25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Vedilinin yenicə çapdan çıxmış “Dahi insan” kitabının “imza günü” keçirilib.
“İmza günü”ndə şairin qələm yoldaşları, ədəbi tənqidçilər, ictimaiyyətin nümayəndələri və oxucular iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Naxçıvanda müxtəlif şair və yazıçıların çapdan çıxan kitablarının “imza günləri”nin keçirilməsi ənənəsinin formalaşmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, yeni kitabda yer alan “Dahi insan” poeması Zaur Vedilinin müəllifi olduğu çoxsaylı ədəbi nümunələr içərisində özünəməxsus yer tutur.
“İmza günü”ndə şairin qələm yoldaşlarından İbrahim Yusifoğlu,Firudin Süleymanoğlu, Vəli Qaraxan, birliyin gənclər təşkilatının sədri Elnur Kəlbizadə çıxış edərək yeni kitab barədə fikirlərini bildirib və şairə yaradıcılığında uğurlar arzulayıblar.
Sonda çıxış edən müəllif tədbirdə iştirak edən qələm dostlarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 2013-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar oxuculara şair töhfəsi olan bu kitabda Zaur Vedilinin “Dahi insan” poeması yer alıb. Azərbaycan və Avroasiya Yazıçılar birliklərinin üzvü, tarix üzrə fəlsəfə doktoru Vaqif Məmməd­ovun redaktoru olduğu kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

Xəbərlər şöbəsi

Tədbiri giriş sözü ilə kollecin müəllimi Rəna Vəliyeva açıb. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, kollecin müəllimi Xanım Kazımova, yazıçı Sona Teymurbəyli, şair Nazlı Hacılı, Elnur Kəlbizadə və başqaları çıxışlarında Azərbaycan qadınına xas olan müsbət keyfiyyətlərdən danışıblar. Qeyd olunub ki, ictimai-siyasi və sosial-mədəni həyatda qadınların fəaliyyətlərinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Naxçıvan qadınları doğma Naxçıvanımızın çiçəklənməsində, inkişafında, qüdrətli bir regiona çevrilməsində əllərindən gələni əsirgəmirlər. Bildirilib ki, bu sözlər Naxçıvanın yazar qadınlarının fəaliyyətində özünü qabarıq şəkildə göstərir. Onlar öz yaradıcılıqları ilə milli mədəniyyət tariximizin səhifələrinə yeni töhfələr bəxş edirlər.
Tədbirdə Sona Teymurbəylinin yeni çapdan çıxmış “Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan qadınlarımız” adlı kitabı haqqında da fikirlər söylənilib. Vurğulanıb ki, kitabda keçmişlə bu günə körpü salınaraq Naxçıvanda yazıb-yaradan qadınlarımızın Vətənə məhəbbəti, torpağa bağlılığı, sevgi dünyası və sair mövzulara aid əsərləri portret, məqalə-oçerk şəklində çap edilib.
Sonra çıxış edənlərin hər biri öz şeirləri ilə qadınları qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.
Tədbirə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar yekun vurub.

Xəbərlər şöbəsi

Sənətkarlıq xalqlar arasında mövcud olan dostluq əlaqələrini bir-birinə daha da sıx bağlayır. Fevralın 19-da Parisdə açılan “Azərbaycan – ənənəvi və müasir incəsənəti” sərgisi də bu amala xidmət edir. Martın 4-dək davam edən sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvlərinin də əsərləri nümayiş etdirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyindən aldığımız məlumata görə, sərgidə Azərbaycanın müasir sənətkarlarının qədim ənənələr üzərində köklənmiş əl işləri – xalça və xalça məmulatı, tikmə, şəbəkəbənd, zərgərlik, metal, ağac, keramika və başqa nümunələr yer alıb.
Naxçıvan sənətkarlarından Akif Həsənovun taxta üzərində oyma üsulu ilə hazırladığı “Sarmaşığ”ı, Oktay Həşimovun “Nərd”i və “Mücrü”sü, Sabir Məmmədovun mis üzərində döymə üsulu ilə hazırladığı “Molla Nəsrəddin”i, Murad Babayevin “Bir millət, iki dövlət” əsəri sərgiyə gələnlərin böyük marağına səbəb olub.
Parisdə keçirilən sərgidə Naxçıvanda yaşayan xalçaçı sənətkarlardan Azadə Məmmədovanın “Kənarə xalça”sı, Yasəmən Alıverdiyevanın və Zərnigar Cəfərovanın “Göllü xalça” adlı iki əsəri xalça sənətini sevənlər tərəfindən maraqla qarşılanıb. İsmayıl Babayevin papaqçılıq sənəti nümunəsi olan “Milli papağ”ı da sərgiyə xüsusi çalar gətirən əsərlərdən olub. Ümumilikdə, bu sərgidə 9 həmyerlimizin 12 əsəri nümayiş etdirilib.

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Aşıqlar Birliyi üzvlərinin, Naxçıvan Musiqi Kolleci tələbələrinin, muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin saz sinfi şagirdlərinin birgə konserti olub. Muxtar respublikada aşıq sənətinin təbliğinə, gənc istedadların yaradıcılıq qabiliyyətinin formalaşmasına böyük təkan verən, saz-söz bayramı ab-havasında keçən bu tədbir Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilib.
Konsertdə Naxçıvan Aşıqlar Birliyinin üzvlərindən aşıq Könül Taroyeva, Tural Bağırov, Aydın Cəfərov, Şirin Şirinzadə, Zeynəb Yusifova və başqalarının çıxışları olub. Onlar “Şah sarayı”, “Azaflı gəraylısı”, “Dilqəmi”, “Ağır şərili”, “Gəraylı”, “Yüngül şərili”, “Baş sarıtel” və başqa aşıq havalarını ifa ediblər. Saz-söz ustalarımızı balabanda Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Əli İsmayılov müşayiət edib. Sonra söz aşıq sənətinin davamçılarına verilib. Naxçıvan şəhərində və bölgələrimizdə aşıq sənətinin sirlərinə yiyələnən, gələcəkdə saz-söz ustaları olacaq uşaqlar da ifaların keyfiyyəti baxımından öz sələflərindən geri qalmayıblar. Milli dəyərimiz olan aşıq sənətinin davamçılarından Elvin Sadıqovun, Xumar Əliyevanın, Həsən Həsənlinin, Kənan Həsənlinin, Leyla Kərimovanın, Elnur Həsənovun və digərlərinin ifaları konsertə xüsusi rəng qatıb, mədəni irsimizi yaşadanların hər bir çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xəbərlər şöbəsi

Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə qədər olan dövr ərzində çərşənbələr qeyd olunur. Bu çərşənbələrin hər biri ayrı-ayrılıqda dörd müqəddəs ünsürlə bağlıdır. İkinci çərşənbə sayılan od çərşənbəsi isə odla bağlıdır. Od yerə nəfəs verir, onu isidir, qışda donmuş torpaqların donunu açır. Bu çərşənbədə ilk dəfə tonqal qalayar, məşəllər alışdırar, şamlar yandırarlar. 

Yazın gəlişini ovçuluqla, maldarlıqla, əkinçiliklə məşğul olan bütün soy və qəbilə birləşmələri, xalqlar səbirsizliklə gözləmişlər. Yazı qarşılamaq üçün odun, istinin – Xızırın şərəfinə mərasimlər keçirərdilər. Yaz bayramı və mərasimlərinin azərbaycanlıların gündəlik həyatı, məişəti ilə bağlılığı tədqiqatlar nəticəsində sübut olunmuşdur. Yazla bağlı keçirilən mərasimlərdə odun – istinin gəlişini xalq poetik nümunələrlə gözə çarpdırmışdı:

Ardını oxu...

Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından olan nağıllar əsasında hazırlanmış tamaşalar uşaqların həmişə marağına səbəb olmuşdur.
Bu günlərdə Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Rza­yevin Azərbaycan xalq nağılının motivləri əsasında yazdığı və musiqi tərtibatçısı olduğu “Daşdəmirin nağılı” pyesi əsasında hazır­lanmış tamaşaya ictimai baxış keçirilmişdir. Tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur. Nağıl qəhrəmanlarını səhnədə teatrın balaca aktyorları Murad Hüseynli (Mərdan), Şümşad Rzayev (Eldar), Nurlan Sultanlı (Daşdəmir), Həsrət Abdullayev (Tuncay), Sahil Səfərli (Həsən), Lalə Əliyeva (Nardan) canlandırmışlar. Balaca aktyorların tərəf-müqabilləri isə Azərbaycan Respublikasının əməkdar artisti Elmira Kərimova (Daşdəmirin anası), ak­tyorlar Cəbrayıl Nəbiyev (şah), Tahir İsmayılov (qoşun başçısı Abbas), Anar Eyvazov (vəzir), Vüsal Rzayev (Mirzə Möhsün) nağıl obrazlarının təqdimatında təbiiliyə daha çox diqqət yetirmişlər.

Əli RZAYEV

XX əsr Azərbaycan ədəbiyyatının nəğməkar şairi İslam Səfərlinin anadan olmasının 90 illiyi muxtar respublikamızda geniş qeyd olunmaqdadır. İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 yanvar 2013-cü il tarixli Sərəncamı bir daha bir həqiqəti ortaya qoyur ki, ömrünü və taleyini xalqının xoşbəxt taleyinə bağlayan sənətkarlar heç vaxt unudulmur, yaddan çıxmırlar.
Ömür payı 52 ilə də çatmayan İslam Səfərli yaradıcılığı ilə uzun ömür qazanan xoşbəxt taleli şairdir. Onun təkcə bədii əsərləri deyil, şeirlərinə bəstələnmiş ölməz mahnılar da şair ömrünün davamı kimi yaşayır və yaşayacaqdır. Şairin şeir və poemaları, dram əsərləri, oçerk, novella, libretto və kinossenariləri göstərir ki, o, qələmini müxtəlif janrlarda sınamış və gözəl əsərlər yarada bilmişdir.
İslam Səfərli qədim Naxçıvanı övlad məhəbbəti ilə sevmiş, ona onlarla şeir həsr etmişdir. Şairin “Naxçıvan”, “Xalxal meşəsi”, “Batabat bulağı”, “Qızlar bulağı”, “Badamlı”, “Qız qala, oğlan qala”, “Çex qızının məhəbbəti”, “Qoşa söyüd”, “Ordubad” və sair şeir və poemaları bu torpağın vəsfinə həsr olunmuş mükəmməl yaradıcılıq nümunələridir:

Ardını oxu...

Babək Rayon Mədəniyyət və Turizm Şöbəsində şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə şöbənin müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Aybəniz Babayeva çıxış edərək İslam Səfərlinin zəngin yaradıcılıq yolundan danışmışdır.
Sonra Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırova, Uşaq Kitabxanasının müdiri Təranə Əliyeva və başqaları çıxış edərək şairin yaradıcılığının müxtəlif istiqamətləri haqqında danışmışlar. Bildirilmişdir ki, İslam Səfərlinin müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr etdiyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və sair şeirləri müharibənin onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Dəfinə”, “İnsan ləpiri” poemaları bir-birindən maraqlı, yaddaqalan olmuşdur. Dramaturq kimi də böyük uğurlar qazanan İslam Səfərlinin “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və sair əsərləri müxtəlif vaxtlarda tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

Ardını oxu...

Dünən Naxçıvan şəhərində nəğməkar şair İslam Səfərlinin anadan olmasının 90 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov açaraq bildirmişdir ki, son illərdə ədəbiyyatımızda özünəməxsus yaradıcılıq dəst-xətti olan şair və yazıçılarımızın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, onların irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlər ədəbiyyatımızın inkişafına xidmət edir. Bu mənada cari ilin yanvar ayının 18-də İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən sərəncamın imzalanması bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı hesab edilə bilər.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Musiqişünaslıq və metodika kafedrasının görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayevin 95 illiyinə həsr edilmiş hesabat konserti keçirilmişdir. Hesabat konsertində çıxış edən Musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəm­ova dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılıq yolundan bəhs etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan musiqisinə ümumdünya şöhrəti qazandıran sənətkarlar arasında Qara Qarayev xüsusi yer tutur. Q.Qarayev sənətdə daim yeni axtarışlar sorağında olan bəstəkar kimi şöhrət qazanmışdır. Onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş etdirilmişdir. Bəstəkarın birinci simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında özünəməxsus yer tutur. Kamera orkestri üçün yazdığı üçüncü simfoniya isə Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun”, “Vyetnam süitası” əsərləri Q.Qarayev yaradıcılığının dəyərli bəhrələridir.
İncəsənət fakültəsinin tələbələri Zəhra Nəcəfli, Səmra Əliyeva, Aysel Məsumova, Nuray Bektaşi və Aysel Ələkbərova çıxış edərək Q.Qarayev yaradıcılığının müxtəlif məqamlarından söz açmışlar.
Sonra tələbələrin ifasında bəstəkarın əsərləri səsləndirilmişdir.
Konsert proqramında Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş film, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletindən, simfonik və kino musiqisindən fraqmentlər nümayiş etdirilmişdir.
Sonda universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək yaşadığı dövrün və bugünkü zəmanəmizin bəstəkarı olan Q.Qarayevin 95 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən danışmışdır. Rektor bildirmişdir ki, universitetin İncəsənət fakültəsində istedadlı musiqiçilərin yetişməsi üçün hərtərəfli şərait yaradılmışdır. Belə konsertlərin keçirilməsi gənc ifaçıların gələcək fəaliyyətində çox mühüm rol oynayır.

Xəbərlər şöbəsi

Bu haqda düşünməyə dəyər 

Yazımızın adından göründüyü kimi, ana dilimizin ailədə və məktəbdə necə qorunmasından söhbət açacağıq. Ancaq əsas mövzuya keçməzdən əvvəl onu xüsusilə qeyd etməliyik ki, Azərbaycan dili türk dilləri ailəsində ən möhtəşəmidir. Dilimiz dünyanın ən musiqili dili adlandırılır. Bu isə təsadüfi deyil. Çünki bu dildə sait səslərin çoxluğu onun ahəngdarlığını daha da artırır. Azərbaycan dili həm də lüğət tərkibinə və sintaktik quruluşuna görə zəngin bir dildir. Ümumiyyətlə, Azərbaycan dili statuslu, minillik yaddaş tariximizin bütün incəliklərini ifadə etmək iqtidarında olan, həyatın bütün sahələrinin modullarını özündə əks etdirən, bütün təzyiqlərə müqavimətli, dünya dilləri sırasında bərabərhüquqlu mövqeyə malik zəngin yazılı və şifahi ədəbiyyatı olan dildir. Qobustan və Gəmiqaya təsvirlərində, həmçinin epiqrafik abidələrdə yaşayaraq günümüzə qədər gəlib çıxan, bəzən ərəb, bəzən isə kiril əlifbası ilə ifadə olunan Azərbaycan dilinə ən layiqli qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. 

Bu gün doğma dilimizin gözəlliyindən, məziyyətlərindən və onun saflığının qorunması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlərdən saatlarla danışmaq olar. Bəs biz vətəndaşlar necə, ailədə, məktəbdə dilimizi hansı şəkildə qoruyuruq? Mən sırf muxtar respublikamızın ərazisini nəzərdə tuturam. Birinci, ailədən başlamaq istəyirəm. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi ailələrimiz (onların içərisində ziyalı ailələr də az deyil) nədənsə dilimizin ən qiymətli milli dəyər olduğunu unudaraq onun qorunmasına biganə yanaşırlar. Xüsusilə də bağçayaşlı uşaqlar dilimizi yaxşı mənimsəmirlər. Bu gün hamımız evlərimizdə peyk antenasından istifadə edirik. İndi hansı uşağı danışdırsan, xarici kanalların cizgi filmlərinin qəhrəmanlarının adlarını əzbər deyəcək. Təbii ki, bu, qəbahət deyil. Ancaq əsas məsələ odur ki, uşaqlar xarici kanallara baxdıqca bu kanallardan eşitdikləri sözlərdən nitqlərində istifadə edirlər. Dəfələrlə şahidi olmuşam ki, uşaqlar dilimizdəki bəzi sözlərin yerinə kanallardan eşitdikləri sözləri işlədirlər. Heç yadımdan çıxmaz. Bir dəfə yolda birinci sinif şagirdlərinin söhbətlərinə diqqət etdim. Dovşanlar barədə danışırdılar.

Ardını oxu...

Uşaq kitabxanası cari ildə mədəni-kütləvi tədbirlərin keçirilməsi sahəsində fəaliyyətini gücləndirəcək, oxucu sayının artırılması istiqamətində bir sıra işlər görəcək. Əsas məqsəd böyüməkdə olan nəslin mütaliəyə olan marağının artırılmasıdır.
Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Kamal Axundov bildirib ki, bu mədəniyyət müəssisəsinin əməkdaş­ları bu il məktəblərdə, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində olacaq, uşaqların kitablara və kitabxanalara olan marağını artırmaq məqsədilə yerlərdə kitab müzakirələri və mütaliələri təşkil edəcəklər. Bundan başqa, kitabxananın Duzdağ Fizioterapiya Mərkəzində fəaliyyət göstərən bölməsi burada müalicə alan uşaqların kitablara olan maraq dairəsini öyrənməklə məşğul olacaq və kitab fondunu yeni kitablarla zənginləşdirəcək. Uşaq kitabxanası tərəfindən muxtar respublikada yaşayıb-yaradan şair və yazıçılarla balaca oxucuların görüşləri, “Oxucu söz istəyir” mövzusunda dəyirmi masalar təşkil olunacaq. Yay aylarında məktəblilərin tətil günlərini səmərəli keçirməsi üçün kitabxanada “Tədris düşərgəsi” də təşkil olunacaq, Naxçıvan şəhərinin müxtəlif yerlərində səyyar kitab sərgiləri, bayramları keçiriləcək. Sağlamlıq imkanları məhdud uşaqlar da mütaliəsiz qalmayacaq, kitabxana əməkdaşları tərəfindən uşaq ədəbiyyatı nümunələri balacaların evlərinə yol tapacaq.
Bu il uşaq kitabxanasının kollektivinin xüsusi səylə hazırlaşdığı tədbirlərdən biri də “İlin ən fəal oxucusu” müsabiqəsi olacaq. Müsabiqədə sözügedən kitabxananın ən fəal oxucusu seçiləcək və mükafatlandırılacaqdır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsini keçirir. Müsabiqə iki turdan ibarətdir. Birinci tur yerlərdə zonalar üzrə, ikinci tur Naxçıvan şəhərində olacaqdır. Qaliblər yekun konsertlərini Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində verəcəklər.
Fevralın 27-də müsabiqənin zonalar üzrə birinci turuna ilk dəfə Şərur Şəhər Mədəniyyət Sarayında başlanılmışdır. Müsabiqəyə Şərur və Sədərək rayonlarının 7 uşaq musiqi və incəsənət məktəbi qoşulmuşdur. Otuz beş fərdi və kollektiv ifaçı öz məharətini göstərmiş, xorla oxumuş və müxtəlif musiqi alətlərində ifaları ilə münsiflər heyətinin müsbət rəyini qazanmağa çalışmışlar.
Sonda ikinci tura vəsiqə alan iştirakçılar müəyyən edilmişdir.

 Cəfər ƏLİYEV

Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin (havanın), torpağın isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır. Əski inamlara görə, insana fayda verməyən “ölü” hesab olunurdu. Məhz bu mənada torpağın məhsul verməsini “dayandırması”, onun “donması” insanın ən zəruri həyat nemətlərindən məhrum olması kimi dərk edilirdi. Yığılan azuqə ehtiyatı tükəndikcə insanda torpağı oyatmaq, əkmək, biçmək arzusu artırdı. Torpaq isə birdən-birə “dirilmir”, oyanmır. Onun oyanması üçün su, istilik (od, Günəş) və yel (hava) lazım idi. Elə bu arzu ilə bağlı xalq çox qədimdən həmin dörd ünsürlə əlaqədar özünün zəngin adət-ənənə, etiqad və ayinlərini yaratmışdır. Təzə ilin başlanmasına dörd həftə qalmış bu ayin və etiqadlar icra olunmağa başlanmışdır.

Boz ayın dörd müqəddəs çərşənbəsinin birincisi əzəl çərşənbədir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “su çərşənbəsi”, “sular novruzu”, “gül çərşənbə” adları ilə də tanınır. Mənbələrə görə, əzəl çərşənbədə təzə ilin gəlməsi münasibətilə ən əvvəl su təzələnir; elə buna görə də bu çərşənbə su ilə, suyun təzələnməsi ilə əlaqələndirilir.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə erməni vəhşiliklərindən bəhs edən “Xoca” filmi nümayiş etdirilmişdir. Gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə təşkil edilmiş tədbirdə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrindən, ümumilikdə, 400 nəfərdən çox gənc iştirak etmişdir.
Faktlar əsasında çəkilmiş “Xoca” filmində soyqırımının necə planlaşdırıldığı və bu hadisələrin başvermə səbəblərinin pərdəarxası məqamları ön plana çəkilmişdir. Bakıda və Xocalıda paralel şəkildə baş verən hadisələri özündə əks etdirən və 102 dəqiqə tamaşaçını gərginlik və həyəcan içində saxlayan film tamaşaçılar tərəfindən maraqla izlənmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində keçirilən “Anamın kitabı” ədəbi məclisinin növbəti yığıncağı Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunub. Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar 21 il bundan əvvəl Xocalıda erməni vandalları tərəfindən törədilən qanlı soyqırımının əsrin ən böyük faciəsi olduğunu deyib. Qeyd olunub ki, baş verən soyqırımının dəhşətləri haqqında həqiqətlər nəinki azərbaycanlı müəlliflərin, hətta xarici ölkələrdən olan araşdırmaçı və jurnalistlərin əsərlərində də öz əksini tapıb. Hətta bir çox erməni müəllifləri törədilən bu qanlı hadisələrlə əsərlərində öyünərək bu vəhşiliyə qəhrəmanlıq donu geyindirməyə çalışıblar. Vurğulanıb ki, Xocalı soyqırımı haqqında həqiqətlərin bugünkü və gələcək nəsillərə çatdırılmasında yazıçı və şairlərimizin üzərinə böyük bir vəzifə düşür.
Birlik üzvlərindən Əbülfəz Muxtaroğlu, Dilsuz Dünyamalıyev, Elxan Yurdoğlu və başqaları Xocalı faciəsinə həsr etdikləri şeirləri oxuyub, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi haqqında fikirlərini bölüşüblər.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində bu təhsil ocağının müəllim və şagirdləri ilə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı üzvlərinin görüşü keçirilib. Görüşün təşkilində məqsəd muxtar respublikada yaşayıb- yaradan bəstəkarlar və onların yaradıcılığı ilə Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllim və şagirdlərinin tanış olması idi.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirib ki, muxtar respublikada uşaq musiqi və bədii sənətkarlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müasir binalar tikilərək istifadəyə verilir. Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin yeni binasının istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Qeyd olunub ki, bu gün muxtar respublikada musiqi məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki və kadr potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Aparılan quruculuq işləri uşaq musiqi məktəblərini də əhatə edib, son illərdə 20-yə yaxın musiqi məktəbi üçün bina inşa olunaraq və ya əsaslı yenidən qurularaq istifadəyə verilib. Bütün bunlar onu göstərir ki, Naxçıvanda musiqi sənətinin inkişafı üçün böyük potensial var və bu potensialdan səmərəli istifadə edilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə 26 fevral Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş muxtar respublika ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəsm müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən müsabiqəyə 13 rəsm işi təqdim olunub. Müsabiqə başlanmazdan əvvəl Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Naxçıvan Özəl Universitetinin prorektoru Əli Yusifov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Naxçıvan Dövlət Universitetinin tələbəsi Xanım Ləzgiyevanın rəsm işi birinci yerlə qiymətləndirilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Kamal Hüseynli ikinci, Naxçıvan Özəl Universitetinin tələbəsi Müseyib Bayramov isə üçüncü yerlərə layiq görülüblər.
Fəxri yerləri tutanlara və fərqlənən iştirakçılara təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Böyük demokrat yazıçı, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 144-cü ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti və tələbəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli yazıçı-publisist, böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki abidələrini və “Ana dili” abidəsini ziyarət etmişlər. Mirzə Cəlilin abidəsi önündə universitetin rektoru, akademik İsa Həbibbəyli görkəmli ədibin anadan olmasının ildönümünün universitet tərəfindən ənənəvi olaraq hər il qeyd edildiyini bildirərək onun həyat və fəaliyyəti, nəsr, dramaturgiya yaradıcılığı, bədii publisistikası haqqında ətraflı məlumat vermiş, tələbələrin ifasında ustad Mirzə Cəlilin publisistikasından nümunələr səsləndirilmişdir.
Tədbir Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində davam etdirilmişdir. Akademik İsa Həbibbəyli böyük mütəfəkkirin yaşadığı və fəaliyyət göstərdiyi ictimai-siyasi mühit, nəsil şəcərəsi, başçılıq etdiyi mollanəsrəddinçi ədəbi məktəbi ilə bağlı geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki, “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Danabaş kəndinin əhvalatları” kimi məşhur dram və nəsr əsərlərinin, maraqlı hekayələrin müəllifi, Şərqdə satirik publisistikanın banisi olan böyük ədib, vətənpərvər ziyalı Cəlil Məmmədquluzadənin yaradıcılığının əsas qayəsini təşkil edən Azərbaycançılıq ideologiyası, milli tərəqqi və dirçəliş, milli azadlıq və həmrəylik bugünkü demokratik və inkişaf etmiş müstəqil Azərbaycanda təcəssum etməkdədir.

Ardını oxu...

Yaradıcılığı bütün dövrlər üçün aktual olan Cəlil Məmmədquluzadə mürəkkəb və kəşməkəşli bir ömür yolu keçmişdir. Həm yaradıcılığı, həm də ömür yolu haqqında çoxlu nəsr əsərlərinin yazılması, tamaşalarının hazırlanması Mirzə Cəlil şəxsiyyətinə və yaradıcılığına ehtiramın ifadəsidir. 

Akademik Məmməd Cəfər Cəfərovun “İnsanlar və talelər” kinodramı Mirzə Cəlil haqqında yazılmış əsərlər içərisində özünəməxsus yer tutur. Bununla bağlı akademik İsa Həbibbəyli yazır: “Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun görkəmli bir tədqiqatçı kimi Cəlil Məmmədquluzadənin kəşməkəşli həyat yoluna, məşəqqətli taleyinə, zəngin bədii irsinə, bütövlükdə XX əsrin əvvəllərinin ədəbi-ictimai fikrinin incəliklərinə dərindən bələd olması “İnsanlar və talelər” kinodramının uğurlu alınmasını təmin etmişdir. Məmməd Cəfər Cəfərovun bir neçə dildə çap olunmuş “Cəlil Məmmədquluzadə” əsəri XX əsrin çox dəyərli Mirzəcəlilşünaslıq nümunəsidir. Böyük Mirzə Cəlil də daxil olmaqla “İnsanlar və talelər” kinodramında haqqında bəhs edilən ədəbi-tarixi və siyasi şəxsiyyətlərin əksəriyyətini həyatda şəxsən görüb tanıması, hətta onlardan bəziləri ilə ünsiyyətdə olması da əsərin canlı və təsirli olmasına səbəb olmuşdur. Beləliklə, ədəbiyyatımızda Cəlil Məmmədquluzadə – “Molla Nəsrəddin” mövzusunda yenitipli və müvəffəqiyyətli bir əsər meydana çıxmışdır... “İnsanlar və talelər” əsəri Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə mövzusunda yazılmış ilk kinodramdır. Bu, ədəbiyyatımızda kinodram janrında yazılmış orijinal və qiymətli sənət əsəridir. Kinodram janrının prinsiplərinə uyğun olaraq, əsərdə dramatik vasitələrlə ssenarivari əlamətlərin üzvi sintezinə nail olunmuşdur”.

Ardını oxu...

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova bu günün tarixindən danışaraq bildirmişdir ki, YUNESKO-nun 1999-cu ildə qəbul etdiyi qərara əsasən, hər il fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
Bildirilmişdir ki, tarixin ayrı-ayrı dövrlərində Azərbaycan dili dövlət dili kimi işlənmiş, geniş məkanda ünsiyyət vasitəsinə çevrilmişdir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə, milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Azərbaycan dili öz ifadə imkanlarının zənginliyi, səs tərkibinin səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir.

Ardını oxu...

21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri E.Sultanov adına Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Aygün Hüseyn­ova Beynəlxalq Ana Dili Günü ərəfəsində söz adamları ilə şagirdlər arasında keçirilən belə bir görüşün mühüm əhəmiyyət daşıdığını, bunun şagirdlərin dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərəcəyini deyib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar 21 fevral – Beynəlxalq Ana Dili Gününün tarixi haqqında danışıb.

Bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Azərbaycan dilinin keçdiyi tarixi inkişaf mərhələsindən danışan Asim Yadigar doğma dilimizdə yaranan ədəbi əsərlərin axıcılığının, təbiiliyinin və bədiiliyinin dilimizin zənginliyindən xəbər verdiyini xüsusi vurğulayıb. 

Ardını oxu...

Xalq artisti Kamran Quliyev: Teatr elə bir sahədir ki, o, əsrlərdən bəri bütün dünyada insanın düşüncəsinin formalaşmasında və inkişafında mühüm rol oynamışdır

Naxçıvan teatrının yaradılmasından 130 il ötür. Bu illər teatr tariximizdə necə yaşayır? Sənət məbədi özünün 130 yaşını hansı uğurlarla qeyd edəcək? Bu və bu kimi suallarla Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Kamran Quliyevə müraciət etdik.
– Kamran müəllim, son illər Naxçıvan teatrı hərtərəfli dövlət qayğısı əhatəsindədir. Aktyorların fəxri adlarla təltif edilməsi, teatrın yerləşdiyi binanın əsaslı şəkildə yenidən qurularaq iş şəraitinin yüksəldilməsi – bütün bunlar yaradıcılıq imkanlarının genişlənməsinə, tamaşaçı cəlbinə necə təsir göstərib?

– Teatr elə bir sahədir ki, o, daim qayğı ilə əhatə olunmalıdır. Çünki görülən işə qiymət veriləndə sənətkarların da yaratmaq eşqi, həvəsi daha da yüksəlir. Sevindirici haldır ki, Naxçıvan teatrı yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Hazırda teatrda Xalq artistləri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri, Əməkdar rəssamlar, Xalq rəssamı, Əməkdar mədəniyyət işçiləri çalışırlar. Müxtəlif illərdə teatrın yaradıcı əməkdaşları Prezident mükafatları ilə təltif olunublar. Hazırda teatrda iki Prezident təqaüdçüsü var. Bütün bunlar, sözsüz ki, aktyorlara, teatrın yaradıcı kollektivinə göstərilən dövlət qayğısının bariz nümunələridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı keçirilən tədbiri birliyin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva açıb. Bildirib ki, Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək bu faciə bizim XX əsrdə yaşadığımız ən böyük faciələrdəndir. Faciə törədilən zaman Xocalı yenə də qəhrəmanlıq göstərib, əli silah tutan Xocalı sakinləri son ana qədər şəhəri bacardıqları qədər müdafiə ediblər.

Ardını oxu...

İslam Səfərli poetik duyumu ruhu oxşayan bir sənətkar, təmiz mənəviyyatı, saf duyğuları, ülviyyəti insanlara və insanlığa məlhəm bilən unudulmaz bir nəğməkardır. Bütün yaradıcılığı boyu ürəyinin səsinə qulaq asmış, başqalarını da bu səsin diqtəsinə arxalanmağa çağırmışdır. Ürəklə yaşamaq, ürəklə yaratmaq, ürəklə sevmək, gözəlliyi, yaxşı əməlləri, xeyirxahlığı ürəyinin odunda isitmək şair İslamı da, insan İslamı da xarakterizə edən başlıca mənəvi keyfiyyət idi.
Şairin yaradıcılığına nüfuz etdikcə hiss edirsən ki, o, gözəlliyin, gözəl olanın aşiqidir, ülviyyətin, təmizliyin, müqəddəsliyin vurğunudur. Və bununla da, şair sanki mənəvi olanı, əxlaqiliyi, tərbiyəviliyi gözəllik timsalı ilə qəlbə və idraka hopdurmağa çalışır. Görünür, şair ”Bəşəriyyəti gözəllik xilas edəcəkdir” estetik idealına daha üstün münasibət bəsləmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasından bir il ötür. Orkestr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 10 yanvar tarixli Sərəncamı ilə yaradılmışdır.
Ötən bir il ərzində Estrada Orkestrinə gənc ifaçılar cəlb olunmuş, kollektivə geyim dəstləri, musiqi alətləri verilmişdir. Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin ilk çıxışı keçən il fevralın 3-də Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının açılış mərasimində olmuşdur. O zaman orkestrin ifaçıları Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnılarını məharətlə ifa etmişdilər.

Ardını oxu...

A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasında “Heydər Əliyev ili”nə həsr olunmuş “Əbədiyaşar lider” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Kompozisiyanın təqdimatından əvvəl kitabxananın direktor müavini Gülnaz Tağıyeva çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar 2013-cü il muxtar respublikada “Heydər Əliyev ili” elan edilmişdir. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev daim uşaqlara qayğı göstərmiş, onların təhsili ilə maraqlanmışdır.
Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Validə Əliyeva “Zamana sığmayan dahi” mövzusunda çıxış edərək Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, ulu öndərin ölkəmizə rəhbərliyinin bütün dövrlərində milli-mənəvi dəyərlər əsasında tərbiyə olunan gənc nəslin formalaşması naminə uzaqgörən tədbirlər həyata keçirilmişdir.
Tədbirin bədii hissəsində Heydər Əliyev adına tam orta məktəbin və 15 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Əbədiyaşar lider” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxmışlar.

Dilrubə NOVRUZOVA

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində Naxçıvan Aşıqlar Birliyinin fəaliyyəti ilə əlaqədar tədbir təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov qeyd etmişdir ki, mədəniyyət müəssisələri xalq yaradıcılığı, xüsusən aşıq sənətinin təbliği ilə bağlı öz işlərini qurarkən yaradıcılıq təşkilatları ilə əlaqəli fəaliyyət göstərməlidirlər. Yaradıcılıq təşkilatları ilə birlikdə tədbirlər keçirməklə bu əlaqələri canlandırmaq işimizdə başlıca yer tutmalıdır. Naxçıvan Aşıqlar Birliyi konsertlər təşkil edərkən muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində saz ixtisası üzrə təhsil alan istedadlı şagirdlərin qüvvəsindən də istifadə edilməlidir. Hazırda muxtar respublikanın musiqi məktəblərində 62 nəfər saz ixtisası üzrə təhsil alır. Bundan başqa, nazirliyin Elmi-Metodik Mərkəzi tərəfindən ötən il yaradılan “Ozan” yaradıcılıq studiyasına 15 nəfər yeniyetmə qız cəlb olunmuşdur. Mərkəzin nəzdində fəaliyyət göstərən “Sazçı qızlar” ansamblı da aşıq sənətinin təbliği üçün fəaliyyətini gücləndirməlidir.

Ardını oxu...

Bu il şair-dramaturq və publisist İslam Səfərlinin anadan olmasının 90 illiyi tamam olur. Bu münasibətlə Babək rayonunda da tədbirlər keçirilir. Belə tədbirlərdən biri Babək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə şairin anadan olduğu kənddə keçirilmişdir.
Şəkərabad kənd tam orta məktəbində keçirilən tədbiri Babək Rayon Təhsil Şöbəsinin metodisti Seymur Xudanov açaraq vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi ilə bağlı 18 yanvar 2013-cü il tarixli Sərəncamı ədibin yaradıcılığına göstərilən dövlət qayğısının bariz ifadəsidir. Məhz bu sərəncam şair-dramaturqun yaradıcılığının yeni istiqamətdə tədqiqinə, öyrənilməsinə stimul olacaqdır.
Şəkərabad kənd tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Sədaqət Mahmudov “İslam Səfərlinin Azərbaycan ədəbiyyatında yeri və rolu” mövzusunda məruzə ilə çıxış edərək şairin çoxşaxəli yaradıcılığından danışmışdır. Bildirilmişdir ki, ədibin lirik yaradıcılığında təbii boyalarla təsvir və tərənnüm olunan Naxçıvan təbiəti şeir həvəskarlarında dərin təəssürat yaradır.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Kəngərli İslam Səfərli şeirlərinə bəstələnən mahnılar haqqında danışmışdır.
Sonda məktəbin şagirdlərinin ifasında nəğməkar şairin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilmiş, məktəbin foyesində təşkil edilmiş “İslam Səfərli – 90” adlı sərgiyə baxış olmuşdur.

Xəbərlər şöbəsi

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsində münsiflər heyətinə 34 inşa yazı işi təqdim olunub. Yekun nəticəyə görə, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Rövşanə İsmixanlı birinci, 9 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Xavər Məmmədova ikinci, 10 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rəhimə Əliyeva üçüncü yerləri tutublar.

*     *     *

Şahbuz rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri isə münsiflər heyətinə təqdim olunan 35 inşa yazı işi arasında müəyyən olunub. Müsabiqədə Şahbuz şəhər tam orta məktəbin 10-cu sinif şagirdi Roman Səfərov ən yaxşı nəticəni göstərib. Qızıl Qışlaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Elvin Həziyev ilə Kükü kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Günel Ələkbərova ikinci və üçüncü yerləri bölüşüblər.
Müsabiqələrdə fərqlənən iştirakçılara rayon Gənclər və İdman idarələri ilə Təhsil şöbələrinin diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev – 90” devizi altında kompyuter-bilik müsabiqəsi keçirilib. Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə 32 şagird biliyini sınayıb. Müsabiqədə Sədərək kəndindəki 1 nömrəli tam orta məktəbin şagirdi Əmrah Nəbizadə ən yüksək nəticəni göstərib.
Həmin məktəbin VIII və X sinif şagirdləri Cavid Nadirli və Məhəmməd Hesixanov ikinci və üçüncü yerləri bölüşüblər. Fəxri yerləri tutan şagirdlərə təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr verilib.

Rəfael Bünyadov

Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Şahbuz rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib. Müsabiqədə 23 şagird bədii qiraətini nümayiş etdirib. Münsiflər heyətinin qərarına əsasən, Keçili kənd tam orta məktəbinin IX sinif şagirdi Elnarə Əliyeva müsabiqənin qalibi olub. Qarababa kənd tam orta məktəbinin X sinif şagirdi Aytən Məhərrəmova ikinci, Badamlı qəsəbə tam orta məktəbinin VI sinif şagirdi Eylaz Zeyniyev isə üçüncü yerləri tutublar. Fərqlənən şagirdlərə Şahbuz Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin diplomları təqdim olunub.

Rəfael Bünyadov

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində İslam Səfərlinin anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib. “Poeziyamızın nəğməkar şairi” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova İslam Səfərlinin həyat və yaradıcılığından danışıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar “İslam Səfərli yaradıcılığında Naxçıvan”, Azərbaycan Teatr Xadimləri və Rəssamlar ittifaqlarının üzvü Əli Səfərli “İslam Səfərli haqqında xatirələr” mövzularında çıxış ediblər.
Qeyd olunub ki, İslam Səfərli 12 fevral 1923-cü ildə Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibə mövzusundakı şeir və poemalarında həmvətənlərimizin alman faşizminə qarşı mübarizədə göstərdiyi şücaəti təsirli poetik lövhələrlə təsvir edib. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcında”, “Xeyir və şər”, “Dədəgünəş əfsanəsi” və sair əsərləri müxtəlif vaxtlarda tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb. Oçerk, novella, libretto və kino­ssenari müəllifi kimi də tanınan İslam Səfərli məşhur sənətkarların əsərlərindən uğurlu tərcümələr edib, onun şeirlərinə bəstələnmiş mahnılar dillər əzbəri olub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin tələbələri və Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbin şagirdləri İslam Səfərlinin şeirlərini səsləndiriblər.
Sonra tədbir iştirakçıları muzeydə yaradılmış “İslam Səfərli – 90” adlı sərgiyə baxıblar.

Elnur KƏLBİZADƏ

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində klub, kitabxana və mədəni-maarif işçilərinin iştirakı ilə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirmişdir ki, 4 fevral 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə klub və kitabxanaların, mədəni-maarif müəssisələrinin işində olan nöqsanlardan da danışılmışdır. Müşavirədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və işdə olan nöqsanların aradan qaldırılması bu gün əsas vəzifələrdən biridir.

Ardını oxu...

Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır. Bu baxımdan muxtar respublikamızda kitabxana işini tənzimləmək, onların fəaliyyətini müasir tələblər səviyyəsinə çatdırmaq, ədəbiyyatın geniş təbliğini və bu sahədə xidmət işini genişləndirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biri də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası binasının yenidən qurulması və burada Elektron kitabxananın yaradılmasıdır. Kitabxananın fəaliyyəti barədə oxucularımıza geniş məlumat vermək üçün kitabxananın direktoru Aytəkin Qəhrəmanovaya müraciət etdik:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair-dramaturq və publisist İslam Səfərlinin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov nəğməkar şairin ədəbiyyat tariximizdəki xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, İslam Səfərlinin Naxçıvan torpağına həsr etdiyi “Batabat bulağı”, “Xalxal meşəsi”, “Qızlar bulağı”, “Gəlin daş” və başqa şeirlərində qədim yurdumuz vətənpərvərliklə vəsf olunur. Şairin qədim diyarımızın tanınmış insanlarına həsr etdiyi şeir və poemalar da vətəndaşlıq mövqeyi ilə seçilir.

Ardını oxu...

Babək Rayon Mədəniyyət və Turizm Şöbəsində “Kitabxanalara oxucu cəlbinin yeni metod və vasitələrinin tətbiq edilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə şöbənin müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Aybəniz Babayeva çıxış edərək qeyd etmişdir ki, ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları bu sahənin tərəq-qisinə stimul vermişdir. İnfоrmasiya əsri adlandırılan ХХI əsr əsas məlumat mənbəyi olan kitabхanaların qarşısında yеni vəzifələr qоyur. Müasir kitabxanaçılar tələbi günbəgün artan охucuların yeni məlumatlar almaları məqsədilə onların dünya infоrmasiya məkanına daхil оlmaları, intеllеktual pоtеnsialdan оpеrativ istifadə еtmələri üçün geniş imkanlar yaratmalıdırlar. Milli-mədəni irsin və informasiya ehtiyatlarının qorunması, gələcək nəsillərə çatdırılması, kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi, kitab fondlarının yeni tələbata uyğun olaraq formalaşdırılması kitabxanaçıdan bilikli və peşəkar olmağı, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi tələb edir. Kütləvi tədbirlərin, səyyar sərgilərin, seminar və konfransların, kitab təqdimatlarının, yazıçı və elm adamları ilə görüşlərin, onların yubileylərinin keçirilməsinin oxuculara xidmət işinin səviyyəsinin yüksəldilməsində, ədəbiyyatın təbliğində mühüm rol oynadığını bildirən Aybəniz Babayeva vurğulamışdır ki, hər bir kütləvi tədbir oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır, onları həmin mövzularda gedən müzakirələrin iştirakçısına çevirir, bununla bağlı mövcud ədəbiyyatla tanış edir. Əsas məqsəd kitabxana xidmətinin səmərəliliyini və keyfiyyətini yüksəltmək, kitabxanalara oxucu cəlb etməkdən ibarətdir.
Sonra rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva çıxış edərək muxtar respublikamızda mədəniyyətə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, digər sahələrlə yanaşı, mədəniyyətin inkişafı da hərtərəfli qayğı ilə əhatə olunmuş, bu qayğının ifadəsi olaraq quruculuq tədbirlərinin böyük bir qismini mədəniyyət obyektləri əhatə etmişdir. Muxtar respublikamızda kitabxanaların fəaliyyətini müasir tələblər səviyyəsinə çatdırmaq, bu sahədə xidmət işini genişləndirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Bütün bunlar isə xalqımızın zəngin mədəni irsini qoruyub saxlamaq məqsədi daşıyır.
Tədbirdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırova, Şıxmahmud kənd kitabxanasının direktoru Tamella Məmmədova, oxucu Şəfəq Zeynalova və başqaları çıxış etmişlər.

Xəbərlər şöbəsi

İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən, yubileyin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, şair-dramaturqun əsərləri teatrlarda səhnələşdiriləcək.
Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu məqsədlə İslam Səfərlinin “Göz həkimi” pyesini repertuara daxil edərək tamaşanın məşqlərinə başlamışdır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Rövşən Hüseynov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevdir.
Məlumat üçün qeyd edək ki, tamaşada Həsən ağa obrazını Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haqverdiyev, Şahbazovu Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynov, Raufu Elnur Rzayev və Nəsimi Məmmədzadə, Nina Nikolayevnanı Nazlı Hüseynquliyeva, İradə obrazını Zəminə Baxşəliyeva, Nərminəni Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Günay Qurbanova, Doktor Talıbovu Rəhman Dünyamalıyev və Səyyad Məmmədov, Güləri Nurbəniz Niftəliyeva, Əmir əmini Zakir Fətəliyev, Usta Fərəc obrazını Azərbaycan Respublikasının əməkdar artisti Yusif Abdullayev canlandıracaqlar. Hazırda tamaşanın məşqləri aparılır. Teatrın direktoru, Xalq artisti Kamran Quliyevin verdiyi məlumata görə, tamaşa mart ayının əvvəllərində teatrsevərlərə təqdim olunacaq.

Əzəmət HƏSƏNOV

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində nəğməkar şair, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən sayılan İslam Səfərlinin anadan olmasının 90 illiyinə həsr olunmuş ədəbi konfrans keçirilib. Konfransda muxtar respublikamızda yaşayıb-yaradan şair və yazıçılarla yanaşı, ədəbiyyatşünaslar, ədəbi tənqidçilər də iştirak ediblər.
Ədəbi konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar İslam Səfərlinin zəngin yaradıcılıq yolundan danışıb. Qeyd edib ki, son illərdə ədəbiyyatımızda özünə­məxsus yaradıcılıq dəst-xətti olan şair və yazıçılarımızın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, onların irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlər ədəbiyyatımızın inkişafına xidmət edir. Bu mənada bu il yanvar ayının 18-də İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən sərəncamın imzalanması bu istiqamətdə görülən işlərin davamı hesab edilə bilər.

Ardını oxu...

Qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan tarixi abidələrlə zəngin bir diyardır. Son illər muxtar respublikamızda tarixi abidələrin tədqiqi və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, müxtəlif mövzularda beynəlxalq simpozium və konfranslar təşkil olunmuş, 1000-ə yaxın kitab, monoqrafiya, dərslik və elmi məqalələr hazırlanaraq nəşr edilmiş, dünya və ölkə əhəmiyyətli 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır.
Muxtar respublikamızda milli-mədəni sərvətimiz olan və xalqımızın tarixi keçmişini özündə yaşadan bu abidələrin bərpası və qorunması ilə yanaşı, onların öyrənilməsi, təbliği və beynəlxalq səviyyədə tanıdılması sahəsində də ardıcıl iş aparılır.
Bu günlərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Azərbaycanın Polşa Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı ilə muxtar respublika ərazisindəki tarixi abidələrin xatirə medalları hazırlanmışdır. Medallarda “Möminə xatın”, “Yusif Küseyir oğlu”, “Qarabağlar”, “Nuh Peyğəmbər” və “Hüseyn Cavid” türbələrinin təsvirləri əks olunmuşdur.
Qiymətli metallardan nəfis tərtibatla hazırlanmış xatirə medallarının mərkəzində tarixi abidələrin qabarıq eskizi yerləşdirilib. Eskizin altında abidələrin Azərbaycan və ingilis dillərində adları, eləcə də hansı əsrə aid olduqları yazılıb. Medalların arxa üzündə Azərbaycan Respublikasının xəritəsi həkk olunub.
Xatirə medallarının ilk nümunələri Naxçıvanşünaslıq Mərkəzinə hədiyyə edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yaradılması haqqında” 2010-cu il 19 aprel tarixli Sərəncamı  istedadlı uşaqların yaradıcılıq potensialından daha səmərəli istifadə olunmasında mühüm addım olmuşdur. 80-ə yaxın üzvü olan filarmoniyanın əsaslı fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Filarmoniyaya musiqi alətləri, xüsusi geyim dəstləri verilmiş, musiqi qabiliyyəti olan uşaqlar buraya cəlb edilmişlər. 

Yaradılan şərait isə ilk uğurlara stimul olmuşdur. Belə ki, filarmoniyanın 2011-ci il iyun ayının 1-də Heydər Əliyev Sarayında Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş bayram tədbirindəki ilk konserti böyük rəğbətlə qarşılanmışdır. Yeniyetmə musiqiçilər muxtar respublika səviyyəli digər tədbirlərə də qatılırlar. Naxçıvan Dövlət Uşaq Filarmoniyası dövlətin qayğısını daim üzərində hiss edir. Filarmoniyanın getdikcə artan uğurlu çıxışlarının təməlində məhz bu amil dayanır.
Hazırda filarmoniyada xalq çalğı alətləri və kamera orkestrləri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir. 40 nəfərə yaxın üzvü olan xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru Həsən Seyidovdur. Solistlərdən Fərid Babayev və Əsmər İbrahimbəyli Süleyman Ələsgərovun “Tarantella“ əsərini ustalıqla ifa edirlər. Tofiq Quliyevin “Vals”, M.Maqomayevin “Şah İsmayıl” operasından “Müqəddimə” və başqa əsərlər orkestrin repertuarına salınmışdır. Orkestr yeni əsərlər üzərində işləyir. R.Hacıyevin “Azərbaycan”, Ü.Hacıbəylinin “Ey Vətən”, R.Mirişlinin “Doğma diyarım” və “Naxçıvan süitası” əsərləri repertuara daxil olunmuşdur.

Ardını oxu...

Uzunmüddətli araşdırmalar sübut edir ki, payızın son ayları və qış daha çox toy-düyün, müxtəlif mərasimlərin, bayram və şənliklərin keçirildiyi dövr kimi səciyyələnir. Bu bir tərəfdən çöl-tarla işlərinin bitməsi, insanların sərbəstləşməsi, digər tərəfdən təbii proseslər, təqvim adətləri ilə bağlıdır. Xalq qışın gəlişini bayram edir. Qışın ilk gecəsində “Çillə gecəsi”, “Çillə bayramı” adlı mərasim keçirilir.
Naxçıvan ərazisinin bir sıra kənd­lərində və Naxçıvan şəhərində fevral ayında, yəni “qışın oğlan çağında”, “kiçik çillə tüğyan edən” vaxt “Xıdır Nəbi” adı ilə bilinən mərasim çox təntənə ilə qeyd edilir. Toplanmış etno­qrafik materiallara əsaslanaraq demək olar ki, bayram Xızır peyğəmbərin şərəfinə qeyd olunur. Lakin maraqlı cəhət bundan ibarətdir ki, bayram nəyə görə məhz fevralda, qışın ən sərt vaxtı keçirilir?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tanınmış şair, dramaturq və publisist İslam Səfərlinin 90 illik yubileyinin Naxçıvanda geniş şəkildə qeyd olunması ilə əlaqədar 18 yanvar 2013-cü il tarixdə imzaladığı Sərəncama əsasən, AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq İslam Səfərlinin çoxşaxəli yaradıcılığından, eyni zamanda muxtar respublikada müxtəlif vəzifələrdə məsuliyyətlə çalışmasından və əsərləri ilə ictimaiyyətin rəğbətini qazanmasından danışıb. Akademik şair-dramaturq İslam Səfərlinin Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərindən bəhs edərək bildirib ki, cəmi 51 il ömür sürən şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb. Qeyd olunub ki, İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi, həmçinin rus və türkdilli klassiklərin əsərlərindən etdiyi tərcümələrlə də tanınıb.

Ardını oxu...

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi ilə əlaqədar oxucu konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə kitabxananın direktoru Kamal Axundov açmışdır.
Sonra kitabxananın əməkdaş­larından Kəmalə Ağayeva, Naibə Abbas­ova, Nazilə Quliyeva şairin həyat və yaradıcılığından danışmışlar. Qeyd olunmuşdur ki, Naxçıvanda dünyaya göz açan, bu zəngin yurdun minilliklərdən soraq verən möhtəşəm abidələrilə qəlbi isinən, Araz çayının məlul-məlul axan sularını ana laylası kimi qəbul edən şair ruhən, qəlbən bu torpağa bağlı sənətkar idi. Dünya şöhrətli alim Nəsirəddin Tusinin nəslindən olan şair minillik poeziyamızın milli ruhlu, milli təfəkkürlü, milli əqidəli şairlərdən idi. Onun müxtəlif mövzularda qələmə aldığı əsərlərinin mayasında Azərbaycanın gözəlliklərinin vəsfi durur. Buna görə İslam Səfərli həm də nəğməkar şair kimi tanınmışdır.
Tədbirdə Naxçıvan şəhərindəki 4, 6, 15 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərin şagirdləri şairin şeirlərindən nümunələri bədii qiraət etmişlər.
Sonda kitabxananın foyesində təşkil olunmuş “İslam Səfərli – 90” adlı sərgiyə baxış olmuşdur.

Dilrubə NOVRUZOVA

Əylis tarixi türk torpağıdır. Əylis toponimindən bəhs edərkən filologiya elmləri doktoru Adil Bağırov yazır: “Ordubad rayonunda Aşağı Əylis və Yuxarı Əylis adlı iki kənd vardır. Bu adlar 1590-cı ildə Əylis və Səhrayi-Əylis kəndi, 1727 və 1728-ci illərdə isə Aşağı və Yuxarı Əylis adları ilə qeydə alınmışdır”. Toponimin izahı ilə bağlı bir çox tarixi mənbələrdən iqtibaslar gətirən müəllif “Əylis” sözünün Əl-Leys, Ağ Kilis və Ağ Ulus kimi formalarından bəhs edir və göstərir ki, bütün hallarda bu toponim əski türk dilində izah olunur.
Fikrimizcə, qədim türk yurdu olan bu yaşayış məntəqəsinin bu diyarın aborigen sakinləri olan türklər tərəfindən və türk dilində adlandırılması daha ağlabatandır. Əylisin qədim sakinləri buranı “Ağ Ulus” adlandırmışlar. “Ağ” sözü bu gün də dilimizdə qalan rəng mənasında izah oluna bilər. “Ulus” sözünün isə hələ qədim türk mənbələrində şəhər mənasında işlənməsi hamıya məlumdur. Dəqiqləşdirmə aparmaq üçün AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxon-Yenisey abidələrində toponim və etnonimlər” kitabından aşağıdakı sitata diqqət yetirək: “Uluş termini. Bu leksem ...“İki yıldız nom” abidəsindəki Talas uluş oykonimində işlənmiş, runik abidələrdə isə Bukarak uluş bodun şəklində çıxış etmişdir. Bu coğrafi termin də türklərin böyük bir qismi tərəfindən “şəhər” mənasında işlədilirdi: Balasaqun şəhərinə Kuz uluş deyildiyi kimi”.

Ardını oxu...

General Hüseyn xan Naxçıvanski Qafqaz Canişinliyinə göndərdiyi  məktubda nə yazmışdı?

Göstərdiyi şücaətlərinə görə Qafqazın hərb tarixinin səhifələrinə adı qızıl hərflərlə yazılan məşhur hərbçi Aman xan (Əmanulla)  İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Onun doğum tarixi haqqında məlumat atası tam süvari generalı İsmayıl xanın 1895-ci ildə yazılmış xidmət kitabçasında göstərilmişdir. İsmayıl xanın xidmət kitabçası 1895-ci ildə tərtib olunmuşdur və Rusiya Dövlət Hərbi Tarix Arxivinin 409-cu fondunda saxlanılır. İlk təhsilini ailə mühitində və babası I Ehsan xanın açdırdığı şəhər məktəbində almışdır.

Ardını oxu...

2012-ci ili başa vurduq. Ötən illərdə olduğu kimi, 2012-ci ildə də muxtar respublikamızda bütün sahələrdə inkişaf davam etmişdir. Bəs mədəniyyət sahəsində hansı tədbirlər həyata keçirilmişdir? Təbii ki, 2012-ci ilin ən yaddaqalan hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəridir. Bu səfər zamanı ölkə başçısı bir gün ərzində 10 yeni obyektin açılış mərasimində iştirak etmişdir. Həmin obyektlər sırasında Culfa şəhərində Uşaq Musiqi Məktəbinin, Kəngərli rayonunun mərkəzində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının, Kəngərli Rayon Mədəniyyət Evinin olması mədəniyyətə davamlı qayğının ifadəsi kimi dəyərləndirilməlidir. 2012-ci ildə həmçinin Kəngərli rayonunun Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin, Şərur rayonunun Aşağı Daşarx Kənd Uşaq Musiqi Məktəbinin yeni binaları istifadəyə verilmişdir. Ötən il Şərur rayonunun Dərəkənd, Danyeri, Kərimbəyli, Qorçulu, Kəngərli rayonunun Çalxanqala, Ordubad rayonunun Behrud, Biləv, Parağa,Yuxarı Əylis, Culfa rayonunun Milax, Ləkətağ, Boyəhməd, Sədərək rayonunun Sədərək kəndlərində istifadəyə verilən kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün də yerlər ayrılmışdır.

Ardını oxu...

Zəngin yaradıcılıq irsinə malik olan tanınmış şair İslam Səfərli 1941-1945-ci illər müharibəsinin iştirakçısı kimi  müharibənin bütün dəhşətlərini görmüş və bu, şairin yaradıcılığında, xüsusilə poeziyasında əhatəli şəkildə əks olunmuşdur. Lap yeniyetmə yaşlarından cəbhəyə gedib əvvəllər məşhur 416-cı Taqanroq diviziyasının tərkibində vuruşan, sonralar Şimali Qafqazdan Krıma, Ukraynaya, Baltik ölkələrinədək ağır döyüşlərdə iştirak edən, mahir kəşfiyyatçı kimi böyük şücaətlər göstərən İslam Səfərlinin müharibəyə getdiyi ilk gündən qələbə gününəqədərki hadisələri dolğun şəkildə qələmə alması onun yüksək istedadının, eyni zamanda böyük Vətən sevgisinin təzahürü kimi diqqəti cəlb edir. Şairin həyat yoluna və ədəbi irsinə həsr olunmuş mənbələrdə Naxçıvanın “Sarvanlar” məhəlləsindən cəbhəyə yollanan 13 nəfərdən birinin İslam Səfərli olduğu qeyd edilir. Ancaq şairin müharibə dövrü həyatını əks etdirən ən tutarlı mənbə özünün yaradıcılığı, xüsusilə müharibə  mövzusunda yazdığı şeirləridir.

Ardını oxu...

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Şərur” Ədəbi Birliyinin rəhbəri İbrahim Yusifoğlunun yenicə çapdan çıxmış “Seçilmiş əsərləri”nin “İmza günü” keçirilib. Tədbirdə şairin qələm yoldaşları, ədəbi tənqidçilər, ictimaiyyət nümayəndələri və oxucular iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Naxçıvanda müxtəlif şair və yazıçıların çapdan çıxan kitablarının imza günlərinin keçirilməsi ənənəsinin formalaşmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, imza günlərinin keçirilməsi ədəbi mühitin formalaşmasına, şair və yazıçılar arasında əlaqələrin daha da güclənməsinə təkan verməklə yanaşı, yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edə bilər. Şair İbrahim Yusifoğlunun yenicə çapdan çıxmış “Seçilmiş əsərləri”nin ikinci cildində toplanmış şeirlərin ədəbi məziyyətlərindən danışan Yazıçılar Birliyinin sədri bu cilddə toplanan əsərlərin uşaq şeirlərindən ibarət olmasının təqdirəlayiq olduğunu deyib.
“İmza günü”ndə şairin qələm yoldaşları və ictimaiyyət nümayəndələrindən Həsənəli Eyvazlı, İlyas Fərəməzoğlu, Əbülfəz Muxtaroğlu, Vəli Qaraxan, Elxan Yurdoğlu, Elnur Kəlbizadə, Sona Yaqub, Nazlı Hacılı və başqaları çıxış edərək İbrahim Yusifoğlu yaradıcılığının özünəməxsusluğundan danışıblar. O da qeyd olunub ki, “Seçilmiş əsərləri”n ikinci cildində toplanan şeirlər son dövrlərdə uşaqlar üçün yazılmış ən dəyərli ədəbi nümunələr hesab edilə bilər.
Müəllif “İmza günü”ndə iştirak edən bütün qələm dostlarına və ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.
Qeyd edək ki, İbrahim Yusif­oğlunun “Seçilmiş əsərləri”nin birinci cildi 2011, ikinci cildi isə 2012-ci ilin sonlarında çapdan çıxıb. 22-dən çox kitabın müəllifi olan İbrahim Yusifoğlunun əsərləri fransız və türk dillərinə tərcümə olunub.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbib­bəyli vətənpərvər, incə poetik ruha malik şairin çoxcəhətli yaradıcılığından, poeziyasının ideya-bədii məziyyətlərindən bəhs etmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tanınmış şair-dramaturq, tərcüməçi və publisist İslam Səfərlinin 90 illik yubileyinin Naxçıvanda geniş şəkildə qeyd olunması ilə əlaqədar 18 yanvar 2013-cü il tarixdə imzaladığı Sərəncam onun ədəbi irsinə yüksək qiymət verməklə yanaşı, İslam Səfərli yaradıcılığının sistemli şəkildə tədqiqi baxımından müasir ədəbiyyatşünaslığın üzərinə mühüm vəzifələr qoyur. Rektor bununla bağlı keçiriləcək müxtəlif səpgili yubiley tədbirləri barədə də məlumat vermişdir.
Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Yavuz Axundlu çıxış edərək şairlə bağlı xatirələrini bölüşmüş, İslam Səfərlinin Azərbaycan poeziyasında özünəməxsus yeri olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, 1941-1945-ci illər müharibəsində iştirak edən şair müharibə mövzulu şeir və poemalarında xalqımızın alman faşizminə qarşı mübarizədə göstərdiyi şücaəti təsirli poetik lövhələrlə təsvir etmişdir. Oçerk, novella, libretto və kinossenari müəllifi kimi də tanınan İslam Səfərlinin uğurlu tərcümələri vardır.
Sonra filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimlinin “İslam Səfərli yaradıcılığında Naxçıvan”, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazovun “İslam Səfərlinin dramaturgiyası”, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalovun “İslam Səfərli yaradıcılığında maarifçilik ideyaları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru İnara Məhərrəmovanın “İslam Səfərlinin şeirlərinə yazılmış mahnılar”, universitetin Elektron Kitabxanasının direktor müavini Röyal Məmiyevin “İslam Səfərli şeirlərinin dil xüsusiyyətləri” mövzusunda məruzələri dinlənilmişdir.
Sonda İslam Səfərlinin şeirləri bədii qiraət olunmuş, sözlərinə yazılmış mahnılar ifa edilmişdir.
Konfransda şairin həyat və yaradıcılığını əks etdirən slaydlar, əsərlərindən ibarət kitab sərgisi nümayiş olunmuşdur.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR