26 Dekabr 2024, Cümə axşamı

Yaradıcılığı bütün dövrlər üçün aktual olan Cəlil Məmmədquluzadə mürəkkəb və kəşməkəşli bir ömür yolu keçmişdir. Həm yaradıcılığı, həm də ömür yolu haqqında çoxlu nəsr əsərlərinin yazılması, tamaşalarının hazırlanması Mirzə Cəlil şəxsiyyətinə və yaradıcılığına ehtiramın ifadəsidir. 

Akademik Məmməd Cəfər Cəfərovun “İnsanlar və talelər” kinodramı Mirzə Cəlil haqqında yazılmış əsərlər içərisində özünəməxsus yer tutur. Bununla bağlı akademik İsa Həbibbəyli yazır: “Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun görkəmli bir tədqiqatçı kimi Cəlil Məmmədquluzadənin kəşməkəşli həyat yoluna, məşəqqətli taleyinə, zəngin bədii irsinə, bütövlükdə XX əsrin əvvəllərinin ədəbi-ictimai fikrinin incəliklərinə dərindən bələd olması “İnsanlar və talelər” kinodramının uğurlu alınmasını təmin etmişdir. Məmməd Cəfər Cəfərovun bir neçə dildə çap olunmuş “Cəlil Məmmədquluzadə” əsəri XX əsrin çox dəyərli Mirzəcəlilşünaslıq nümunəsidir. Böyük Mirzə Cəlil də daxil olmaqla “İnsanlar və talelər” kinodramında haqqında bəhs edilən ədəbi-tarixi və siyasi şəxsiyyətlərin əksəriyyətini həyatda şəxsən görüb tanıması, hətta onlardan bəziləri ilə ünsiyyətdə olması da əsərin canlı və təsirli olmasına səbəb olmuşdur. Beləliklə, ədəbiyyatımızda Cəlil Məmmədquluzadə – “Molla Nəsrəddin” mövzusunda yenitipli və müvəffəqiyyətli bir əsər meydana çıxmışdır... “İnsanlar və talelər” əsəri Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə mövzusunda yazılmış ilk kinodramdır. Bu, ədəbiyyatımızda kinodram janrında yazılmış orijinal və qiymətli sənət əsəridir. Kinodram janrının prinsiplərinə uyğun olaraq, əsərdə dramatik vasitələrlə ssenarivari əlamətlərin üzvi sintezinə nail olunmuşdur”.

Böyük yazıçı və dramaturqun adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyevin “İnsanlar və talelər” kinodramı əsasında səhnələşdirdiyi “Mirzə Cəlil taleyi” adlı tamaşa dünən sənətsevərlərə təqdim olunmuşdur. 
Səhnə əsərində XX əsrin əvvəllərinin görkəmli simalarının müxtəlifyönümlü fəaliyyəti vahid süjet xətti ətrafında işlənib. Tamaşaçı səhnədə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Əlibəy Hüseynzadə, Firudinbəy Köçərli, Əli Nəzmi, Əliqulu Qəmküsar, Həmidə xanım Məmmədquluzadə və başqa ədəbi-tarixi şəxsiyyətlərin əsas yaradıcılıq idealları, türkçülük və islamçılıq baxışlarına dair fərqli tezisləri ilə tanış olur. Burada ədəbi-mədəni mühitlə yanaşı, ictimai-siyasi gedişatın da ana xəttinə və əsas təmsilçilərinə diqqət yetirmək unu­dulmamışdır. Cəlil Məmmədquluzadənin həyatı, mübarizəsi və yaradıcılığı isə ona həsr olunmuş əsərdə dövrün ən mühüm ideya-siyasi cərəyanlarından söz açmağa şərait yaratmışdır.
Səhnə əsərinin elmi məsləhətçisi, akademik İsa Həbibbəyli, quruluşçu rejissoru Kamran Quliyev, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Mirzə Cəlil rolunda Azərbaycan Respublikasının əməkdar artisti Əli Əliyev, Həmidə xanım rolunda Azərbaycan Respublikasının əməkdar artisti Elmira Kərim­ova, digər rollarda çıxış edənlər – Azərbaycan Respublikasının xalq artistləri Həsən Ağasoy, Rza Xudiyev, Şirzad Abutalıbov, Azərbaycan Respublikasının əməkdar artistləri Bəhruz Haqverdiyev, Xəlil Hüseynov, Vidadi Rəcəbli, aktyorlar Rəhman Dünyamalıyev, Zəminə Baxşəliyeva, Səyyad Məmmədov, Cəbrayıl Nuriyev və başqaları maraqlı bir səhnə əsərinin tamaşaçılara təqdim edilməsinə nail ola bilmişlər.

M.MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR