılar məhz bu cür müsbət təəssüratlardan doğur. Mən təkcə müğənni deyil, həm də bir yazaram. Naxçıvanla bağlı təəssüratlarım haqqında mütləq məqalələrim də olacaq.
– Konsertdə bir mahnı oxudunuz: Yunus İmrənin sözlərinə yazılmış bir mahnı. Əhməd Şəfəq o mahnıda “Gəl gör, məni eşq neylədi”– dedi. Gəldiniz, gördünüz və bir tarixi yurd eşqi, Naxçıvan eşqi yaşadınız. Naxçıvanın eşqi Əhməd Şəfəqə nə etdi?
– Naxçıvan türk dünyasının, sadəcə, bir parçası deyil. Naxçıvan bir mərkəz, bir ürək, bir paytaxtdır. Naxçıvan şanlı Atabəylər dövlətinin paytaxtı olub. Bundan sonra hər dəfə gələndə bu hisslərlə buraya gələcəyəm. Naxçıvan artıq mənə çox doğmadır.
– Maraqlı müsahibəyə görə sağ olun.
Elnur Kəlbizadə