Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə 26 fevral Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş muxtar respublika ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəsm müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən müsabiqəyə 13 rəsm işi təqdim olunub. Müsabiqə başlanmazdan əvvəl Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Naxçıvan Özəl Universitetinin prorektoru Əli Yusifov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Naxçıvan Dövlət Universitetinin tələbəsi Xanım Ləzgiyevanın rəsm işi birinci yerlə qiymətləndirilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Kamal Hüseynli ikinci, Naxçıvan Özəl Universitetinin tələbəsi Müseyib Bayramov isə üçüncü yerlərə layiq görülüblər.
Fəxri yerləri tutanlara və fərqlənən iştirakçılara təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr verilib.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti