M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova bu günün tarixindən danışaraq bildirmişdir ki, YUNESKO-nun 1999-cu ildə qəbul etdiyi qərara əsasən, hər il fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
Bildirilmişdir ki, tarixin ayrı-ayrı dövrlərində Azərbaycan dili dövlət dili kimi işlənmiş, geniş məkanda ünsiyyət vasitəsinə çevrilmişdir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə, milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Azərbaycan dili öz ifadə imkanlarının zənginliyi, səs tərkibinin səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir.
Kitabxananın elmi katibi Günay Kəngərli çıxış edərək Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan söhbət açmış, dilimizin zənginliyindən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin dil siyasətindən danışmış, ulu öndərin dilimizin dövlət dili kimi Azərbaycan Respublikası Konstitusiyasında əks olunması istiqamətində qətiyyətli fəaliyyətindən bəhs etmişdir.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Əliyeva çıxış edərək xalqımızın görkəmli şəxsiyyətlərinin ana dilimizin saflığı və qorunması uğrunda fəaliyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, M.F.Axundzadə, C.Məmmədquluzadə, N.Nərimanov, M.Şahtaxtlı, Ü.Hacıbəyli, B.Vahabzadə və başqaları dilimizin saflığı uğrunda yorulmadan mübarizə aparmış, ədəbi dilin zənginləşməsinə dəyərli töhfələr vermişlər.
Sonra kitabxananın əməkdaşı Mehriban Qulamova ölkə Prezidenti cənab İlham Əliyevin 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətindən danışmışdır.
Tədbirin sonunda Azərbaycan dili ilə bağlı son illər çap edilmiş nəşrlərdən ibarət sərgiyə baxış olmuşdur.
Xəbərlər şöbəsi