Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsini keçirir. Müsabiqə iki turdan ibarətdir. Birinci tur yerlərdə zonalar üzrə, ikinci tur Naxçıvan şəhərində olacaqdır. Qaliblər yekun konsertlərini Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində verəcəklər.
Fevralın 27-də müsabiqənin zonalar üzrə birinci turuna ilk dəfə Şərur Şəhər Mədəniyyət Sarayında başlanılmışdır. Müsabiqəyə Şərur və Sədərək rayonlarının 7 uşaq musiqi və incəsənət məktəbi qoşulmuşdur. Otuz beş fərdi və kollektiv ifaçı öz məharətini göstərmiş, xorla oxumuş və müxtəlif musiqi alətlərində ifaları ilə münsiflər heyətinin müsbət rəyini qazanmağa çalışmışlar.
Sonda ikinci tura vəsiqə alan iştirakçılar müəyyən edilmişdir.
Cəfər ƏLİYEV