Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair-dramaturq və publisist İslam Səfərlinin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov nəğməkar şairin ədəbiyyat tariximizdəki xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, İslam Səfərlinin Naxçıvan torpağına həsr etdiyi “Batabat bulağı”, “Xalxal meşəsi”, “Qızlar bulağı”, “Gəlin daş” və başqa şeirlərində qədim yurdumuz vətənpərvərliklə vəsf olunur. Şairin qədim diyarımızın tanınmış insanlarına həsr etdiyi şeir və poemalar da vətəndaşlıq mövqeyi ilə seçilir.
İslam Səfərlinin “Göz həkimi”, “Yol ayrıcında”, “Xeyir və şər” və digər pyesləri ölkəmizin müxtəlif teatrlarında, o cümlədən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulmuşdur. Nazir bildirmişdir ki, bu il yubileylə bağlı İslam Səfərlinin “Göz həkimi” pyesi teatrımızda yenidən səhnəyə qoyulacaqdır.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar İslam Səfərlinin həyat və yaradıcılığından danışmışdır. Vurğulanmışdır ki, nəğməkar şairin şeirlərinə bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnmişdir. Bu mahnılar Azərbaycan musiqisinin mahnı janrında klassik nümunələrindən hesab edilir, bu gün də sevilə-sevilə ifa olunur.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının müğənnilərinin ifasında İslam Səfərlinin şeirlərinə bəstəkarlarımızdan Qənbər Hüseynlinin, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Arif Məlikovun, Ramiz Mirişlinin bəstələdikləri “Bakılı qız”, “Bilmədin yar”, “Zərif gülüşlüm”, “Qonaq gəl bizə”, “Buludlar”, “Həkim qız”, “Ağ şanı, qara şanı”, “Nə vaxta qaldı?”, “Dalğalar” mahnıları və şairin şeirlərindən parçalar səsləndirilmişdir.
Əli RZAYEV